Bu gün:


FutbolPress.Az | Konfransda deyilənlər və gördüyümüz rakurs... (QEYD)

Konfransda deyilənlər və gördüyümüz rakurs... (QEYD)


oxunma sayı: 1480 Paylaş:

FutbolPressAFFA İcraiyyə Komitəsinin (İK) bu il son iclası da baş tutdu. Gecikən toplantıda müzakirə olunanların protokol gündəliyi AFFA-nın rəsmi saytında təqdim edilməsə də, aşağıdakı bəzi qərarlar verilib:

1. Azərbaycan yığma komandalarının baş məşqçisi vəzifəsinə təyinatlar təsdiq olunsun:

- U-21 və U-20 – Rəşad Sadıqov
- U-19 – Vüqar Məmməd
- U-18 – Zaur Həşimov
- U-17 – Ramin Quliyev

2. FIFA-nın göstərdiyi maliyyə yardımı hesabına Sumqayıt şəhər stadionunun ərazisində 2 ədəd, Bakı Olimpiya Stadionunun ərazisində 1 ədəd təbii ot örtüklü standart ölçülü meydan salınsın

3. Nailə Rüstəm-zadə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sədri təyin olunsun

İclasda həmçinin “Futbol oyunlarının nəticəsinin manipulyasiyası faktları” və “Region Liqası” turniri ilə bağlı xüsusi tэqdimatın müşayiəti ilə məlumat verilib.

*   *   *

Manipulyasiya söhbətinə qayıdacağıq. Sizə günün panoramını müşahidə etdiyimiz rakursdan çatdırmağa çalışacağıq.

Hiss olunurdu ki, "Bayıl Arena" tədbir gününə xüsusi hazırlaşmışdı. Ancaq bu da alabəzək...

Bazanın 3-cü mərtəbəsinin təmirinin təqdimatı - jurnalistlərin həmin mərtəbəyə müşahidə üçün dəvəti ilə baş tutdu. Bura "Bayıl Məşq Mərkəzi" kimi millilərin və "Səbail"in istismarında olacaq.

İkinci mərtəbə ilə üçüncü mərtəbənin fərqi çox böyük idi. Bəzən məşqçilərin oyunsonrası mətbuat konfransında dediyi söhbətə oxşar: İki fərqli mərtəbə izlədik. Biri təmirsiz, biri təmirli.

Hətta çöldən də bazanın üçüncü mərtəbəsi başqa rəngə boyanmışdı.

Yığma məhz belə yerdə qalacaq. Anormallıq...

Bu da ölkə futbolunda hər şeyə yanaşmanın mahiyyətini göstərən incə detallardan biridir.

*      *      *

Sonra İK-nın iclası bitdi. AFFA prezidenti Rövnəq Abdullayev, qurumun baş katibi Elxan Məmmədov və milliyə baş məşqçiliyi bu iclasda rəsmən təsdiqlənən Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı başladı. Əvvəlcə bütün suallar Abdullayevə yönəldi. Ki, o, tez gedəcəkdi. Qurbanovla Məmmədova isə suallar çox olacaqdı. Abdullayev 25 dəqiqəyədək sual-cavabdan sonra konfransı tərk elədi, daha sonra uzun-uzadı söhbətləşmə oldu. Həm baş katib, həm də baş məşqçi bütün suallara tam, dolğun cavablar verirdi. Ancaq hansının daha səmimi olduğunu səmimiyyətimizə inanırsınızsa, oxuyun.

Əlbəttə ki, Qurbanov həmişəki kimi, daha səmimi idi. Onun bu konfransda deyəcəkləri strateji əhəmiyyətli məqamlar kimi - diqqətimizdən yayınmamalıdı, hər detala xırdalığınadək əhəmiyyət verməliydik. Bəli, Qurbanov heç bir sualı dolayısıyla cavablamadı. Kifayət qədər açıq fikirlər, aydın cavablarla qarşıda nə işlər görəcəklərini, nələri planlaşdırdıqlarını dedi. Məmmədov isə adətən istifadə etdiyi ənənəvi taktikasına bu dəfə də əl atmalı oldu.

Məsələn, o, hiss edirdi ki, yanındakı şəxs Qurbanovdur. Onun bu posta gəlişi subyektiv istəklərə, naməlum səbəblərə yox, konkret böyük uğura əsaslanır. Üstəlik o, xarakterli biridir. Həm də mətbuatda ona qarşı ciddi inam və hörmət formalaşıb. Beləliklə, arxalı-dayaqlı bir şəxslə yanaşı oturan Məmmədovun yanındakından daha əmin, daha qətiyyətli çıxış edə bilməməyinin səbəbləri də yox deyil. Çünki aşağı yaş qruplarından tutmuş, AFFA nəzdindəki infrastruktur layihələrində çatışmazlıqlar, problemlərin səbəbi/kökü məhz onun manipulyativ siyasətinin nəticəsidir.

Məmmədovun söz xatirinə söz dediyini hiss eləməmək olmur. Adam açıq-aydın "yola verir". Bəzən polemikalıq epizod yarananda sırf konfransın "bazara" dönməməsi üçün buna getmirdik. Məsələn, uşaq liqalarındakı uzun zamandır davam edən xaotik durum, təxirəsalmaların faciəvi həddə düşməsi barədə sualımıza cavabı kimi...

*    *    *

Bilinən odur ki, Azərbaycan millisi yox, ümumi ölkə futbolu üçün yeni səhifələr açılacaq. Burda Qurbanov və "drujinası"na inam sonsuzdur. O, AFFA-dakılardan daha pis durumda iş görə-görə nəticələrini daim yaxşılaşdırıb, bu inam və hörməti qazanıb özünə qarşı. Ona görə də yazmağa çəkinmirik ki, bunlar tərif yox, olanların doğru ifadəsidir. Belə yazılardan bəzi futbol məmurları sui-istifadə edərək, "Bu məqaləni tərifçün yazıblar" kimi ifadələrlə fikir azdırmağa çalışırlar. Oxucularımız gözəl bilir, elə Qurbanovun tənqidi ən radikal şəkildə olub. Ancaq insan hər tənqiddən nəticə çıxaran, hər radikal suala təmkinlə cavab verən, daim öz üzərində çalışan, fərqli model ortaya qoyan biri kimi yüksəldi. İndi ədaləti pozmamalıyıq. Tərifə layiqli olana haqq elədiyini verməliyik. Bəli, xalqın da, medianın da ona və seçdiyi adamlara, sistemə inamı böyükdür.

Özünün də dediyi kimi, "Bizə futbolçu, yaxşı idmançıyla bərabər, həm də yaxşı insan, peşəkar mütəxəssislərin yetişməsi vacibdir". Bu ifadədə çox böyük mətləblər yatıb. Bəli, əgər sən inkişaf istəyirsənsə, ən əvvəl o işdə insan amili problemi olmamalıdır. Məmmədov, bu, o demək deyil ki, menecer sisteminə dost-tanış, ölkə futbolunun əhəmiyyətli postlarına tanıdıqlarınız... Yox, bu cür inkişaf olmayacaq. Olmadı da. İndi yeni səhifə açılır. Buna mane olmaq isə ən axmaq niyyət olardı...

Elçin Cəlilov


oxunma sayı: 1480 | Paylaş: