')

Bu gün:


FutbolPress.Az | Ruslan Qurbanov: "Düşünmürəm ki, millimiz "Maksimir"də böyük hesabla uduzacaq" (MÜSAHİBƏ)

Ruslan Qurbanov: "Düşünmürəm ki, millimiz "Maksimir"də böyük hesabla uduzacaq" (MÜSAHİBƏ)


oxunma sayı: 1147 Paylaş:

FutbolPressAzərbaycan milli komandasının yeni baş məşqçisi Nikola Yurçeviç Xorvatiya və Litva ilə oyunlar üçün yığmaya dəvət etdiyi oyunçuların siyahısını açıqlayıb. Heyətdə tez-tez millidə görməyə alışdığımız bəzi oyunçulara dəvət göndərilməyib. Həm Robert Prosineçki, həm də Qurban Qurbanovun dövründə əsas millidə yer almış Ruslan Qurbanov Yurçeviçin siyahısında özünə yer tapa bilməyib. "Futbolpress"ə müsahibə verən Qurbanov bəzi məsələlərə toxunub:

- Nikola Yurçeviçin açıqladığı siyahıda sənə yer yoxdu. Gözlənilən oldu sənin üçün, yoxsa artıq millinin toplanışına hazırlaşırdın?
- Əlbəttə ki, Nikola Yurçeviçin açıqladığı siyahıda olmağı çox istəyərdim. Amma istənilən halda üzülmək olmaz. Hər bir məşqçinin fərqli fikirləri var. Demək ki, Yurçeviç belə qərar verib, qərarına da hörmətlə yanaşıram. Daha çox işləyəcəm ki, növbəti toplanışa Yurçeviç məni dəvət etsin.

- Milliyə layiq olanların hamısının adını siyahıda gördün?
- Buna Yurçeviç qərar verir. Milli komandamıza Xorvatiya ilə görüşdə uğurlar arzu edirəm.

- Daim Azərbaycan millisinə dəvət olunurdun. Ancaq, görünür, Yurçeviç bu cür düşünmür. Burdan belə anlamaq olar ki, milliyə düşmək daha çətin olacaq?
- Öz üzərimdə daha da çox çalışacam ki, Nikola Yurçeviç məni bəyənsin. Təbii ki, çox çətin olacaq. Çünki Azərbaycan millisində güclü rəqabət var.

- Amma Yurçeviçin həmyerlisi Robert Prosineçi səni bəyənirdi və əksər hallarda əsas heyətdə sənə şans verirdi. Bəlkə Prosineçki Yurçeviçə sənin barədə məlumat verməyib? Səncə, buna ehtiyac var?
- Bu, Prosineçkinin vaxtında idi. Elə buna görə Prosineçkiyə indiyə qədər təşəkkürümü bildirirəm. Ona ancaq uğurlar arzu edirəm. Ancaq indi başqa zaman gəlib. Bununla da barışmaq lazımdı. Əlimdən gələnin artığını edəcəm ki, milliyə qayıdım.

- Hər halda, Xorvatiyaya qarşı da, Xorvatiyanın özündə də oynamaq təcrübən var. Orada legioner həyatı da yaşamısan. Köməyin dəyə bilərdi?
- Xorvatiya dünya çempionatının finalçısıdı. Mən onlara qarşı oynamışam. Bakıda 0:0 hesabı ilə başa çatan görüşdə meydanda idim. Mən hər zaman millidə oynamağa hazıram. Amma bunun üçün gərək öncə dəvət gəlsin.

- Son dəfə Xorvatiyada, Osiyek şəhərində 0:6 hesabı ilə uduzmuşduq. Həmin oyunu xatırlayıb, qarşıdakı görüşü də düşünəndə millimizin "Maksimir"dən üzüağ çıxacağını ümid etmək çətin görünür...
- Mən düşünmürəm ki, millimiz "Maksimir"də bu cür hesabla uduzacaq. İstəyirəm ki, komandamız layiqli futbol oynayıb, layiqli mübarizə aparsın və biz hamımız da bununla fəxr edək.

- Artıq indidən belə söhbətlər gəzir ki, xorvatlar Nikola Yurçeviçə hörmət əlaməti olaraq yığmamıza lazımından az qol vuracaq. Bu cür söhbətlərə inanırsan?
- Peşəkar futbolda, xüsusən də söhbət milli və ölkədən gedirsə, bu cür şeylərin mümkünsüz olduğunu düşünürəm. Xorvatlar Nikola Yurçeviçə hörmətlə yanaşsalar belə, onlar öz futbolunu oynayacaq.

- Sabah “Səbail” “Qarabağ”ı qəbul edəcək. Komandanız bu oyuna hazırdı? “Qarabağ”ı öz meydanınızda məğlub edə biləcək gücdəsiniz?
- Əlbəttə ki, biz “Qarabağ”la oyuna tam hazırıq. “Qarabağ” Azərbaycanın ən yaxşı komandasıdı. Bizi ağır oyun gözləyir. Yaxşı oyun sərgiləməyə çalışacağıq ki, azarkeşlər razı qalsınlar.

- "Səbail” Maykl Esyenlə danışıqlar aparır. Esyenin komandanıza keçidindən, səncə, hansı tərəf qazanacaq, “Səbail”, yoxsa Esyen?
- Esyen kimi böyük futbolçu ilə birlikdə oynamaq möhtəşəm olardı. O, bizə çox şey öyrədərdi. Mən Esyenin “Səbail”ə keçidindən yanayam. Ümidvaram ki, hər şey yaxşı alınacaq.


oxunma sayı: 1147 | Paylaş:




?>