')

Bu gün:


FutbolPress.Az | U-21-in fiaskosu: səbəblər

U-21-in fiaskosu: səbəblər


oxunma sayı: 1895 Paylaş:

FutbolPressVI YAZI (Əvvəli üçün LİNK)
 
Öncəki 5 yazıda U-21 millisinin AVRO-2019-un seçmə mərhələsindəki çıxışına müxtəlif aspektlərdən baxdıq. Məlum oldu ki, yığma tsikli hərtərəfli bərbad keçirib. Bəs bunun səbəbləri nədi?
 
Bir seçmə mərhələ ərzində 2 dəfə baş məşqçi dəyişilibsə və irəliyə addım yoxdusa, nəticələr yaxşılaşmırsa, deməli, əsl səbəbləri başqa yerdə axtarmaq lazımdı. 3 məşqçi 10 oyunda ümumilikdə 36 futbolçudan istifadə edir və onlardan heç biri yaxşı mənada fərqlənə bilmirsə, deməli, problem elə icraçılardadı. Yoxsa, nə Yaşar Vahabzadə, nə Samir Ələkbərov, nə də Rəşad Sadıqov əsas ittiham olunacaq şəxsdi.
 
Bu gün U-21 millisinin oyunun, nəticələrinin biabırçı olması birbaşa ölkədə futbolçu yetişdirilməsindəki çatışmazlıqlardan irəli gəlir. Bu da uşaq futbolunun bərbad durumu, sahəyə barmaqarası yanaşma və qeyri-peşəkar idarəolunmanın nəticəsidi.
 
U-21 ona görə belə vəziyyətdədi ki, U-19 bu cürdü. U-19-un pis durumda olması U-17-yə görədi. Və bu silsilə ən aşağı yaşlılara qədər gedir. Futbolçuların əsas milliyə hazırlanması kompleks şəkildə həyata keçirilməli və fəaliyyət düzgün qurulmalıdı, yüksək səviyyədə akademiyalar fəaliyyət göstərməlidi. Bu baxımdan son illərdə yalnız “Qəbələ” az-çox seçilir. Ancaq bir güllə bahar olması, təbii ki, mümkün olmayacaq.
 
U-21 ona görə belə vəziyyətdədi ki, bölgələr futbolsuz qalıb. Ölkədə bu idman növü demək olar ki, tamamilə Bakıda cəmləşib. Tovuz, Gəncə, Qusar, Lənkəran, Zaqatala kimi regionlar futbolsuz qalıb. Bu gün ölkədə sözün əsl mənasında peşəkar futbolun olduğu yeganə bölgə Qəbələdi. Gəncədə “Kəpəz”in aşağı yaş komandaları geyinməyə forma tapmır, torpaq meydançalarda məşq edir, Tovuzda uşaqlar paltarını tribunada dəyişməyə məcbur qalır. Belə vəziyyətdə nə cür istedad olur-olsun, həmin uşaqdan futbolçu əmələ gəlməyəcək.
 
U-21 ona görə biabırçı vəziyyətdədi ki, aşağı yaş liqalarında vəziyyət bərbaddı. Bu sahəyə tamam yad olan marketoloq Yusif Vəliyevin təşkil etdiyi liqalarda az qala hər oyun neqativ hallar baş verir, hər liqada təxirəsalınmalar olur. 140 minlik üzvü olduğu deyilən Azərbaycan futbol ailəsində komandalar meydana buraxmaq üçün yetərsay düzəldə bilmir. Uşaqlara futbolu öyrətməli olan məşqçi oyunun gedişi zamanı hakimi söyür, ona fiziki təsir edir, AFFA oyuna hakim göndərməyi yaddan çıxarır və s.
 
Futbolun gələcəyi məhz bu cür məv edilir. U-10 liqasından başlayan proses U-21 millisinə qədər gedir. Bundan sonrası isə əsas yığmadı. O da təbii olaraq Maltaya qalib gələ bilməyəcək. Hələ bu cür gedişatla Farerə, Kosovoya uduzmadığımıza sevinəcəyimiz günlər də uzaqda deyil. Ya da yenə Rusiya, Qazaxıstan, Almaniya futbol məktəblərində yetişmiş oyunçuları razı salmaq, ikinci sort türkləri milliləşdirmək, ölkə çempionatında bir qədər fərqlənən leginerləri yığmaya cəlb etməklə vəziyyətdən çıxmağa çalışacağıq.
 
Təkcə çempionatda yaş limiti tətbiq edərək gənc oyunçuların məcburi oynadılması ilə inkişafa nail olmaq mümkün deyil. Ya da, birdən-birə bütün millilərdə baş məşqçini dəyişməklə vəziyyətdən çıxmaq, yeni strategiya qurmaq, vahid sistem əmələ gətirmək alınmayacaq. Futbolçu milliyə hazırlıqlı gəlməli, yığmanın məşqçisi ona tapşırıq verməli və icrasını tələb etməlidi. Bizdə isə az qala millinin baş məşqçiləri 20-21 yaşlı oyunçulara topu necə saxlamalı olduğunu başa salmaq məcburiyyətindədi.
 
Vəziyyətin düzəlməsi üçün ən aşağı yaşlılardan başlayaraq islahatlar aparılmalı, bu sahə işinin peşəkarlarına həvalə edilməli, vahid bir sistem yaradılmalıdı. Əks halda, hələ belə fiaskolardan çox olacaq.

Faiq Tahirov


oxunma sayı: 1895 | Paylaş:




?>