')

Bu gün:


FutbolPress.Az | “Hər bir futbolçuya Vaqif Cavadovun karyerası kimi karyera arzulayıram” (MÜSAHİBƏ)

“Hər bir futbolçuya Vaqif Cavadovun karyerası kimi karyera arzulayıram” (MÜSAHİBƏ)


oxunma sayı: 1300 Paylaş:

FutbolPressAzərbaycan millisinin sabiq üzvü, son olaraq “Keşlə”də çıxış etmiş Vaqif Cavadov bir müddətdi ki, klubsuzdu. Oynadığı klublarda diqqət mərkəzinə düşməyi bacaran Cavadov son vaxtlar diqqətdən kənardı. 29 yaşlı futbolçu “Futbolpress”ə müsahibəsində bir çox məsələlərə aydınlıq gətirərək, karyerasını başa vurmaq haqda düşünmədiyini bildirdi...
 
- Bir müddət əvvəl ölkə xaricinə yollanacağınla bağlı xəbərlər dolaşırdı. Yenidən legioner həyatı yaşayacaqsan?
- Bəli, bir neçə variant var idi. Amma tam olaraq ürəyimcə deyildi. Bəlkə, qarşı tərəfin də hardasa çox istəməməsinə görə keçid alınmadı. Şərtlər hər iki tərəfi də qane etməlidi. Əsasən də məni qane etməlidi ki, xaricə yollanım. Çünki ailəliyəm, iki uşağım var, ailə ilə çətindi. Məhz bu məsələlərə görə xaricə yollana bilmədim. Amma yaxşı təklif gələcəyi təqdirdə, legioner həyatı yaşamağa hazıram.
 
- Belə çıxır ki, yaxın ölkələrdən deyildi səni istəyən komandalar...
- Onların adını çəkməyimin mənası yoxdu. Bircə onu deyə bilərəm ki, keçidimin alınmamasının səbəbi yaxşı təklifin olmaması idi. Hazırda azad agent status daşıyıram. Yaxşı təklif olacağı təqdirdə dəyərləndirəcəyəm.
 
- Premyer Liqada mübarizə aparan səkkiz komandanın heç birindən dəvət gəlməyib sənə? Heç bir klubumuzun sənə dəvət göndərməməsini nə ilə əlaqələndirirsən?
- Nə ilə bağlı olması haqda heç bir düşüncəm yoxdu. Bunu həmin klublardan soruşsaz, daha yaxşı olar. Karyeram da, oyunum da göz qabağındadı. Hardan bilim ki, nədi, nə məsələdi? Yəqin ki, nəsə var deyə, mənə klublarımızdan təklif yoxdu. Bunu düşünmək olar, heç çətin də deyil.
 
- 29 yaşındasan və bu, futbolçu üçün o qədər də çox deyil. Klubsuz qalmağın karyeranı başa vurmaq haqda düşünməyinə səbəb olmayıb ki? Yoxsa yenidən karyeranı bərpa etmək haqda düşünürsən?
- Karyeramı başa vurmaq istəmirəm və bu haqda qəti düşünmürəm. Futbol oynamağa gücüm çatar, o yaşda da deyiləm ki, futbolla vidalaşım. Allahın köməyi ilə hər şey düzələcək. Hər bir futbolçuya Vaqif Cavadovun karyerası kimi karyera arzulayaram.
 
- Çoxları düşünür ki, gərək vaxtında “Tvente”yə deyil, başqa komandaya gedərdin. Səncə, o zaman fərqli qərar versəydin, indi hər şey tamam başqa cür olardı?
- Hər bir futbolçuya arzu edərdim ki, oynamasa belə, “Tvente” kimi klubda yer alsın, həmin komandanın futbolçusu olsun. Sadəcə qismət elə gətirdi ki, orada olduğum müddətdə zədə aldım. Zədə almasaydım, hər şey tamam başqa cür olardı. İstənilən halda, hər bir futbolçuya arzu edərdim ki, “Tvente” kimi kluba keçsin və çempionluq yaşasın, tarix yazsın. Kim nə deyir-desin orda olduqdan sonra oyunumda yüksəliş oldu. Bunu “Qarabağ” və “İnter”də çıxış edən zaman da gördüm. Orada olmağım mənə çox kömək olmuşdu, öz oyunumda da daha yüksəliş hiss etdim, yaxşı mövsüm keçirdim “Qarabağ”da, “İnter”də.
 
- Azərbaycan millisində az oyun keçirməmisən. Nikola Yurçeviçin yığmaya dəvət etdiyi oyunçuları gördün, siyahısı ilə tanışsan. Siyahıya baxanda, layiq olub kənarda qalan oyunçuların olduğunu düşünürsən?
- Elədi, millidə çox oyunlarım olub. Yığmanın qapısının hər bir futbolçuya açıq olduğunu düşünürəm. Yaşın isə önəm kəsb etmədiyi fikrindəyəm. Kimlərə dəvət göndərilib, kimlərə yox bu millinin baş məşqçisi Nikola Yurçeviç və onun köməkçilərinin səlahiyyətində olan məsələdi. Hər şeyə görə Nikola Yurçeviç cavabdehdi. Nəticə olmayanda ondan soruşulacaq. Hər bir futbolçu millidə çıxış etmək istəyir. Sadəcə təəssüflər olsun ki, cəmi 30 nəfər millidə ola bilər.
 
- Maraqlısı odu ki, turnir cədvəlində üst pillələrdə yer alan “Qəbələ”dən milliyə bir nəfər belə dəvət olunmayıb. Halbuki komandanın iştirak ərizəsində 17 yerli futbolçu var. “Qəbələ”dən bir nəfər belə milliyə layiq deyil səncə?
- Bayaq dediyim kimi, istər “Qəbələ”, istər “Zirə”dən kimisə çağırmayıbsa, bu Nikola Yurçeviçə aid olan məsələdi. Milliyə oyunçu dəvət etmək onun səlahiyyətində olan işdi. Mən kiməm ki nəsə deyim? Məşqçi belə görür hazırkı vəziyyəti.
 
- Azərbaycan millisi bu gün “Maksimir”də Xorvatiya yığması ilə oynayacaq. Milliyə kim və ya nə kömək ola bilər?
- Oyun çox çətin olacaq, bu dəqiqdi. Hamımız da başa düşürük ki, Xorvatiya millisi bizdən qat-qat üstündü. Bunu dəfələrlə də sübut edib. Xorvatiya millisindəki oyunçular da güclüdü. Dəqiq.
 
- Necə düşünürsən, Xorvatiya ilə matçda milli üçün uğurlu nəticə nə ola bilər, xal qazanmaq, yoxsa böyükhesabla uduzmamaq?
- Nəticə baxımından hər şey ola bilər. Heç kim 100 faiz arxayın ola bilməz nəticəyə. Elə oyunlar olur ki, top boş qapıdan da keçmir. Ona görə də proqnoz vermək olmaz. Amma faktiki olaraq, Xorvatiya yığması bizdən qat-qat güclüdü. İstənilən halda, mən bizimkilərə inanıram, ən azından vuruşacaqlar ki, yaxşı nəticə əldə etsinlər.
 
- Xorvatiya ilə səfərdə keçirdiyimiz son matçda millimiz 0:6 hesabı ilə darmadağın olmuşdu. Bu hesab təkrarlana bilər?
- Bilirsiz, sizdən də çox şey asılıdı. Əksəriyyət böyükhesablı məğlubiyyət haqda yazır, futbolçularımız da bunu oxuyur və onlara psixoloji cəhətdən təsir edir. Sadəcə olaraq millimizə inanmaq lazımdı. Xorvatiya bizdən güclüdü, bu məlumdu. Sizdən xahişim odur ki, millimizə inanaq və bu haqda danışaq, yazaq. Milli komandamıza, futbolçularımıza inanmalıyıq. Nəticə Allahdan, bir də futbolçulardan asılıdı. Elə oyunlar olur ki, nəticələr təkrarlanır. Futbolçuların o an etibarı ilə halı, vəziyyəti necə olacaq, bundan da çox şey asılıdı. Ola bilər ki, eyni hesab olsun, ondan da az olsun və yaxud da ola bilsin ki, biz Xorvatiyaya qalib gəldik. İndidən nəsə demək çox çətindi.
 
- Ölkə çempionatında daha çox formasını geyindiyin “Qarabağ” çempionluq mübarizəsi aparır. Amma hazırda turnir cədvəlində “Neftçi”dən geridədi. “Qarabağ” ardıcıl altıncı il çempionluğunu qeyd edə biləcək, yoxsa “Neftçi”ni keçmək çox çətin olacaq?
- Ölkə çempionatında aşkar liderlər elə “Qarabağ” və “Neftçi”di. Onların dueli maraqlı keçir. Ötən illəri xatırlasaq, “Xəzər Lənkəran”, “Neftçi”, “Qarabağ”, “Bakı”, “Qəbələ” arasında belə mübarizə gedirdi. Amma indi çempionluq uğrunda iki komanda yarışır. Məncə, bu mübarizə azarkeşlər üçün də maraqlıdı. Çünki əvvəllər “Qarabağ” çempionat başa çatmamış 10-12 xal öndə olurdu, çempionluğu qeyd edirdi. Amma bu mövsüm başqa cürdü. “Neftçi” “Qarabağ”la çempionluq mübarizəsi aparır və bu, bütün azarkeşlər üçün maraqlıdı. Güclü olan qalib gəlsin, hər iki komandaya uğurlar arzu edirəm.
 
- “Qarabağ”ın əvvəlki illərlə müqayisədə bu mövsüm daha zəif olduğunu söyləmək mümkündü?
- Xeyr, “Qarabağ”ın bu mövsüm zəif olduğunu deməzdim. Çempionatımızın səviyyəsi o qədər də güclü deyil deyə, “Qarabağ” da məcburdu ki bu oyunu nümayiş etdirsin. Çempionatımız güclü olanda, komandalar da güclü olur, avrokuboklarda uğurlu çıxış edirlər. Kənardan da komandalarımız güclü görünür. Çempionatımızdan çox şey asılıdı. “Qarabağ”da demək olar ki, eyni oyunçular oynayır. Onlardakı ustalıq səviyyəsi, digər komandalarımızdakı oyunçuların ustalıq səviyyəsindən üstündü. “Qarabağ”da futbolçular uzun müddətdi ki bir yerdə oynayırlar. Elə komandalarımız var ki, bir mövsümdə 10 oyunçu dəyişir, amma “Qarabağ”da belə bir şey yoxdu. Həmin sxem də öz bəhrəsini verir.
 
- “Çelsi”, “Real” və “Milan” kimi klublarda oynamış Maykl Esyen “Səbail”lə müqavilə imzaladı. İki il futbol oynamayan Esyenin komandaya necə köməyi dəyə bilər?
- Futbol baxımından bilmirəm necə köməyi dəyəcək. Amma reklam baxımından Esyen kimi dahi futbolçunun Azərbaycan çempionatına gəlməsi müsbətdi haldı. Esyen həm oyunu, həm də oynadığı klublarla özünə milyonlarla fanat qazanıb. O, çempionatımızda bir oyun oynasa belə, futbolumuz üçün böyük reklamdı. Futbol kimi güclü reklam yoxdu. Esyenin 37 yaşına olmasına baxmayaraq, ustalıq səviyyəsi o qədər yüksəkdi ki, hazırkı Azərbaycan çempionatında bir ayaqla da oynayar. Onun artıq çəkisi də yoxdu. “Səbail” rəhbərliyi də Azərbaycan futbolu üçün çox yaxşı transfer reallaşdırıb.


oxunma sayı: 1300 | Paylaş:




?>