')

Bu gün:


FutbolPress.Az | U-21-in fiaskosu: Gəlişi pis vaxta düşən “maniken”

U-21-in fiaskosu: Gəlişi pis vaxta düşən “maniken”


oxunma sayı: 1685 Paylaş:

FutbolPressII YAZI (Əvvəli bu LİNKdə)

Yaşar Vahabzadənin istefaya göndərilməsindən sonra U-21 müvəqqəti olaraq Samir Ələkbərova tapşırıldı. Bu, elə bir dövr idi ki, yığma xal və ya xallar qazanacağına ümid edilən ilk iki oyundan məğlub ayrılmışdı. Növbəti iki matçdakı rəqib isə qrupun şəksiz favoriti Almaniya olacaqdı. Deməli, 4 turdan sonra yığmanın xalı olmayacaqdı. Bu həqiqəti bilə-bilə Ələkbərov komandanı qəbul etdi.

Beləliklə, artıq ikinci turdan sonra milli üçün seçmə mərhələnin başlaması ilə bitməsinin təxminən eyni olduğu bəlli olmuşdu. Yenə ən yaxşı halda qrup sonuncusu olmamaq üçün mübarizə aparacaqdıq. Bundan sonra hansısa yaxşı nəticəyə, yuxarı sıralara yüksəlməyə inanmaq Volterin absurd optimizmi olardı, ya da bir fövqəlistedad tapılıb vəziyyəti kökündən dəyişməliydi. Reallıqdan uzaq şeylər... Həqiqət isə o idi ki, biz heç sonuncu olmamaq üçün də mübarizə apara bilməyəcəkdik – açıq-aşkar autsayder olacaqdıq.

Samir Ələkbərovun debütü səfərdə Almaniyaya 1:6 hesablı məğlubiyyətlə oldu. “Bundestim”ə qarşı Bakıda keçirilən cavab oyununda da yığma darmadağınla üzləşdi. Bu dəfə daha böyük hesabla – 0:7. Hər iki darmadağın əvvəlcədən ehtimal edildiyi üçün Samir Ələkbərovun üzərinə çox gedən olmadı.

Ona belə münasibətin səbəblərindən biri də Vahabzadədən fərqli davranışı idi. Baş məşqçi təyin olunduqdan sonra ilk açıqlamalarından etibarən daha çox yerli futbolçulara güvənəcəyini, lazımsız legionerlərin sayını minimuma endirəcəyini aşkar bildirmişdi. Elə əməlləri də dediklərini təsdiqləyirdi. Samir bəy Əmirhüseyn Nəcəfi, Onur Albayrak və Ozancan Kökçünün yığmaya yolunu kəsdi. Milliləşdirilən oyunçulardan yalnız Serkan Baloğlu və Mustafa Özhitay yenidən dəvət alır, oynayırdı. Bundan başqa, o, Renat Dadaşov, Fərid Nəbiyev, Anton Krivotsyuk kimi oyunçuları yığmaya cəlb etməsiylə də diqqət çəkdi.

Ələkbərov qısa müddətlik baş məşqçilik dövründə hər halda yığmaya ilk xalını qazandıra bildi. Bu, V turda Kosovo ilə ev oyununda baş verdi. Qeydə alınan 0:0 hesabı millinin xal aktivindəki 0-ı 1-lə dəyişdi. Düzdü, indi də əksəriyyət bu fikirdədi ki, Kosovo ilə ev oyunu qrupda qələbə qazana biləcəyimiz ən yaxşı şans idi və Ələkbərovun komandası belə imkanı əldən verib. Ancaq qrupun yekunlarına əsasən danışsaq, əslində Kosovo Azərbaycanda xal itirib. Bəlkə də, komanda Bakıdan 3 xalla qayıtsa, qrup ikincisi olmaq üçün mübarizə apara bilərdi.

Kosovoya qarşı oyunla, Samir Ələkbrovun yığmadakı qısamüddətli karyerası başa çatdı. Gəlişi sakit olan çalışdırıcının gedişi daha hay-küylü oldu. Çünki o, postundan ayrıldıqdan sonra susmağı yox, danışmağı seçdi. Komandadakı köməkçiləri – Aslan Kərimov və Cahangir Həsənzadənin onun işini tamamilə ələ keçirdiyini, sanki bir manikenmiş kimi davranıldığını deyən Ələkbərov açıq-aşkar bir çoxlarının ona futbolçu sifariş etdiyini söylədi. Ad açıqlamasa belə, onun bu cür fikirləri həmin zaman ciddi rezonansa səbəb olmuşdu. Artıq sübut edilmişdi ki, doğrudan da, U-21-ə futbolçu götürülməsi üçün məşqçilərə ciddi təzyiqlər var.

İki məşqçiylə seçmə mərhələninin yarısını keçirdikdən sonra sonra baş məşqçi postuna Rəşad Sadıqov gələcəkdi. Həmin Sadıqov ki, yeni strategiyanı icra etməliydi/etməlidi.

Faiq Tahirov


(Davamı bu LİNKdə)


oxunma sayı: 1685 | Paylaş:




?>