Bu gün:


FutbolPress.Az | Velosiped qalmaqalında ironik durum  - federasiya cavab gözləyir

Velosiped qalmaqalında ironik durum - federasiya cavab gözləyir


oxunma sayı: 401 Paylaş:

FutbolPressDünən Velosiped idmanının şosse növü üzrə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandasının, həmçinin "Synergy Baku" kontinental klubunun üzvlərinin Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanılması ölkənin idman gündəmində əsas müzakirə mövzusu oldu. Qısa zaman keçmiş bu qalmaqallı vəziyyət barədə ictimaiyyət arasında, sosial şəbəkələrdə geniş danışıldı.

Velosipedçilərin məşq zamanı saxlanıb, cərimə meydançasına aparılması adi hal deyildi. Çünki bu, ilk dəfə baş verdi. Artıq bir neçə ildi ki, həmin idmançılar eyni yerlərdə məşq edirlər. Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) edilən açıqlamalarda təhlükəsilik qaydalarına tam riayət edildiyi bildirilir.

Dünən səhər saatlarında isə idmançılar gözlənilməz problemlə üzləşiblər. Onların magistral yolda hərəkətə mane olmaları əsas gətirilib və Qala qəsəbəsindəki 12 saylı cərimə meydançasına aparılıblar. Bundan dərhal sonra federasiya rəhbərliyi hadisəyə reaksiya verib və Bakı şəhər Baş Polis İdarəsiylə əlaqə saxlanıb. Ordan bildiriblər ki, məsələ araşdırılacaq. Velosipedçilər 3 saata yaxın cərimə meydançasında qalıblar. Daha sonra federasiyanın avtobusu onları ordan aparıb, velospiedlər isə saxlanılıb. Axşam saatlarında hər hansı protokol tərtib edilmədən, cərimə tətbiq olunmadan velosipedlər də qaytarılıb.

AzVİF indiyə qədər baş verməyən belə halın yaşanmasından narazıdı və hadisənin səbəbləri onlar üçün də qaranlıq qalıb. Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Pərviz Musayevlə danışdıq. O, problemin mahiyyəti, hüquqi tərəfləri, federasiyanın buna münasibəti, idmançıların məşq prosesinin bundan sonra necə qurulacağı haqda bunları dedi:

“Velospideçilərin yarışı yolda təşkil edilir. Buna görə də məşqləri ona uyğun olmalıdı. Bu, dünənin, srağagünün işi deyil, artıq bir neçə ildi ki, idmançılarımız hazırlığı belə keçirlər. Heydər Əliyev prospekti, Bakı-Şamaxı yolunda həmişə məşqlər keçilib və indiyəcən hər hansı problem yaşanmayıb. Bütün məşq prosesləri yol hərəkəti qaydalarına və təhlükəsizliyə riayət edilərək təşkil olunub. İdmançıları federasiyanın avtomobili izləyib.

Ancaq dünən velospideçilər hərəkətə mane olma səbəbiylə saxlanılıblar. Bazar günü, özü də səhər saatlarında həmin yolda hansı sıxlıqdan, hərəkətə mane olmadan söhbət gedə bilər? Yaxşı, deyək ki, oranı başa düşdük, bizim Bakı Olimpiya Stadionu ətrafında məşq edən başqa bir qrupumuz niyə saxlanılıb? Orda ki, hərəkət sıxlığı yoxdu... Saatda 1-2 maşın keçər, ya yox.

Velosipedçilərin hazırlıq keçməsi üçün hər hansı icazəyə gəlincə, belə  bir şey ümumiyyətlə yoxdu. Yalınız magistral yollarda hərəkətə icazə verilmir, bu da həmişə nəzərə alınıb. Məsələn, yeni avtovağzaldan “Binə” ticarət mərkəzinə olan yolda magistral yol nişanı var, Heydər Əliyev prospektində isə belə bir şey mövcud deyil. Velosipedçilərin saxlanması, ancaq heç bir akt tərtib edilmədən, cərimə olunmadan buraxılması da bu işin əsassız olduğunu göstərir.

Federasiya olaraq, belə bir hadisənin baş verməsinin səbəbini başa düşə bilmirik. Çünki indiyə qədər yarışların təşkilində YPX yardımını əsirgəməyib, məşqlərə isə heç vaxt problem yaradılımayıb. Buna görə bizim üçün də qaranlıq qaldı. Məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi ilə danışmışıq, deyiblər ki, araşdıracağıq. Əgər bunda onların birbaşa göstərişi olsaydı, yəqin ki, velosipedlər qaytarılmazdı. Araşdırmanın nəticənin nə olacağını, bizə nə cavab verəilcəyini gözləyirik.

Məsələ tam aydınlaşandan sonra idmançılarımızın məşqlərini necə keçəcəyi bəlli olacaq. Bildiyim qədər bu gün hazırlıq keçilməyib. Bu problemin tam ayndınlaşmasını gözləyirik, ondan sonra qərar veriləcək”.


Federasiya rəsmisinin açıqlamasından da görünür ki, bu hadisənin baş verməsi birdən-birə, gözlənilmədən olub. Hər halda AzVİF-in belə qanun pozuntusuna yol verəcəyi inandırıcı deyil. Velosipedçilər yığmanın və əsas klubun idmançılarıdı. Onlar o şossedə 3-4 ildi ki, məşq edirlər. Təhlükəsizlik üçün də xüsusi avtomobillə müşaiyət olunurlar.

İdmançıların məhz indi saxlanması, buna verilən izah məntiqli deyil, gülməli situasiya yaradıb.

Daha dərinə getsək, nə qədər ki, Vergilər naziri Fazil Məmmədov idi, onun sponsorluq elədiyi bu sahədə belə gülməli hal yaşanmırdı. Vəzifəsindən göndəriləndən sonra YPX-nin şossedə hazırlıq keçən velosipedçiləri cərimə meydançasına aparması bir az ironik durum formasını alır.

"FutbolPress"


oxunma sayı: 401 | Paylaş: