')

Bu gün:


FutbolPress.Az | Rövlan Muradov: “Məqsədim yenidən Avropaya getmək və möhkəmlənib orda qalmaqdı” (MÜSAHİBƏ)

Rövlan Muradov: “Məqsədim yenidən Avropaya getmək və möhkəmlənib orda qalmaqdı” (MÜSAHİBƏ)


oxunma sayı: 1203 Paylaş:

FutbolPress“Qəbələ”nin gənc futbolçusu Rövlan Muradovun “FutbolPress”ə müsahibəsi...

- Kubokun ¼ finalında “Sabah”ı hər iki görüşdə məğlub etdiz, ümumilikdə 6 qol vurduz. Bu, o qədər də gözlənilmirdi. Yarımfinala çıxmaq bir qədər asan oldu sanki...
- İlk matçda olduğu kimi cavab oyununda da qələbə qazanmaq istəyirdik. Meydana bunun üçün çıxmışdıq. Qətiyyən arxayınlıq yox idi. “Sabah” ümidini itirməmişdi, bilirdik ki, çətin olacaq. Şükür Allaha, yenə qələbə qazandıq. Nə ilk oyun, nə cavab matçı asan oldu. Sadəcə məşqçimizin verdiyi tapşırıqları yerinə yetirib, istəyimizə çatdıq.

- Son matçda iki qolun ötürməsini etdin. Yəqin ki, öz oyunundan razısan. Mövsümün əvvəli ilə indiki arasında nə qədər fərq var?
- Çox sevindim ki, komandamın qələbəsində mənim də payım oldu. Öz oyunumdan razı olub-olmamağa gəlincə, əsas baş məşqçi, azarkeşlər razı olsun. Bunun üçün çalışıram. Mövsümə pis başlamışdıq. Sonradan komanda da, mən özüm də daha yaxşı çıxış etməyə balşadıq. Toparlandıq və get-gedə nəticələr qaydasına düşdü.

- Çempionatda 6-7-ci yerləri bölüşürsüz. Kubokda isə yarımfinala yüksəldiz. Hər iki turniri nəzərə alanda, “Qəbələ”nin mövsümün ilk yarısındakı çıxışını necə dəyərləndirmək olar?
- Bunu baş məşqçimiz daha dəqiq deyər. Bizim işimiz meydana çıxıb mübarizə aparmaqdı. Nəticələri məşqçilər korpusu təhlil edir. Təbii ki, daha yüksək yerlərdə qərarlaşmaq istəyərik.

- Daha yaxşı olması üçün nə çatmadı?
- Komandamız çox gəncdi. Üstəlik, keçən yay heyətdə çoxlu dəyişikliklər baş verdi, bir neçə əsas heyət üzvü “Qəbələ”ni tərk etdi. Həm gənc, həm də yeni yığılmış komandayıq. Buna görə uyğunlaşmaq üçün vaxt lazım idi. Mövsümün əvvəlində nəticələrin istədiyimiz kimi olmaması da ən çox bununla bağlı oldu.

- Avropa Liqasındakı uğursuzluq, çempionatda pis startdan sonra toparlanmaq gənc heyət üçün nə qədər çətin idi?
- Gənc komandayıq. Sadəcə, bizə vaxt lazım idi ki, oyunumuzu tapaq. Çox şükür, tezliklə psixoloji olaraq topralana bildik və oyunumuz düzəlməyə başladı.

- Mövsümün ikinci yarısından gözləntilər nədi?
- Qışda yaxşı toplanış keçib hazırlaşacağıq. Fasilədən sonra çempionat və kubok oyunlarından daha inamlı çıxış etmək istəyirik. Ön sıralarda qərarlaşmağı arzulayırıq. Bunun üçün də yaxşı hazırlaşmalı və vuruşmalıyıq.

- “Qəbələ”, nəhayət ki, yeni sponsorla müqavilə bağladı və fəaliyyətini davam etdirəcəyi dəqiqləşdi. Bu klubun akademiyasının yetirməsi kimi yəqin ən çox sevinənlərdən birisən...
- Əlbəttə. Bu klubun yetirməsiyəm, akademiyasının üzvü olmuşam. “Qəbələ” mənə çox doğmadı, inkişafımda böyük rolu olub. Təbii ki, bu xəbəri eşidəndə çox sevindim. . Milli komandalarda, digər klublarda, “Qəbələ”nin əsas komandasında, ölkə xaricində akademiyanın yetirmələri var. İnanıram ki, “Qəbələ” yaşayacaq. Bu təkcə bizim üçün yox, bütün ölkə üçün vacibdi.

- Perspektivli gənclərdən sayılırsan. Bir müddət Çexiyanın “Slaviya” klubunda çıxış etdin. Oyunun da pis alınmırdı. Ancaq sonra geri qayıtdın. Bu, nə ilə bağlı idi?
- Səbəb zədələnməyim idi. Dizimdən ağır zədə almışdım. Buna görə təxminən 2-3 ay dutbol oynamadım həmin zaman.

- Fərqli mədəniyyətə uyğunlaşmaq kimi problemlər yox idi ki?
- Xeyr, qətiyyən.

- Səni yenidən Avropada görə biləcəyik?
- Hədəfim, məqsədim budu. Yenidən Avropaya getmək və orda möhkəmlənib qalmaq istəyirəm. Bunun üçün də çalışıram. İnanıram ki, planlarıma nail olacam.

- “Qəbələ”də yaxşı oyun göstərməklə Avropa klublarının diqqətini çəkə biləcəyini düşünürsən?
- İnşallah. Niyə də yox? Qismət olarsa, təklif gələrsə menecerimlə məsləhətləşəcəm. Tək “Qəbələ” deyil, U-21 millisində də özümü yaxşı göstərməliyəm ki, oyunumla diqqət çəkim.

- Karyeranda uğurlar!
- Təşəkkür edirəm.

Faiq Tahirov


oxunma sayı: 1203 | Paylaş:




?>