')

Bu gün:


FutbolPress.Az | Samir Abasov: “Sözlərimi hərə öz ağlı ilə yozur” (MÜSAHİBƏ)

Samir Abasov: “Sözlərimi hərə öz ağlı ilə yozur” (MÜSAHİBƏ)


oxunma sayı: 1656 Paylaş:

FutbolPress“Zirə”nin baş məşqçisi Samir Abasovun “FutbolPress”ə müsahibəsi....

- Kubokda “Sumqayıt”la qolsuz heç-heçə etdiz. İlk oyun üçün pis deyil, amma çox yaxşı da sayılmır. Qələbə üçün nə çatmadı?
- Məncə, bir az aqressiya çatmadı. Bu da başadüşüləndi. Kubok və çempionat matçları tamamilə fərqlidi. Liqa oyununa çıxırsan, düşünürsən ki, 90 dəqiqə ərzində hər şey həll etməlisən. Kubokda isə səbrli davranmalı, ehtiyatı da əldən verməməlisən. Çünki qarşıda daha bir 90 dəqiqə var, onu da düşünməlisən. Deməzdim ki, biz pis oynadıq. Sadəcə, bir qədər də aqressivlik olsaydı, qol da vura bilərdik. Hansı ki, bu, şanslarımızı yüksəldəckdi. Hər şeyə cavab oyununda aydınlıq gələcək. Ona hazırlaşacağıq.

- Birinci oyun nə göstərdi, finala çıxa biləcəksiz?
- “Qəbələ”nin “Qarabağ”ı 1:0 hesabı ilə məğlub etməsindən sonra da demək olmaz ki, bu komandanın şansı yüksəkdi. 0:1, 0:2 uduzsaydıq belə, şansımız olacaqdı. Çempionlar Liqası, Avropa Liqasındakı son oyunlarda göründü ki, ilk matçdakı hesab hələ hər şeyin həll edilməsi demək deyil. Önəmli olan oyun günü necə çıxış etməkdi. Bu baxımdan şansımızı yüksək qiymətləndirirəm.

- Növbəti oyununuz sabah çempionatda “Qarabağ”a qarşı olacaq...
- Hazırlıq yaxşı gedir. Bu oyunda rotasiyalar gözlənilir. Biz diqqətimizi kuboka ayırmışıq. Zədəli futbolçularımız var, həmçinin yorğun olanlara istirahət verəcəyik. Ancaq digərləri ilə oynayıb, bu matçda boy göstərəcəyik, üzüağ çıxmağa çalışacağıq.

- Əsas qapıçınız Kamal Bayramov zədəlidi. Kubok oyununa kimi sağalacaq?
- Bəli, Kamal zədəlidi. “Sumqayıt”la oyundan sonra müayinə edilib, müalicəsi gedir. Dünən istirahət günü idi. Bu gün dəqiq cavabı biləcəyik. Başqa itkimiz yoxdu. Təkcə Bilal Həmdidi. O da xeyli vaxtı zədəlidi.

- Çempionatın qalan 3 turu sizin üçün nə anlam ifadə edir?
- Çempionatda şansımız bitib, əsas məqsədimiz kubokla bağlıdı. Amma bunun elə bir əhəmiyyəti yoxdu. Qalan oyunlarda çıxıb oynamalıyıq, özü də nəyi var.

- Deyək ki, sabahkı oyunun nə əhəmiyyəti var?
- Biz kubok oyununu fikirləşirik. “Qarabağ”la matçda rotasiyalar edəcəyik. Ancaq bu o anlama gəlmir ki, həmin oyuna ciddi yanaşmırıq, həddən artıq ciddi hazırlaşırıq. Belə oyunlar oynamayan futbolçular üçün də özlərini göstərmək baxımından şansdı. Mənə elə gəlir ki, onlar kubok matçında meydana çıxanlardan daha çox xeyir verəcəklər, çünki daha gümrahdılar.

- “Qəbələ” ilə görüşdən sonra demişdiz ki, az oynayan futbolçulara şans verib, onlardan bir siqnal almaq istəyirdik və bu, yetərli oldu. Yəni?
-  Mən belə fikirləri deyəndə düşünürəm ki, insanlar, mətbuat nə demək istədiyimi anlayır. Təəssüf ki, sözlərimi hərə öz ağlı ilə yozmağa çalışır. Əslində, bu, çətin başadüşülən bir şey deyil, qeyri-adi bir mənası yoxdu. Əgər indi bizim çempionatda yüksək yerlər üçün şansımız olsaydı, çox güman ki, az meydana çıxan futbolçular oynamadan, elə bu qaydada davam edəcəkdilər. Liqada şansımızı itirməyimizlə onlar üçün də imkan yaranıb ki, bizə bir siqnal versinlər, necə oynayırlar, nəyə qadirdilər. Ən azından, 1 ilə yaxında bizimlə məşq edirlər, göstərsinlər ki, nəyi götürüblər. Bu, bizim üçün də rahat olacaq.

- Yəni, qalan matçlar getmək ehtimalı olan futbolçular üçün özlərini təsdiqləmək baxımından son şansdı...
- Bu, məndən çox onların özü üçün vacibdi. Təkcə söhbət bir futbolçunun “Zirə”də qalıb-qalmamasından getmir. Onlar özlərini həm bizim üçün təsdiqləyə bilərlər, həm də digər klublara göstərə bilərlər ki, belə bir futbolçu var. Bu baxımdan məcburdular ki, yaxşı oynayıb, özlərini sübut eləsinlər. Heç bir klub 11-12 oyunçu ilə qurulmur, 22-23 futbolçu olur. Bizim iddiamız olan vaxtlarda şans almırdılar, özləri də bundan narahat idilər, indi isə biz onlara imkan yaradırıq ki, bizə, digər klublara özləri ilə bağlı bir siqnal versinlər.

- Neçə futbolçunu göndərməyi planlaşdırırsız?
- İnanın ki, hələ heç nə bəlli deyil. Konkret fikrimiz yoxdu ki, 4-5 futbolçunu göndərək. Maksimum ola bilər ki, 1 legioner, 1 yerli ilə bağlı fikrimiz olsun. Qalan matçlarda bir çox suallara aydınlıq gələcək. Ola bilər ki, bizim şansımız yoxdu, amma digər klubların müəyyən iddiası, məqsədi var və növbəti oyunlar da gərgin keçəcək. Son oyunlardan və kubokdakı yekun nəticədən asılı olaraq hər şeyi dəqiq biləcəyik.


oxunma sayı: 1656 | Paylaş:




?>