')

Bu gün:


FutbolPress.Az | “O səviyyədə futbolçular təkcə pulu düşünmür” – “transfer pəncərəsi”nin təhlili

“O səviyyədə futbolçular təkcə pulu düşünmür” – “transfer pəncərəsi”nin təhlili


oxunma sayı: 591 Paylaş:

FutbolPressAzərbaycanda “transfer pəncərəsi” bağlandı. Qış periodunda elə də səs-küylü keçidlər müşahidə edilmədi. Əsasən daxili bazarda aktivlik edən Premyer Liqa klubları ölkə xaricindən çoxlu oyunçu gətirmədi.

“Transfer pəncərəsi”nin ümumi panoramı ilə bağlı bu sahənin mütəxəssisləri – menecerlərin fikirlərini öyrəndik.

Vaqif Heydərli qış fasiləsinin bir qədər durğun keçməsini maddi amillərlə əlaqələndirdi:

“Yeni transferlərin az olması gözlənilən idi. Əsas səbəb odu ki, klublarda əvvəlki illərlə müqayisədə maddi cəhətdən çətinlik var. Əvvəllər legionerlərə daha yaxşı müqavilələr təklif olunurdu və bu, səviyyəli futbolçuların marağını cəlb edirdi. İndi isə məbləğlər 2-3-cü dərəcəli Avropa ölkələri ilə müqayisədə o qədər yüksək deyil, hətta deyərdim ki, təxminən eynidi. Ona görə də futbolçular Azərbaycana gəlməkdə maraqlı deyillər. Bundan başqa, qış transfer dönəmi həmişə yaya nisbətən bir qədər susqun olur. Digər tərəfdən klub sayı da azdı. Ona görə proses çox diqqətçəkən olmur”.

Həmsöhbətimiz əcnəbilərin ölkəmizə maraq göstərməməsinin digər səbəblərini belə izah etdi:

“Çempionatın səviyyəsi, azarkeşlərin azlığı, cəmi 8 komandanın olması... – bir çox səbəblər var. Çempionatın ümumi durumuna görə bura gəlməkdə maraqlı olmurlar. Ancaq qeyd etdiyim kimi, əsasən maddi məsələlərə görədi. Bu qış “Qarabağ”dan transferlər gözlənilirdi. Çünki komandanı tərk edən bir neçə futbolçu oldu. Klubun maddi imkanları da kifayət edir ki, səviyyəli oyunçuları gətirə bilsin. Yəqin ki, istədikləri oyunçuları tapa bilməyiblər. Qışda yaxşı futbolçuların çoxunun klubları ilə müqaviləsi olur. Bəlkə də, buna görə tələsmədilər, yayı gözləyirlər. Ümumi götürəndə belə olması normaldı”.

Heydərli klubların transferlər üçün az məbləğ ödəmək istədiyini, ancaq bunun o qədər də uğurlu olmadığını bildirdi:

“Klublar həmişə daha az məbləğ ödəmək istəyir. Ancq ucuz ətin şorbası olmur. Ümumiləşdirsək, 10 ucuz futbolçudan 1-i yaxşı çıxa bilir. Hamı da buna baxır ki, aşağı qiymtə gəlib, deməli, başqa ucuz futbolçuları da gətirib oynatmaq olar. Ancaq belə deyil. Bu, bir klubda, futbolçuda alına bilər, həmişə belə olacaq deyə bir şey yoxdu”.


Elita təmsilçilərinin transfer fəaliyyətini təhlil edən Səbuhi Səfiyarlı “Zirə”nin aktivliyini xüsusi qabartdı:

“Qış perioduna uyğun transfer dönəmi oldu. Aydındı ki, bu zaman çoxlu keçidlər baş tutmur. Klublar daha çox “nöqtə transferləri” etməyə çalışır, hansı mövqelərdə boşluq varsa, ora oyunçu alırlar. Bu qış elə də səs-küylü keçidlər olmadı. Hər komanda çalışdı ki, özünə lazım olan futbolçuları götürsün. Ancaq əvvəllər klublar ulduz futbolçu almaq, gurultulu transferlər etməyə meylli idi. İndi maddi səviyyə aşağı düşüb və xırda keçidlərlə kifayətlənirlər. Yalnız “Qarabağ”ı qeyd etmək olar ki, yüksək ödəniş edə bilir. Bu da elə bir səviyyədi ki, o pula gələn, belə səviyyəyə yüksəlmiş futbolçu təkcə pulu düşünmür, digər şərtləri də nəzərə alır. Onların çoxu yığma üzvü olurlar, fərqli düşüncəyə malikdilər. Həmin futbolçular çempionatın yaxşı olmasına, rəqiblərin kimliyinə, azarkeşlərə və s. baxırlar, ya böyük məbləğə gəlirlər, ya da heç gəlmirlər. “Qarabağ”ın əziyyət çəkməsi buna görə idi.

Transferdə ən aktiv “Zirə “oldu. Demək olar ki, komandanın yarısı dəyişildi. Yaxşı daxili transferlər etdilər. Həm Volkovun “Qəbələ”dən keçidi, həm Ağabalanın “Səbail”dən gətirilməsi komandanın gücünə güc qatdı. Mərkəz müdafiəçisi və mərkəz yarımmüdafiəçisi də aldılar ki, bu da düzgün transferlərdi. Təkcə Yovan Krnetanın qayıdışını uğurlu kimi qeyd etməzdim. Komandada o səviyyədə futbolçular var idi. Belə başa düşdüm ki, bu transfer şəxsi səbəblərə görə baş tutdu. “Nöqtə transfer” dediklərimizə “Qarabağ”, “Qəbələ”, “Neftçi”ni göstərmək olar. Bu klublar daha çox boşluqları doldurdular. “Sumqayıt”ın demək olar ki, yeni oyunçuya ehtiyacı yox idi. Yaxşı futbol oynayırdılar. Buna görə də heç bir yeni oyunçu axtarmadılar. İlk oyunda da göstərdilər ki, həqiqətən ehtiyac yox idi. Amma məsələn, “Zirə”nin var idi, yaydakı legionerlər uğurlu olmamışdı və yeni oyunçular aldılar. Təkcə “Sabah”ın transferləri qarışıq oldu. Düzü, başa düşülmədi ki, transferlər məşqçinin istəyi ilə edildi, yoxsa hansı kriteriyalarla həyata keçirildi. Deviçi götürdülər, Xulyo Sezarı transfer etdilər, əvəzində Ulisseni çıxardılar. Halbuki onların arasında elə də fərq yoxdu. Ekşteyni yolladılar, başqa yarımmüdafiəçi götürdülər... İzah edilməsi çətin transferlərdi. “Sabah”ın qış fəaliyyətinin nəticəsi haqda danışmaq üçün gözləmək lazımdı, digər klublar isə aydındı”.


oxunma sayı: 591 | Paylaş:




?>