')

Bu gün:


FutbolPress.Az | Mfo Kqasvane: “Azərbaycanda oynamağım botsvanalı futbolçular üçün böyük motivasiyadı”

Mfo Kqasvane: “Azərbaycanda oynamağım botsvanalı futbolçular üçün böyük motivasiyadı”


oxunma sayı: 1501 Paylaş:

FutbolPress“Zirə”nin futbolçusu Mfo Kqasvanenin “Sumqayıt”a vurduğu qol Premyer Liqada XVIII turun ən çox müzakirə olunan hadisəsi oldu. Azərbaycan çempionatları tarixində fərqlənməyi bacaran ilk botsvanalı adına yiyələnən oyunçu sosial şəbəkələrdə xüsusilə həmyerlilərindən böyük dəstək gördü. Bu isə Azərbaycanda marağa səbəb oldu. Bütün bunlar barədə Kqasvanenin özü ilə söhbətləşdik...

- Son turda “Sumqayıt”a qalib gəlib, nəhayət ki, axırıncı pillədən xilas oldunuz...
- Bəli. “Sumqayıt”la çətin oyunda qələbə qazandıq və çox önəmli 3 xal əldə etdik. Bu da iki pillə irəliləməyimizə səbəb oldu. Növbəti matçlarda daha yaxşı oynayıb, mövqeyimizi yaxşılaşdırmağa çalışacağıq.

- Azərbaycan çempionatının ilk botsvanalı futbolçusu idin, indi həm də Azərbaycan çempionatları tarixində qol vuran ilk botsvanalı oldun. Nə düşünürsən?
- Məlumatlıyam ki, ölkənizdə oynayan ilk botsvanalı futbolçuyam. Buna görə çox xoşbəxtəm. Ölkəmi yaxşı təmsil etməyə çalışıram. Artıq futbolçu kimi inkişaf etməkdə olduğumu görürəm. Komandama xeyir verə bildiyimə görə sevinirəm.

- Qolun baxımlı alındı və xeyli müzakirələrə səbəb oldu. Diqqətçəkən məqam isə sosial şəbəkə hesablarında həmyerlilərinin böyük fəallıq göstərməsidi...
- Bu, mənim botsvanalı birinin də bacardığını nümayiş etdirmə cəhdim idi. Botsvana üçün idman çırağını daha da işıqlandırdığım üçün çox xoşbəxtəm. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm.

- Azərbaycan böyük futbol ölkəsi sayılmır, ona görə də sənin ölkəndən belə marağın göstərilməsi bir az qəribə görünür...
- Onların belə etməsi mənə böyük motivasiya verir. Təkcə Botsvanadan yox, digər Afrika ölkələrindən də təbriklər aldım. Bu, mənim üçün böyük önəm kəsb edir.

- Avropada oynayan yeganə botsvanalı futbolçusan?
- Botsvanadan Avropada oynayan tək mənəm. Ola bilər ki, qolun belə qarşılanmasında bunun da təsiri var.

- Ümumiyyətlə, Azərbaycan çempionatında oynamağın sənin ölkənin futbolu və yerli azarkeşlər üçün nə anlam ifadə edir?
- Bu, hər şeydən əvvəl botsvanalı futbolçular üçün böyük motivasiyadı. Onlar gördülər ki, mümkünsüz heç nə yoxdu. Bura gəldikdən sonra məni dəstəkləyənlərin sayı xeyli artıb. Bu dəstəyi hiss edirəm və buna görə o insanların hər birinə təşəkkür edirəm.

- Bura gələnə qədər Cənubi Afrika Respublikasının çempionatında oynayırdın. Öyrəşmək çətin deyil?
- Elə də çətin deyil. İlk həftə bir az çətin gəlirdi. Ancaq sonra adaptasiya daha rahat şəkildə getməyə başladı.

- Digər yeni transferlər kimi sən də gec gəldin və komanda ilə birgə təlim-məşq toplanışında ola bilmədin...
- Bəli. Bu o qədər də asan deyildi. O baxımdan çətinlik yaradırdı ki, baş məşqçinin hansı tərzdə futbol istədiyini və Azərbaycan çempionatının necə olduğunu, burda bizi nələrin gözlədiyini bilmirdik.

- “Baroka”dan səninlə birgə Robin Nqalande də gəlib. Bunun köməyi dəyir?
- Əlbəttə. Bu, vacib amildi. Çünki bir-birimizi çoxdan tanıyırıq, bir yerdə oynamışıq və kifayət qədər yaxşı anlaşırıq.

- Azərbaycan və CAR çempionatlarını müqayisə etsən...
- Deyərdim ki, futbol hər yerdə futboldu. Sadəcə, burda meydanda mümkün qədər tez qərar qəbul etməlisən, çünki futbolçular aqressiv oyuna üstünlük verir.

- Azərbaycan çempionatı xüsusilə irəli xətt oyunçuları üçün əlverişli sayılmır, çünki komandalar əsasən müdafiədə diqqətli oynamağı düşünürlər. Əlavə çətinlik görmürsən ki?
- Rəqiblərin necə oynadığı haqda düşünmək istəmirəm. Onlar hücum futboluna diqqət yetirməsələr belə, bu, mənim üçün heç də problem deyil.

- Artıq rəqiblərinizi müəyyən qədər tanıyırsan, “Zirə”nin neçənci pilləyə qədər yüksəlmək imkanı var?
- Bu, mövsümün sonunda bəlli olacaq. Biz fikrimizi önümüzdəki oyunlara yönəldəcəyik.

- “Zirə”, adətən, avrokuboklara vəsiqə üçün mübarizə aparır...
- Təbii ki, avrokubokda oynamağı hər kəs istərdi.

- Özünün “Zirə”də şəxsi məqsədin nədi? Burda necə hiss edirsən?
- “Zirə” komanda şəklində çalışmağı sevən futbolçulardan ibarət komandadı. Burda biri büdrəsə, digərləri qalxmağına yardımçı olur. Bu da irəli gedəcəyimizdən xəbər verir.

Faiq Tahirov


oxunma sayı: 1501 | Paylaş:




?>