')

Bu gün:


FutbolPress.Az | “4-cü yerdə ola bilərdik” – Ayxan Abbasov

“4-cü yerdə ola bilərdik” – Ayxan Abbasov


oxunma sayı: 883 Paylaş:

FutbolPress“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun “FutbolPress”ə müsahibəsi...

- Son turda “Keşlə”yə qalib gəldiz və sonuncu pillədən xilas olduz...
- Qış fasiləsindən sonra qələbə qazana bilməmişdik. Bu da istər-istəməz bizi təzyiq altına salırdı və futbolçulara təsir edirdi. Ancaq bu o demək deyil ki, qışdan sonra zəif oynamışıq. Bəzi oyunlarda üstün olub, heç-heçə etdik, bəzilərində müəyyən səbəblərə görə xal itirdik. Amma mən inanırdım futbolçularıma ki, sona qədər mübarizə aparacağıq. “Keşlə” ilə matçda erkən qol vurduq, daha sonra xeyli şansdan istifadə edə bilmədik, hətta qol da buraxdıq. İkinci hissədə daha istəkli oynayıb, qələbə qazandıq.

- “Keşlə” ilə oyundan öncə “Qarabağ”a 0:6 uduzmuşduz. Toparlanmağınız çətin görünürdü...
- Komanda məğlub olanda psixoloji durum yerində olmur. Böyükhesablı yenilgidə isə daha da çətindi. Çünki futbolçular ruhdan düşürlər. Digər tərəfdən biz “Qarabağ”a qarşı yaxşı oyun sərgiləmişdik. Buraxdığımız 4-cü qola kimi xeyli qol imkanı qazanmışdıq. Rəqib futbolçuların ustalığı daha yüksək idi, buna görə də imkanlardan daha yaxşı istifadə etdilər. Həftə ərzində futbolçuları hazırladıq. Rəhbərlik şərait yaratdı ki, onlarla kənara çıxaq, həmin məğlubiyyəti onlara unutduraq. Çalışdıq komandanı inandıraq ki, qələbə qazanmaq gücündəyik. Buna nail ola bildik.

- Sonuncu pillədən xilas olmaq necə təsir edib?
- Bu qələbə o demək deyil ki, biz üzərimizə düşən işin öhdəsindən gəlmişik və rahatlaşmalıyıq. İndi “Keşlə” də daha istəklidi, digərləri də. Çempionatın sonuna qədər vuruşmaq lazımdı. İndi daha məsuliyyətli olmalıyıq. Futbolçularla söhbətimizdə də bunları demişəm.

- Növbəti rəqibiniz “Zirə”di...
- Aramızda xal fərqi böyük deyil. Amma “Zirə” yaxşı futbol oynayan komandalardandı. Həm də səfərdə çıxış edəcəyik. Çətin olacaq. Hazırlaşırıq.

- Məqsəd qələbədi, yoxsa heç-heçə də kifayət edəcək?
- Bizə hər oyun xal lazımdı. Desək ki, heç-heçə, ya qələbəyə gedirik, düzgün olmaz. Durumumuz elədi ki, hər oyuna yüksək səviyyədə köklənməli və mübarizə aparmalıyıq.

- “Zirə”nin keçmiş komandanız olması hazırlığa, motivasiyaya təsir etmir?
- Köhnə komandamdı, orda yaxşı xatirələrim var, amma futbol elədi ki, keçmiş yaddaşlarda qalır, bu günlə yaşamaq lazımdı. İndi “Sumqayıt”dayam. Belə vəziyyətdə başqa şeylər fikirləşməyə vaxt da yoxdu. “Zirə”də böyük dəyişikliklər olub. Qışdan sonra bir neçə yaxşı legioner cəlb edilib. Fərqli komandadı.

- Kubokda da “Zirə” ilə qarşılaşacaqsız və həmin oyuna çox qalmayıb. Bu rəqibə qarşı planlarınızı, həm də kubok matçını düşünərək qurmursuz ki?
- Kubokda tam başqa oyun olacaq. Məncə, indi hər iki komanda çempionat oyununu fikirləşir. Çünki ikimizə də xal lazımdı. O matça hazırlaşmaq üçün vaxtımız olacaq.

- Bu sualı ona görə verdik ki, kubokdan Avropa Liqasına vəsiqə də mümkündü və ölkə futbolu elə vəziyyətdədi ki, bütün komandaların bir-birini məğlub etməsi real görünür. Ola bilərmi ki, kuboka daha ciddi yanaşasız?
- Hər bir komanda istəyir ki, avrokuboka vəsiqə əldə etsin. Amma sonuncu olmaq da istəmirik. Nə “Zirə”, nə də biz.

- “Sumqayıt” Premyer Liqada mövqeyini qoruya biləcək?
- Çalışırıq ki, sonuncu olmayaq. Buna gücümüz var. İnanıram ki, bacaracağıq.

- Çempionatdakı mövcud vəziyyəti, əlinizdəki materialı nəzərə alanda komandanızın gücü elə 7-ci olmağa çatır, yoxsa daha yüksəkdə ola bilərdiz?
- Qışdan sonrakı bəzi oyunlarda qələbə qazana bilsəydik, indi 4-cü yerdə ola bilərdik. Ancaq təəssüf ki, xallar itirdik. Bəzən də bizdən asılı olmayan səbəblərə görə. İndi 7-ci yer uğrunda mübarizə aparırıq. Komandanın potensialı var. Amma yuxarıda qalmaq üçün daha çox iş görmək lazımdı.

- Belə başa düşdük ki, “Sumqayıt” autsayder olmalı deyil...
- 8 komandalı liqada 7-ci yer autsayder olmaq sayılır. Amma əvvəlki vaxtlarda komanda sayı daha çox idi və 6-7-ci yer ortabab olmaq demək idi. Bu gün “Qarabağ”la “Neftçi”ni çıxsaq, digərləri bir-birinə çox yaxındı. 6-7-ci olmaq o demək deyil ki, bir komanda autsayderdi. Sadəcə, saya görə mövqeyimiz belə görünür.

- Komandanız Premyer Liqada qala da bilər, düşə də. İndidən bu ehtimalları fikirləşib, klubda gələcəyiniz barədə hansısa götür-qoy etmisizmi?
- Bu barədə hər hansı danışğımız olmayıb. Burda limitlər, məhdudiyyətlər var və bir çoxları risk etdiyimi düşünürdü. Amma bu, məşqçi karyeram üçün önəmli yoldu. Hər bir çətinlikdə məşqçi nəsə qazanır. Klubla müqaviləm var, hər şey normaldı. İndi fikrimiz qarşıdakı oyunlara yönəlib. Daha sonra müzakirələrimiz olacaq.

- “Sumqayıt” I Diviziona düşsə...
- Bu barədə fikirləşmirəm. İnşallah, düşmərik.


oxunma sayı: 883 | Paylaş:




?>