')

Bu gün:


FutbolPress.Az | Mirabdulla Abbaasov: “Neftçi”yə qayıdanda qarşıma hər hansı şərt qoyulmayıb” (MÜSAHİBƏ)

Mirabdulla Abbaasov: “Neftçi”yə qayıdanda qarşıma hər hansı şərt qoyulmayıb” (MÜSAHİBƏ)


oxunma sayı: 802 Paylaş:

FutbolPress“Neftçi”nin futbolçusu Mirabdulla Abbasovun “FutbolPress”ə müsahibəsi...

- Bir neçə gündü Antalyadasız. Hazırlıq necə gedir?
- Toplanış yaxşı keçir, hazırlaşırıq. İnanıram ki, mövsümün ikinci yarısının startına qədər ideal forma yığacağıq. Elə “Sumqayıt”la ilk oyundan başlayaraq xallarımızı toplamağı düşünürük.

- Komanda dünən yoxlama matçı keçirdi və böyük hesabla məğlub oldu. Bunun səbəbini nədə görürsən?
- Yorğunluq fonunda keçirilən oyun idi. Hazırda gündə iki dəfə ağır məşqlər edirik. Buna görə də yorğunluq var idi. İndi əsas məqsəd fiziki durumumuzu yüksəltməkdi. Düşünürəm ki, belə oyunlarda hesab əhəmiyyətli deyil. Vacib olan lazımı qədər yüklənməkdi. Qarşıdakı oyunlara daha hazırlıqlı çıxacağıq.

- Sənin oynamamağın nə ilə bağlı idi?
- Yüngül zədəm var. Hələlik fərdi məşq edirəm. Ancaq demək olar ki, zədəm tam sağalıb. Yaxın günlərdə komandaya qoşulacam.

- İlk yarını “Səbail”də keçirdin. Qayıdışın necə baş verdi?
- Yayda “Səbail”ə gedişimin yalnız bir səbəbi var idi, daha çox oynamaq istəyirdim. İndi isə yenidən doğma komandamda çıxış etmək istəyirəm. Buna görə də qayıtmaq qərarına gəldim.

- “Neftçi”də istədiyin qədər oynayacağına inanırsan? Nəzərə alsaq ki, getməzdən öncə daha çox oynayır, daha çox qol vururdun, nəinki “Səbail”də çıxış etdiyin müddətdə...
- İlk “11-lik”də öz yerimi tapmaq üçün əlimdən gələni edəcəm. Düzdü, “Səbail”də ürəyim istəyən kimi çıxış edə bilmədim, zədə aldım, son matçlarda ümumiyyətlə,meydana çıxmadım. Amma indi forma yığmaq üçün vaxtım var. Təlim-məşq toplanışından sona optimal formada olacağıma inanıram.

- “Səbail”dən ayrılmağında klubdakı maliyyə problemlərinin rolu var idi?
- Xeyr. “Səbail”dən maliyyə məsələlərinə görə ayrılmamışam.

- Gedişin bir az qalmaqallı olmuşdu, qayıdışınla bağlı da söz-söhbətlər gəzir. Ümumiyyətlə, “Neftçi”də hər hansı bir gərginlik varmı? Qayıdanda komandanı necə gördün?
- Son dövrlərdə “Neftçi” ilə bağlı neqativ informasiyalar yayılır. Bu dəfə də məni hədəf seçiblər. Bildirmək istəyirəm ki, peşəkar futbolçu kimi həmişə futboldan kənar həyatıma diqqət etmişəm. Nə gecə həyatı, nə də içki düşkünüyəm. Bura gələndə xüsusi bir şərt olmayıb. Sadəcə, geri qayıtmaqla bağlı istəyimi bildirmişəm və klub rəhbərliyi də sağ olsun ki, bunu müsbət qarşılayıb. İcarəyə gedəndə klubla müqaviləmi yeniləmişdim. Hazırda da həmin müqavilə qüvvədədi. Komandada hər hansı bir problem yoxdu, heç bir gərginlikdən söhbət gedə bilməz. Bütün  diqqətimi məşqlərə yönləndirmişəm. Var gücümlə hazırlaşıram ki, qarşıdakı oyunlarda şans verilənsə, “Neftçi”yə kömək edim, komandamın uğur qazanmasında pay sahibi olum.

- İkinci yarı ilə bağlı düşüncələrin necədi? “Qarabağ”la fərqi aradan qaldırmaq mümkün görünür?
- Fikrimcə, mümkündü. Komandamıza, öz gücümüzə inanıram. Əlimizdən gələni edəcəyik ki, “Neftçi”sevərlərin çoxdandı arzusunda olduğu çempionluq sevincini onlara yaşadaq.

- Getməzdən öncə azarkeşlərin sevdiyi futbolçularından idin. Onlara bir sözün varmı? Əvvəlki Mirabdullanı görə biləcəklər yenidən?
- İnşallah. Bunun üçün əlimdən gələni edəcəm. Həmişə verdikləri dəstəyə görə onlara minnətdar olmuşam. Tək mən yox, bütün komanda azarkeşlərimizi sevindirmək üçün əlindən gələni edəcək.


oxunma sayı: 802 | Paylaş:




?>