Bu gün:


FutbolPress.Az | Dario Federiko səhvinin günahı kimdədi? (QEYD)

Dario Federiko səhvinin günahı kimdədi? (QEYD)


oxunma sayı: 795 Paylaş:

FutbolPressNə qədər ki, Tərlan Əhmədovun qəlyan çəkməsi haqda növbəti şokedici xəbər çıxmayıb, sizə bir məqamı danışmaq istəyirəm.

"Kəpəz" yanvarın 18-dən fevralın 2-dək Antalyada qış toplanışında oldu. Toplanışın ilk dönəmindən düşərgəyə qoşulan köhnə-yeni favorit Dario Federikonun komandaya hava-su kimi lazım olduğunu hamı qəbul elədi, razılaşdı.

Dünən məlum olur ki, "Neftçi"yə qarşı onu oynada bilməyəcəklər.

Səbəb?

Koreya klubundan müvafiq informasiyalar oyunçuların beynəlxalq transfer sisteminə (TMS) tam yerləşdirilməyib. Bu, "Kəpəz"in klub olaraq xəcalətverici həddə olduğunu isbatlayan bariz nümunədir. Bir neçə bənddə mövzunu açaq:

- Niyə Darionun müvafiq sənədləri növbəti tura 3 gün qalmış toplanmalıydı? O, Antalya toplanışında iştirak etdi, ondan sonra vətənə gələn klubun yenə vaxtı var idi ki, bu müddətdə elə də çətin/qəliz olmayan prosesi tamamlasın. Neyçün bu qədər gecikmə olub?

- Federikonun transfer məlumatları TMS-ə vaxtında yerləşdirilmədiyi üçün "Neftçi"yə qarşı oynadılmır. Həftəsonu ayılıb, əl-ayağa düşən "Kəpəz"dəki kargüzarlıq tipli işləri görən Fuad Muxtarlı təbii ki, qısa müddətdə bunu yoluna qoya bilməzdi. Xüsusən, Koreya - bizimçün spesifik ölkə; problem yaşanarsa həlli, ən azı Avropa, postsovet ölkələrinə nisbətən 2-3 dəfə ləng həlini tapacaq. OK, nədir bir klubu bu qədər gec tərpənməyə vadar edən? Niyə bu tip işləri görəcək menecer ştatı yoxdur?

- "Kəpəz"in ilk biabırçılığı deyil. Burdan hay-həşirlə Antalyaya gedən komandanın nə fotoqraf, nə mətbuat əlaqələndiricisi aparmadığını biləndə məəttəl qaldıq. Yoldaşlar, bu nə dərəbəylikdir? Haqqınızda məlumatları, görüntüləri hardan, necə əldə edək? - Yunis Hüseynov belə deyirdi, "Dadibidad! Həqqi, mətbuat xidməti bu qədər lazımlı şey imiş?"

- "Neftçi" 86-cı dəqiqədə kiçik səhvdən yararlanıb, hesabı açdı və bu, matçda yeganə qol oldu. Oyunsonrası mətbuat konfransında Hüseynov ən çox bu frazanı işlətdi: "Dario olsaydı, nəticə başqa cür olacaqdı".

Fikir verin, Hüseynov necə politik manevr edir. Bir növ, məğlubiyyətdən boyun qaçırır ki, niyə futbolçunun sənəd işləri vaxtında həll edilmir, yoxsa mən qələbə qazandıracaqdım və s. Bu manevrdə o, əslində haqlıdır. Belə işlərlə baş məşqçi yox, peşəkar klubdursa, müvafiq əməkdaşları məşğul olur. Ancaq işin başqa tərəfi də var. Dario, yuxarıda da qeyd etdik, iki həftədir, düşərgədədir və Hüseynov hələ də maraqlanmayıb ki, onun transfer məsələləri nə yerdədir. Müasir dövr və bu hadisə. Gülərlər... İndi baş məşqçilər təkcə məşq keçən deyil, həm də klubun baş meneceridir. O, hər proseslə maraqlanmalıdır. Burda bir problemdən söhbət gedirsə, deməli, həm də Yunis Hüseynov günahkardır. Ancaq o, manevrlə vəziyyətdən çıxmağa, situasiyanı xeyrinə çevirməyə cəhd edir. Tahir Süleymanovun bu tip məqamlara aid yaxşı bir izahı var: futbolçu və ya məşqçi məğubiyyətə izah üçün azca açıq almış pəncərəni də bəhanə gətirər, gərək heç o da olmasın.

- "Kəpəz" AFFA-nın Müşahidə Şurası sisteminə daxil olan klublardandı. Uzaq olmayan keçmişdə şuranın AFFA-dan təyin olunan üzvünün maxinasiyada adı hallandı və qovuldu, yerinə milli komandanın uzun illər inzibatçısı olmuş İslam Abbasov göndərildi.
İslam bəy, salam. Necəsiniz? Dario Federiko necədir? Klubdakı postunuza görə aldığınız maaş necədir? Soyuqlamayıb ki... Yox, yox, işinizdə olun, belə çox da ciddi problem deyil, Darionun gəlişi üçün pul ödənir və o, bir sənəd səhvi ucbatından bir tur oynamır. Heç nə... Əsas odur, sizin illərə söykənən milli komanda inzibatçılığı təcrübəniz var, qalan boş şeydir. Müşahidə Şurası haqqı!

- Bu tip proseslər göstərir ki. Azərbaycanda klublaşma hələ orta səviyyə həddində də deyil. Maaşları? Bax, o geciksə, az olsa, nəsə bir nasazlıq yaransa o istiqamətdə, dərhal hay-küy qopar! Hələliksə, sakitçilik və sabitçilikdir. Dario oynamasın bu həftə, oynasın gələn həftə - pul ki əl çirkidir...

Elçin Cəlilov


oxunma sayı: 795 | Paylaş: