')

Bu gün:


FutbolPress.Az | Günün açar sözünün müəllifi - SİTAT

Günün açar sözünün müəllifi - SİTAT


oxunma sayı: 915 Paylaş:

FutbolPressTPL-in XVI turunun ən maraqlı qarşılaşması Sumqayıtda olacaq - "Sumqayıt" - "Neftçi" (2:0). Səbəb oyundan bir gün əvvəl "Sumqayıt"ın prezidenti Kamran Quliyevin istefaya getmiş/göndərilmiş Orxan Hüseynzadənin postuna gətirilməsi. Artıq "Neftçi"nin rəhbəri kimi doğma komandasına qarşı kürsüdə təmsil olunacaq bir prezident görəcəkdik. Amma bundan da maraqlı, qeyri-adi məqamları müşahidə etdik.

Başladıq...

"Sumqayıt"ı hələ belə aqressiv/mütəşəkkül/məqsədli görməmişdim. Amil Yunanovun müdafiədə, cinahda, yoxsa hücumun sivri ucunda oynadığını itirmişdim. Beləcə digər oyunçular da. Görüş 6 taym da  davam eləsə, "Neftçi" bu komandanın qapısına yol tapa bilməzdi.

Oyunsonrası mətbuat konfransında ekstravaqant Samir Abasovun dediklərindən anlayacaqdıq ki, hər şey Kamran Quliyevin bu tövr gedişinə görədir. Möhkəm inciklik var. Abasov əməlli-başlı küsüb və bunu açıq şəkildə büruzə verdi.  Bu sual-cavabdan hiss edəcəksiniz:

- Özünüzü tərkedilmiş kimi hiss edirsinizmi?
- Mən əvvəl də bunu hiss etmişdim, demirdim, lakin gördüm - komanda və mən, sadəcə biz var idik, vəssalam.


Yəni Abasov etiraf edir ki, onların arzusu, istəyi, cəhdləri qədər dəstək olmayıb və Quliyevin belə qəfil gedişini pis qarşılayıblar. "Neftçi"ni nəyin bahasına olursa-olsun, udacaqlarını bilirdi - bunu da açıq dedi Abasov.

Hər halda, bu olayların xəmiri az su aparmayacaq. Çünki bu gün Kamran bəy PFL prezidenti Ramin Musayevin "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədova öz açqlamalarıyla təzyiq etdiyini deməsinin gurultusu qulaq batırdı. Üstəgəl, Quliyevin "Neftçi"yə gedişindən sonra onun boşalmış postuna AFFA baş katibi Elxan Məmmədovun qohumu Zaur Hacıməhərrəmovun təyin edilməsi haqda informasiya...

..Günün açar sözünün məhz Ramin Musayevdən gəldiyini gördük. Sözügedən oyundan sonra Musayev jurnalistlərin suallarını cavablandırarkən yenidən "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədovdan inciməsi haqda açıqlamasına toxunuldu. Musayev bu məqamda: "Əşi, sözdü də demişəm. Mən Tərlana neyləyəsiyəm? Hə, cəzalandıracam! Ləzgi xəncəri ilə onun başını kəsəcəm". Gülür...

Ancaq bu, elə-belə söz deyildi. Musayev adətən, qeyri-ciddi açıqlamalar verən biri kimi gündəmə gəlsə də, diqqətlə fikir verən, onu tanıyanlar bilər ki, danşığında hər sözü seçərək işlədir və nəyəsə işarə edir.

"Ləzgi xəncəri"

Biz qarşıdakı qarşıdurma vəziyyətini bu sərlövhə altında izləyəcəyik. Zahirən hiss etməyənlər hədər vaxt sərf etməsin, bu, çox incə, lakin mütəşəkkül mübarizə mərhələsidir. Ölkə futbolunda iki əsas cərəyan arasında intriqanın müəyyən çalarları açıq müstəviyə keçməkdədir.

Elçin Cəlilov



oxunma sayı: 915 | Paylaş:




?>