Bu gün:


FutbolPress.Az | Vaxt yoxdu? (QEYD)

Vaxt yoxdu? (QEYD)


oxunma sayı: 472 Paylaş:

FutbolPressÖtən gün xəbər yayıldı ki, "Kəpəz" TPL-in növbəti turunda "Keşlə" ilə qarşılaşmanı öz meydanında keçirmək istəmir. Bununçün PFL-ə şifahi müraciətin olduğu da deyildi. Səbəb  isə Gəncə şəhər stadionunun  ot örtüyünün yaxşı vəziyyətdə olmaması göstərildi.

Qazonun yenilənəcəyi haqda ilk dəfə ötən ilin martında AFFA prezidenti Rövnəq Abdullayev məlumat vermişdi. İllik hesabat-seçki konfransında müvafiq suala cavabında demişdi ki, Gəncə və Tovuzdakı stadionların ot örtüyü AFFA-nın maliyyəsi hesabına yenilənəcək. Tovuzdan hələ də ciddi xəbər yoxdur, ancaq açıqlamadan iki ay sonra Şotlandiyanın SİS şirkətinin Gəncə stadionunun ot örtüyünü dəyişdirəcəyi məlum oldu. Şirkətin bundan əvvəl "Dalğa Arena", "8-ci km stadionu" kimi arenalarda da meydança saldığı və keyfiyyətli alınmadığı məlum idi. Bundan başqa, SİS-in hansı şərtlər əsasında seçildiyi də məlum olmadı. Sadəcə, AFFA-nın baş katibi Elxan Məmmədovun əlaqələri hesabına - bu da şəffaf məqam təsiri bağışlamadı.

Yayın başlanğıcında işlərə start verildi. Sonra məlum oldu ki, "AFFA-nın hesabına yenilənəcək" deyilən məsələ "AFFA-dan kluba ayrılan büdcədən ayrılacaq" mənasında imiş. Nəticədə "Kəpəz" xeyli geri düşdü. Qeyri-rəsmi məlumatlara görə ot örtüyünün yenilənməsi işləri üçün yarım milyon manatadək ayrılıb. Maddi cəhətdən qol-qanadı qırılan Gəncə klubu əsas oyunçularını itirməyə məcbur qaldı, yeni transferlər mümkün olmadı  və s.

Meydançanın düzəlməsi, komandanın didərgin düşməməsi xatirinə susub, razılaşan baş məşqi Şahin Diniyev də əslində beləcə bada getdi...

*     *    *

Oktyabrda yenidənqurmadan sonrakı görüntülər ortaya çıxdı. Hamı bəh-bəhlə qarşıladı. Nəhayət, Gəncə stadionu da səviyyəli meydançaya sahibləndi və s. dəbdəbəli fikirlər yarandı. Ancaq...



Gördüyünüz mənzərə. Üstündən yarım il keçməmiş yeni qurulmuş və guya ən yüksək standartlar əsasında hazırlanmış işin keyfiyyəti ortada. Ot örtüyü yararsız haldadır. Nəinki rəngi saralıb, örtük qatının rahat oynamaqçün əlverişli olmadığı məlum olub. Bu da işin keyfiyyətsiz görüldüyünü iddia eləməyə əsas verir.

"FutbolPress" məsələni araşdırmaqçün AFFA-nın İnfrastruktur direktoru Kamran Əliyevdən soruşdu. Müsahibəyə baxsanız, görəcəksiniz ki, əsas məqam gələndə cavab verməkdən boyun qaçırır. O anadək isə haqlı-haqsız dirənir ki, Gəncə stadionunun ot örtüyündə problem yoxdur, qışda belə olmalıdır və s.

Müsahibədən əsas məqama diqqət yetirək:

- İqlimi Gəncədən heç də isti olmayan Qəbələ stadionunun ot örtüyü ideal vəziyyətdədi. Gəncədəki arenada yeniləmə işlərini aparan SİS şirkətinin nəzarət etdiyi "8-ci km stadionu"nda da qazon yaxşı vəziyyətdə deyil. Bu da birmənalı qarşılanmır. Bəlkə, iş keyfiyyətsiz görülür?
- Yanlış məlumatdır. Nə Gəncədəki stadiona, nə də “Bakcell Arena”ya SİS şirkəti nəzarət edir.


Bundan sonra görüşünün başladığını bildirən Əliyev növbəti sualımızı səsləndirməyə imkan vermədi və başqa zaman ətraflı danışa biləcəyini söylədi.

SİS-in hüquqi ünvanını, əlaqə vasitələrini heç cür tapmaq mümkün deyil. İnternet resurslarında da rast gəlmədik. Belədə biz prosesdə tərəflərdən biri olan AFFA ilə araşdırmalıydıq. Bu da nəticəsi.

Ortada isə keyfiyyətsiz iş, külli-miqdarda maliyyə itkisi, qeyri-peşəkar yanaşma var...

Elçin Cəlilov


oxunma sayı: 472 | Paylaş: