')

Bu gün:


FutbolPress.Az | U-21-in fiaskosu: Rəşad Sadıqovla nə dəyişdi?

U-21-in fiaskosu: Rəşad Sadıqovla nə dəyişdi?


oxunma sayı: 1824 Paylaş:

FutbolPressIII YAZI (Əvvəli üçün LİNK)
 
5 oyun, 1 xal. Vurulan 3 qol, buraxılan 19 top...
 
Belə bir vəziyyətdə federasiya hesab etdi ki, növbəti dəfə baş məşqçini dəyişməyə ehtiyac var. Samir Ələkbərovun müvəqqəti dövrü başa çatdı və onun əvəzinə Rəşad Sadıqov U-21-in “sükanı arxası”na keçdi.
 
Əslində, Sadıqovun təyinatı, yalnız gənclər komandasının nəticələri ilə bağlı deyildi. Keçən ilin noyabrında ölkə futbolunda ciddi islahatlar aparılması ilə bağlı qərar qəbul edildi. Qərara görə, əsas millidə Robert Prosineçkinin əvəzinə Qurban Qurbanov baş məşqçi təyin edildi. Bütün yığmalara nəzarətin verildiyi mütəxəssis bundan sonra aşağı yaş millilərini güvəndiyi məşqçilərə tapşırdı. Daha vacib hesab olunan U-21 yığması isə Rəşada həvalə edildi.
 
Buna qədər yalnız “Qarabağ”ın U-19 komandasında çalışmasına, təcrübəsizliyinə baxmayaraq, Sadıqova inam olduğu aşkar görünürdü. Hər halda, futbolçu kimi nüfuz qazana bilən Rəşadın məşqçi kimi də bunu edəcəyi gözlənilirdi/gözlənilir.
 
Sadıqov təyin olunandan sonra açıqlamalarında əsas diqqəti növbəti seçmə mərhələnin komandasını qurmağa yönəldəcəklərini, mümkün olarsa, xal və ya xallar qazanacaqlarını, əsas milliyə faydalı olmağa, futbolçu hazırlamağa çalışacaqlarını söyləyirdi. Belə yanaşma doğru idi. Onsuz da bu seçmə mərhələdə 5 oyundan sonra hər şey itirilmişdi.
 
Sadıqovun yeni postunda ilk sınağı səfərdə Kosovoya qarşı oldu. Buna qədər komanda bir neçə yoxlama oyunu keçirmiş və insafən, əvvəlki dövrlərə nisbətən daha yaxşı təsir bağışlamışdı. Ən azından U-21 futbolu imitasiya etməyə başlamışdı. Ancaq ilk rəsmi sınaqlar uğursuz alındı.
 
Kosovoda qarlı hava şəraitində baş tutan qarşılaşmada milli rəqibi qarşısında aciz qaldı – 0:2. Komanda həmin iqlimdə sadəcə oynaya bilməmişdi. Ordan İrlandiyaya yollanan U-21 yenə məğlubiyyətlə üzləşdi. Bu dəfə komada 0:1 hesabı ilə uduzdu. Rəşad Sadıqov baş məşqçi kimi ilk xalını qazanmağa yaxın olsa da, 90+9-cu dəqiqədə buraxılan qolla heç-heçə əldən verildi.
 
İlk xal ev oyununda əldə edildi. Bakıda İsrailə qarşı matçda milli seçmə mərhələdə ikinci heç-heçəsini rəsmiləşdirdi. Qrup sonuncusu olacağı artıq bəlli olan komanda son iki turda daha güclü Norveçə evdə 1:3 uduzdu, səfərdə isə 1:1 heç-heçə oynadı.
 
Rəşad Sadıqovun gəlişi komandada nəticə baxımından böyük dəyişikliklərə səbəb olmasa da (Düzdü, böyükhesablı məğlubiyyət qeydə alınmadı, 2 xal əldə edildi, ancaq nəzərə almaq lazımdı ki, komandanın əsas təhlükə Almaniyaya qarşı hər iki oyunu artıq keçirilmişdi – F.T.), oyunda müəyyən dəyişiklik görünürdü. Ancaq bu da əvvəlki baş məşqçilərin dövründəkilərdən kəskin fərq deyildi.
 
Sadıqovun sələflərindən fərqi, heyətdə daha gənc oyunçulara şans verməsidi. Bu da, onun daha çox növbəti seçmə mərhələni düşünəcəkləri ilə bağlı fikirlərinin təsdiqi idi. Sadıqov Ələkbərovun zamanında millidən uzaqlaşdırılan, hətta Azərbaycan yığmasından imtina etdiyi bildirilən Ozancan Kökçünü geri qaytardı. Əvəzində Mustafa Özhitay və Serkan Baloğlunu dəvət etmədi. Hollandiyada çıxış edən Ziya Əzizovu milliyə çağırdı, Barış Ekincieri gətirdi. Xüsusilə də, sonuncu futbolçu haqqında qeyd etmək lazımdı ki, milliləşdirilən digər türklərdən fərqli olaraq, kifayət qədər yaxşı təsir bağışlayır. Bundan başqa, Hacıağa Hacılı və Rövlan Muradov “Qarabağ”a cəlb olundu. Hər iki addımda əsas məqsəd adıçəkilən futbolçuların oyun praktikasının olması idi.
 
Rəşad Sadıqovun baş məşqçiliyi dövründə komandada əsas dəyişiklik ab-hava ilə bağlıdı. Əvvəlki çalışdırıcılardan fərqli olaraq, gənc mütəxəssis dəfələrlə futbolçularına inandığını söyləyib və hər fürsətdə bunu edir. Hətta Norveçlə son matçda səhvindən qol buraxılan Kamran İbrahimovun ən yaxşı oyunlarından birini keçirdiyini deməsi ona dəstəyinin nümayişi idi. Sadıqov növbəti seçmə mərhələdə artıq daha çox nəticəni düşündüyünü və indidən bütün diqqətini buna yönəldəcəyini açıqlayıb. İndi heyətdə edilən dəyişikliklər, atılan addımlar da məhz buna hesablanıb. Bizə isə gözləmək qalır.
 
Sadıqovla bağlı daha çox müzakirə olunan məqam onun futbolçu karyerasını davam etdirə-etdirə U-21-i çalışdırmasıdı. Gənclər millisinin baş məşqçisi olmaq olduqca vacib və məsuliyyətli məsələdi, bununla eyni zamanda futbolçu kimi də çıxış etmək isə yumşaq desək, işin ciddiyətinə xələl gətirir...

Faiq Tahirov

(Növbəti yazı bu LİNKdə)


oxunma sayı: 1824 | Paylaş:




?>