Bu gün:


FutbolPress.Az | İki fərqli hissə və yığmada yeni tərz – Antalyadan reportaj

İki fərqli hissə və yığmada yeni tərz – Antalyadan reportaj


oxunma sayı: 599 Paylaş:

FutbolPressAzərbaycan U-21 millisi yanvarın 9-dan Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadı. Bu, yeni baş məşqçi Rəşad Sadıqovun yığmadakı ilk fəaliyyətidi. Gənc mütəxəssis artıq komandasını iş başında da görüb. Yığmamız bu gün ilk yoxlama oyununda qonşu ölkənin “Alanyaspor” klubundan olan həmyaşıdları ilə üz-üzə gəlib. Komandamızın 3:1 hesablı qələbəsiylə başa çatan matçı izləyən “FutbolPress”in əməkdaşı qeydlərini çatdırır.


Belə ki:

- İlk hissədə bir, fasilədən sonra isə tamam fərqli “11-lik” meydanda oldu.

I HİSSƏ: 22. Aydın Bayramov (1996), 4. Bəhlul Mustafazadə (1997), 13. Murad Qayalı (1999), 2. Sertan Taşkın (1997), 15. Yusif Cəfərov (1998), 28. Hacıağa Hacılı (1998) , 21. Xəyal Nəcəfov (1997), 14. Nicat Süleymanov (1998), 7. Ehtiram Şahverdiyev (1999) , 11. Famil Camalov (1998), 10. Elnur Cəfərov (1997)
II HİSSƏ: 12. Abdulla Seyidəhmdov (1997), 3. Anton Krivotsyuk (1998), 5. Elvin Sərkərov (1997), 8. İlkin Muradov (1996), 9. Fəhmin Muradbəyli (1996), 16. İlyas Səfərzadə (1996), 17. Əskər Hüseynov (1999), 18. Ülvi İsgəndərov (1997), 19. Rafael Məhərrəmli (1999), 20. Ömər Buludov (1998), 24. İsmayıl İbrahimli (1998)

- Hesab açılana qədər komandalar daha çox kəşfiyyat xarakterli oyun göstərirdilər. Bununla belə, ərazi üstünlüyü bir qədər “Alanyaspor”un tərəfində idi. Ancaq Rəşad Sadıqov lazım olan məqamlarda oyuna təmkinli müdaxilələri ilə yadda qaldı. Qol buraxılana qədər hər şey belə demək olarsa, şablon qaydada davam etdi. 

- 39-cu dəqiqədə Türkiyə klubu hesabı açdı. Bundan sonra meydanın mərkəzində komandamızın pressinqi artmağa başladı. “Alanyaspor”un o zonada rahat oynamasına imkan verməməyə çalışan Rəşad Sadıqovun komandası tezliklə bunun bəhrəsini gördü. Çox keçmədi ki, hesab bərabərləşdi. 43-cü dəqiqədə Nicat Süleymanov rəqibi mərkəzə dəvət etdi. Bundan sonra da komanda eyni oyun üslubuna sadiq qaldı. Rəqibi pressinq altında saxlayan millimiz cinahda topu qazandı. Cərimə meydançasına edilən ötürmədən sonra Elnur Cəfərov hesabı xeyrimizə dəyişdi.

- Fasilədə Sadıqov bütünlüklə heyəti dəyişdi. O, daha təcrübəli, meydanda görməyə alışdığımız futbolçuları oyuna qoşdu. Rəqib komandada da bir neçə dəyişiklik oldu. Amma bu, yığmamızdakı qədər deyildi.

- İkinci hissə tamamilə komandamızın üstünlüyü ilə keçdi. İlk yarıdan fərqli olaraq oyunçular arasında anlaşma, xətlərarası əlaqə daha yüksək səviyyədə idi. Baxmayaraq ki, fasiləyə qədər komandamız 2, sonra 1 qol vurdu (Ülvi İsgəndərov, 70), ikinci hissədəki oyun daha gözəgəlimli oldu və futbolçular daha həvəsli görünürdülər. Ərazi üstünlüyü tamamilə millinin xeyrinə idi. Ən əsası, müdafiəçilərdən ön xətt oyunçularına qədər – bütün futbolçular hərəkətdə idi. Komanda sərt oyuna üstünlük verir və rəqibi təzyiq altında saxlamağa çalışırdı.

- Belədə rəqib komandanın baş məşqçisi vəziyyəti dəyişməkçün oyuna bir sıra müdaxilələr etməli oldu. Ancaq yenə də Rəşad Sadıqovun yetirmələri istər cinahlarda, istərsə də mərkəz zonada topa hakimiyyəti özündə saxladı. Toplanış cəmi bir həftə əvvəl başlasa da, artıq komandada yeni oyun üslubu elementləri görünməyə başlayır. U-21 əvvəlki baş məşqçilərin dövründə olduğundan fərqli olaraq, həm hesabı düşünür, həm də yaxşı oyun göstərməyə çalışırdı.

- Matçı izləyənlər arasında Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”ın futbolçuları da var idi. Sabah yoxlama oyunu (“Kuban”, 18:00) keçirəcək Ağdam klubu günü bir məşqlə başa vurmuşdu. Boş vaxtdan istifadə edən komandanın əksər üzvləri Rəşad Sadıqovun millidə debüt oyununa baxmaq üçün tribunada yerini almışdı. Bundan başqa “Qarabağ”ın rəhbər şəxsləri, müxtəlif komandaların skautları da matçı izləyirdi.

- Yekun olaraq, ayrı-ayrılıqda kimisə təhlil etməyə dəyməz. Matçdan sonra Rəşad Sadıqovun səsləndirdiyi bu fikir oyunun ümumi mənzərəsini tam çatdırır: “Nadir hallarda olan şeydi ki, demək olar bütün futbolçulardan razı qaldım”.


Yığmamız Antalyada növbəti yoxlama oyununu yanvarın 21-də Albaniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək. “FutbolPress” həmin oyundan da sizə reportaj təqdim edəcək...











oxunma sayı: 599 | Paylaş: