')

Bu gün:


FutbolPress.Az | Günah Qərbdədir - Antalya qeydi

Günah Qərbdədir - Antalya qeydi


oxunma sayı: 2270 Paylaş:

FutbolPress16 yanvar. PFL-in "Medianın ezamiyyəti"  dəstəyilə Antalyaya yola düşürəm. "Qarabağ"ın əməkdaşları aeroportda məni qarşılayır. Möhtəşəm səslənir,  ancaq bu, belə olmamalıdır. Klub əməkdaşları jurnalisti qarşılamamalıdır, özü taksi kirayələyib, otelə getməlidir. Klubun yerləşdiyi otelə yox, özü kirayələdiyi otel nömrəsinə. Ancaq bizim belə imkanımız yoxdur. Və media funksiyalarının yarıdan çoxu pozuldu...

İndi bu şəraitdə sən jurnalist - çalışmalısan ki, həm gördüklərini olduğu kimi çatdırasan oxucuya, həm də hər xərcini qarşılayan klubdan "inciklik" olmasın. Yaxşı ki, bu, "Qarabağ"dı, dərin problemləri olmayan klubdu... yaxşı ki, sizə yalan sırımaq kimi şakərimiz olmayıb heç zaman.

"İC Santai" otelində olduğum 5 gün ərzində həm "atlılar"ın məşqinə, həm U-21-in, "Qəbələ"nin  yoxlama oyununa da öz hesabına gedə bilməyən jurnalist kimi qalmışam/qalmışıq...

Məsələn, təkcə U-21-in yoxlama matçını izləmək, orda gördükərimi yazmaqçün oteldən oyun məkanına olan 7-8 km. məsafəyə görə 50 lirə ödəməli idik. Bu da təxminən 22 manat deməkdir. Bu cür ora-bura getlərin hər birini taksiylə etməlisən, avtobus olmur. Nəticədə külli-miqdarda kredit götürməlisən. Beynəlxalq Bankın evi yıxılsın, Cahangir Haciyev elədi hamısını...

Belə səfərlərin hər biri üçün hansısa klub funksionerini "köməyə çağırmalı" oluruq. Bu, ənənədir...

Təsəvvür edirsənmi, Jak, sən Fransadan Kabula gedirsən - bütün xərclərini özün qarşılayacaq həddə, ordan reportaj hazırlayıb, materialı öz ölkəndə bir neçə böyük KİV-ə satırsan. Külli qonorar. Amma mən/biz "Qəbələ"nin yoxlama oyunundan material hazırlamaqçün klubdan kiminsə bizi hadisə yerinə aparıb-gətirəcəyinə ümid...

Doğrudur, Jak, aramızda dəhşətli fərqlər var. Ancaq  mənim qədər koloritli yaza bilməzsən, çünki həmişə problemlər içində olanlar daha maraqlı film çəkir, daha təsirli yazır, daha yanğılı oxuyur. Bayatı-şiraz deyib, dururam, sən bilməzsən belə şeyləri... 

Səninlə əsas fərqlərimizdən biri də odur ki, heç cür mübarizə apara, mübarizəni kütləviləşdirə bilmirik. Sən haqqını/hüququnu qoruyursan, tələb edirsən. Bizdə biri bunu edəndə on biri onun əksinə gedib, "öz güzəranına" "sərmayə qoyur".

Hələlik, Jak, mənimsə Antalya ezamiyyətindən təəssürat yazısı sözüm var oxuculara, davam edim.

21 yanvarda oteli dəyişirəm. Daha iki həmkarımla "Qəbələ"nin düşərgəsinə qoşuluruq. Doğrudur, klubun qaldığı otel ayrı, biz qalan ayrıdır, ancaq hara lazım olsa, avtomobil təşkil edəcəklər... Həmin gün Amin Malufun "Səmərqənd"ini oxuyub, bitirmişdim. Təsəvvür eləyin, Həsən Səbbahın Ələmut Qalası məfhumunu yaratmasınadək keçdiyi həyat yolunu oxuyub, onun təsirindəsən; düşünürsən ki, 12-ci əsr insanı necə möhtəşəm, əzmkar olub. 21-ci əsrin insanı kimi əsrimin möhtəşəm kəşflərində sıfır rolumla otelin foyesinə düşüb, "Rabotniçki" ilə yoxlama matçına yollanırıq. Məmnun olduğum cəmi iki nüans var - düşərgədəki həmkarlarla özümü əsl işgüzar mühitdə hiss edirəm, bir də "Qəbələ" funksionerləri bizim camiədə nadirlərdəndi ki, heç vaxt jurnalistin radikal yazısına da minnətçi reaksiya vermir. Yetər ki, yazdığın reallığa yaxın yanaşma olsun. Həm də maraqlı həmsöhbətdilər. Oyuna baxa-baxa elə bilərsən ki, öz həmkarınla baxırsan - çatışmazlıqlar, boşluqlar, üstünlüklərin hamısına kənar gözlə - bizim kimi baxırlar söhbət zamanı...

- Millinin oyunu

- Klublardan "Neftçi" və "Kəpəz"in düşdüyü türbilentliklər

- Hər transfer xəbərindən sonra bundan kimin nə qədər "qatladığı" haqda müzakirələri eşitmək

- I Dviziondan Premyer Liqaya yüksələn olacaq? - mənasızlığı

27 yanvardan əfsanəvi "Miracle"dəyik. Hakimlərin düşərgəsində. Burdan şəhər mərkəzinə avtobuslar gedir.

...Avtobusla şəhər mərkəzinə gedirəm, "kolyaska"lı qadınlar görəndə ən çox da gənclər yerindən atılıb kömək edir. Orta qapıdan girənlərin gediş kartını bir-bir ötürüb, ödəmədən sonra eyni paslaşma ilə geri qayıtmasını görürəm. Əndirabadi geyim, "şampunçik" saçlı gənclərdi. Bizdə hələ də belələrinin bu cür hərəkətlər edəcəyinə inam yoxdu, onlar avaradılar...

Bu pozitiv səhnələrin çatışmazlığındandı bizim cəmiyyətin ağır enerjiyə, bu yazının da neqativə yükləməsi.

***       ***        ***

21-23 yanvar aralığında keçmiş həmkarlarımız - Emin Abbasovla Gündüz Abbaszadənin idarə etdiyi "Xəzər"in düşərgəsindəydim.

1. Antalya bölgəsinin Kəmər ilçəsindən Bələk qəsəbəsinədək 60-70 km. yolu gələrək məni götürür, düşərgələrinə aparır, o sıx iş qrafikində rahat fəaliyyətimizçün hər detalla maraqlanırlar.

2. Komandanın məşqlərinə baxırsan, işlərin təşkilinə nəzər yetirirsən - TPL-də azdı beləsi hətta. Əli Sahiblə xahiş edirik ki, baş məşqçi Elşad Əhmədovun nəzəri məşğələsini izləmək istəyirik, yenə dərhal həll olunur. Videokadrlarla yoxlama oyunundakı detalların müzakirəsi; Əhmədovun auditoriya ilə ünsiyyəti göstərir ki, haqqında eşitdiyimiz təriflər boşuna deyil. PRO təhsili alanlar arasında ən yaxşılardan biridir, həqiqətən. Bircə ləhcə və xarici dil problemi - mütləq həll eləməyə çalışsın.

3. Fevralın 2-də "Qarabağ Vyana" ilə yoxlama matçı olmalıdır. Həmin gün sonradan təxirə salınan millinin yoxlama görüşü də var. Emin Abbasov klubun sponsoruyla əlaqə saxlayır, bildirir ki, jurnalistlərin əksəri millinin oyununa gedəcək, istəyirik, avtobus kirayələyib onları əvvəlcə öz oyunumuza, arada vaxt itkisi olmasın deyə, birbaşa millinin matçına da aparaq. Sponsor bu müraciətə "çox gözəl, biz hazırıq" deyir. Nə yaxşı... Belə klublar niyə lap azdı ki? Niyə idman mediası "Qarabağ", "Qəbələ", "Neftçi"dən verilən reklam hesabına reklam verməyi lazım bilməyən digərlərinin oyunlarını, fəaliyyətini işıqlandırmalıdır ki?! Əgər bu reklam pisdirsə, onda böyük klublar niyə edir? Etməyənlər niyə etmir?

Məsələn, "Sumqayıt", "Zirə" yaxud digərləri - ehtiyat skamyada oturan cəmi bir futbolçunun aylıq məvacibi qədər (!?) maliyyəni niyə media sektoruna, sosial layihələrə ayırmasın? Niyə jurnalist reklam ödəyən klubun maliyyəsi hesabına bunu etməyən klubun fəaliyyətini işqlandırsın?!

Jak, bizim ölkəmiz bu cür. Gülməli gəlir sənə, hərgah başqa cür mümkün deyil. Problemlərimizin kökü də bundadır. Daha ciddi problemimiz bunları dilə gətirməməyimiz - komplekslərimizdir. İllərdir sınamışıq, peşəkar qaydalarla davam edəndə fəaliyyətimiz heç bir həftə çəkməyib. Reklam bazarı anlayışı bizdə yoxdur. Bax, bu yazıdan da görünür ki, Antalya səfərindən ciddi-ciddi məqalələr yazıb, guya təhlil eləməliyəm prosesləri. Ancaq basıb-bağlaya bilmirəm, alınmır. Bilirsən, bizdə neft var və hər fəaliyyətimiz o neftin qiymətindən asılıdır. Futbolumuzun inkişafı da, futbolumuzdakılar da...

Bəs niyə başqa işlə məşğul olmursan sualına isə belə cavab verim: onsuz başqa işlərdə də belədir. Hər yanda eyni sistem. Əgər USA Mesopotomiyaya girməsəydi, neft ucuzlaşmasaydı.. günahkar sizsiniz, Qərbdir!

Elçin Cəlilov

Bakı-Antalya-Bakı


oxunma sayı: 2270 | Paylaş:




?>