Bu gün:


FutbolPress.Az | Zaur Əzizov: “Heç kəs yay transferlərimizi uğursuz adlandıra bilməz” (MÜSAHİBƏ)

Zaur Əzizov: “Heç kəs yay transferlərimizi uğursuz adlandıra bilməz” (MÜSAHİBƏ)


oxunma sayı: 711 Paylaş:

FutbolPress“Qəbələ”nin baş meneceri Zaur Əzizovun “FutbolPress”ə müsahibəsi...

- “Qəbələ”nin mövsümün birinci hissəsindəki çıxışı barədə fikirlərinizi bilmək istərdik...
- Daha yaxşı ola bilərdi. Avrokuboklarda mübarizəni erkən dayandırsaq da, çempionatda ikinci yerdəyik və kubokda yarımfinala çıxmışıq. Bəzi oyunlarda istədiyimiz nəticələri əldə edə bilmədik. Amma xüsusilə ikinci dövrədə komanda çox yaxşı nəticələr qazandı. Bəlkə də, “Qəbələ” ilin sonunda son dövrlərdəki ən yaxşı oyununu göstərirdi.

- Sizcə, bəzi oyunlardakı gözlənilməz uğursuzluqlar nə ilə bağlıdı?
- Bizim hədəfimiz bəllidi. Komanda çempion olmaq uğrunda yarışır. Ola bilsin ki, bəzən istənilən qədər keyfiyyətli oyun göstərmək mümkün olmayıb. Nəticələrin daha yaxşı olmasını istərdik. Sadəcə komanda mövsümə istədiyimiz qədər yaxşı başlamadı.

- Yay transfer pəncərəsində heyətə cəlb olunan futbolçuların çıxışı sizi qane etdi?
- Ardıcıl olaraq Avropa Liqasının qrup mərhələsində çıxış etdikdən sonra bu il qərara aldıq ki, heyəti daha tez hazır vəziyyətə gətirək. Yəni əgər əvvəllər bir neçə mərhələ keçdikdən sonra ciddi transferlər edirdiksə, bu dəfə ilk təsnifat mərhələsinə qədər demək olar ki, heyəti hazır vəziyyətə gətirmişdik. Heç kəs yay transferlərini bir qayda olaraq uğursuz adlandıra bilməz. Bəzi oyunçular öz potensiallarını tam aça bilmədilər. Bunun üçün onların sadəcə imkanı olmadı. Avropa Liqasında mübarizəni erkən dayandırdıq. Çempionatda isə legioner limiti olduğu üçün heç də bütün futbolçular yetərincə şans qazanmadı. İlin sonuna doğru komandanın nəticələri düzəldikcə baş məşqçi artıq müəyyənləşdirdiyi heyəti dəyişmədi və digərlərinin oynamaq imkanı demək olar ki, olmadı.

- Ancaq yeni qoşulan yerlilərdən İlqar Qurbanov və Elvin Məmmədov da meydanda çox görünmür...
- İlqar şanssızlıq yaşadı. Onun Avropa Liqasındakı oyunu yaxşı alınırdı. Əsas heyət üzvü idi. Elə indi də əsas sağ cinah müdafiəçimiz sayılır. Ancaq çempionatın gedişində uzun müddət zədə səbəbindən kənarda qaldı. Elvin Məmmədova gəlincə, o da ilk dövrlər meydanda daha çox olurdu. Bir qədər əvvəl də dediyim kimi, ikinci dövrədə baş məşqçi uğurlu seriya yaxaladıqdan sonra artıq heyətdə ciddi dəyişikliklər etmədi və bəzi oyunçular kənarda qaldı.

- Mövsümün əvvəlində komandaya qoşulanlardan Cozef Monroz və Famussa Kone daha yaxşı çıxış edirlər. Bir çoxları onsuz da şans qazanmayan Endi Hallidey və Deyv Bultuis kimi futbolçuların göndərilməsini daha məqsədəuyğun sayır...
- Famussa Konenin adını çəkirsiz, ancaq birinci dövrədə o da meydanda çox olmurdu. Ümumiyyətlə, start heyətdə oynamamışdı. Sonradan isə daha çox şans qazandı və qollar vurmağa başladı. Biz bu gün start heyətində cəmi 6 legionerdən istifadə edə bilirik. Buna görə də hər oyunçu şans qazana bilmir. Baş məşqçi özü də deyir ki, mən hər bir oyunçudan istədiyim kimi istifadə edə bilmirəm. O, kimdənsə narazı deyil. Sadəcə obyektiv səbəblər var.

- Belə çıxır ki, adını çəkdiyimiz futbolçular da şans qazansalar, özlərini doğrulda bilərdilər...
- Nə Bultuis, nə də Hallideyin transferi çox sadə şəkildə həll edilib. Biz onları çətinliklə razı sala bilmişdik. Bultuis “Qəbələ”yə II Bundesliqadan gəldi, Hallidey Avropanın adlı-sanlı klublarından biri “Reyncers”dən gətirilib. Ancaq onlar gəlib burda istədiklərini görmədilər. Oynamaq imkanları olmadı. Avropada çıxışımız erkən dayandı, limit yerli yarışlarda problem yaratdı və s. Bu, həmin futbolçuların özünün də narahatlığına səbəb olur. Ancaq bu gün konkret hansısa futbolçunun göndərilməsi gündəmimizdə yoxdu. Bütün oyunçuların da komanda ilə müqaviləsi var.

- Famussa Konenin adı Türkiyənin “Samsunspor” klubu ilə çəkilir. Bu xəbərlərin əsası varmı?
- Yoxdu.

- Roman Qriqorçukun komandadan göndərilən Ekiqo Ehiosunun yerinə yeni hücumçu istədiyi də dolaşan xəbərlər arasındadı...
- Əslində, Ehiosun komandada özünə yer edə bilmədi. Buna görə də onun yerinə futbolçu alınması bir qədər məntiqli görünmür. Ümumiyyətlə, yeni transfer edilirsə, bu, o demək deyil ki, həmin futbolçu kiminsə yerinə gətirildi. Eyni zamanda kiminsə cəlb olunması mütləq komandadan hansısa oyunçunun gedəcəyi anlamına gəlmir. Ehiosun ona olan ümidlərimizi doğrulda bilmədi. Buna görə də onunla yolları ayırmaq qərarına gəldik.

- Qışda “Qəbələ”nin heyətində çoxlu dəyişikliklər gözləyək?
- Yanvarda müqaviləsi başa çatan yalnız Vojislav Stankoviç idi. Onunla da yeni sözləşmə imzaladıq. Başqa hansısa futbolçunun göndərilməsi gözlənilmir. Eyni zamanda çoxlu transferlər də olmayacaq. Bəzi yeni oyunçular alına bilər, amma ciddi dəyişiklik gözlənilmir.

- Belə başa düşdük ki, bu heyət əsas məqsəd olan çempionluq və ölkə kuboku mübarizəsində yetərli görünür...
- Bu futbolçularla uğur qazanmaq olar. Komandanın bunun üçün yetəri qədər potensialı var.

Faiq Tahirov


oxunma sayı: 711 | Paylaş: