')

Bu gün:


FutbolPress.Az | “Rusiya, yoxsa Azərbaycan millisi? Bunu zaman göstərər” – “Spartak”ın futbolçusu

“Rusiya, yoxsa Azərbaycan millisi? Bunu zaman göstərər” – “Spartak”ın futbolçusu


oxunma sayı: 1498 Paylaş:

FutbolPressAzərbaycanın 19 yaşlılardan ibarət yığma komandası Krasnodarda keçirilən Avropa çempionatının elit-raundunun ilk oyununda Rusiya yığması ilə heç-heçə oynasa da, ikinci matçda irlandlara uduzaraq, qrupda qaldı. Qrupumuzun ev sahibi olan Rusiya da uğurlu nəticəyə sevinə bilmədi. Amma bizim üçün bu yığmada diqqətəkən bir məqam oldu. Bu da şimal qonşularımızım heyətində ölkəmizdən olan ad və soyad idi - Turqay Möhbalıyev. Əslən Azərbaycandan olan Möhbalıyev “Spartak”ın uşaq futbol akademiyasının yetirməsidi. Azərbaycanın U-19 yığmasına qarşı da mübarizə aparan Möhbalıyev “FutbolPress”ə müsahibəsində bir çox məsələlərə aydınlıq gətirdi:
 
- Hər iki valideynin azərbaycanlıdı, özün Rusiya yığmasında oynayırsan. Maraqlıdı, Azərbaycana gəlib-gedirsən?
- Bəli, valideynlərim azərbaycanlıdılar, Naxçıvan şəhərindəndilər. Əlbəttə ki, Azərbaycanda oluram. Uşaq vaxtı lap tez-tez gəlirdim Bakıya, Naxçıvana. Bakıda sonuncu dəfə iki il əvvəl olmuşam. Naxçıvana isə altı il əvvəl yollanmışdım.
 
- Rusiyanın U-19 yığmasının heyətində Azərbaycana qarşı oynadın. Sənin üçün doğma sayılan ölkənin millisinə qarşı oynayarkən hansı hisləri keçirdin?
- Özümü ən yaxşı tərəfdən göstərməyə çalışırdım. Necə alındı, dəqiq bilmirəm. Amma Azərbaycana qarşı meydanda oynadığıma görə yaxşı mənada şad oldum.
 
- İndiyə qədər Azərbaycan komandaları və ya yığmasına qarşı oynamışdın, yoxsa ilk idi?
- Xeyr, ilk deyildi. Bundan əvvəl də Azərbaycan yığmasına qarşı oynamışdım. Toplanış vaxtı Azərbaycanın U-21 yığmasına qarşı forma geyinmişəm. Bu qış “Spartak-2”nin heyətində forma geyinmişdim.
 
- Maraqlıdı, oyunun gedişində bizimkilərin nə danışdığını anlayırdın? Əgər anlayırdınsa, demək rəqibin nə edəcəyini az-çox bilirdin. Bunun nə  kimi köməyi oldu?
- Əlbəttə, hər şeyi başa düşürdüm (gülür). Belə desəm, öyrəşməmişdim buna, qəribə gəldi. Yəni rəqib komandanın sənə doğma olan, bildiyin dildə danışması maraqlı təcrübə idi.
 
- Hər halda Azərbaycan yığmasının üzvləri də azərbaycanlı olduğunu bilirdi. Sənə necə yanaşırdılar?
- Normal. Digər rəqiblərə necə yanaşırdılarsa mənə də elə. Hər şey qaydasında idi. Azərbaycan yığmasında oynayan iki futbolçu ilə tanışıq. Oyundan əvvəl bir az söhbətləşdik, vəssalam.
 
- Bildiyimizə görə, sənə Azərbaycanın U-19 yığmasında da oynamaq təklifi edilmişdi. Matçdan sonra Azərbaycan yığmasının məşqçiləri və ya federasiyadan kimsə səninlə söhbət etdi?
- Xeyr, heç kim mənə yaxınlaşmadı. Heç nə danışmadıq.
 
- Azərbaycan millisində oynamaq təklifini geri çevirməyin nə ilə bağlı oldu?
- Bəli, Azərbaycanın U-19 yığmasında oynamaq təklif edilmişdi. Nəyə görə qəbul etmədim? Çünki mən artıq Rusiya yığmasında oynamışdım.
 
- Azərbaycan millisi kimi Rusiya yığması da final mərhələsinə yollana bilmədi. Yəqin ki, nə hazırkı komandan, nə də sənə doğma olan komandanın final mərhələsinə yollana bilməməsi sənin üçün ikiqat üzücü oldu?
- Bəli, təəssüflər olsun ki, nə biz nə də Azərbaycan final mərhələsin vəsiqə qazana bildi. Amma bu futboldu da, belə şeylər olur. Gələcəyə baxmaq lazımdı, son oyunu yaxşı oynamaq gərəkdi.
 
- Vəsiqə qazansaydınız, əslən azərbaycanlı olduğuna görə İrəvana yollanmaq (Final mərhələsi Ermənistanda keçiriləcək – red.) problem olmayacaqdı ki?
- Düzünü desəm, heç bu haqda düşünməmişdim. Bütün fikrim qrupdan çıxmaq idi. İndi bu barədə düşünməyin heç mənası da yoxdu.
 
- Azərbaycanın U-21 yığmasında oynamaq təklif edilsə, hansı qərarı verəcəksən? Bizim yığmada oynamaq istəmirsən?
- Mən danışıqlara hər zaman hazıram. Əgər Azərbaycan yığmasından təklif olsa, düşünüb, qərarımı verərəm.
 
- Rusiyanın U-21 yığmasına düşmək şansın, perspektivim var?
- Hər zaman demişəm ki, hər şey özümdən asılıdı. Klubumda yaxşı oynasam, yığmada yer alacam. Rusiya, yoxsa Azərbaycan millilərindən hansını seçərəm? Bunu zaman göstərər.
 
- Bəs valideynlərinin fikri necədi?
- Valideynlərim hər zaman mənim arxamdadı, mənə dəstəkdi. Hər zaman da qərarlarıma hörmətlə yanaşırlar. Mən valideynlərimlə müzakirə aparıram, məsləhət alıram onlardan.
 
- Hazırda “Spartak-2”də oynayırsan. Əsas komandada nə vaxt görəcəyik səni?
- Allah bilir. İndi nədənsə şikayətlənməyim düzgün deyil, çünki daim oynayıram. “Spartak”ın əsas komandasında nə vaxt olacağımı zaman göstərəcək.
 
- Ayaz Quliyev “Spartak”ın əsas heyətində oynayır. Bunu sənin üçün stimul hesab etmək olar?
- Əlbəttə ki, belədi. Ayazın adına çox sevinirəm. Ona sadəcə “Afərin!” demək olar.
 
- Yeri gəlmişkən, Ayazla tanışsan? Onunla görüşüb söhbət edirsən heç?
- Bəli, Ayazla danışırıq. Görüşəndə ayaqüstü də olsa söhbətləşirik. Onun “Spartak”da oynaması məni də sevindirir.


oxunma sayı: 1498 | Paylaş:




?>