')

Bu gün:


FutbolPress.Az | Qurbanova açıq müraciət

Qurbanova açıq müraciət


oxunma sayı: 1320 Paylaş:

FutbolPress"Futbolçuları tanıyırıq, hər birinin potensialını bilirəm. Ancaq yanımda olmayanlara bələd deyiləm. Məsələn, Raufun nəyə qadir olduğunu bilirəm, amma elə oyunçu var ki, məlumatım azdı. Bunun üçün vaxt lazım olacaq. Ola bilər ki, ilk toplanışdan sonra dəyişiklik olsun və ya ona da bəzi futbolçular dəvət almasın. Bu, milli komandadı. Mən nə qədər işimə məsuliyyətlə yanaşıramsa, futbolçu ikiqat artıq məsuliyyətli olmalıdı. Bakı o qədər də böyük şəhər deyil. O mənada deyirəm ki, yəni hər yerdən məlumatımız olur. Bütün futbolçuların hansı həyatı yaşadığını bilirik. Kim harda, necə olur xəbərimiz var.  Buna görə də bütün futbolçular tam layiq olmalıdı milliyə. Yəni təkcə futbolçu kimi yox, öz həyat tərzləriylə də doğru yolda olmalıdılar. Ola bilər ki, kimdənsə zəif olsun, amma öz vətəninə, millisinə daha çox layiq olanları yığmaya çağırmağa çalışacağıq. İndiyə qədər dəfələrlə problem yaşayan, yaxud bundan sonra problemi olacaq oyunçuları komandaya çağırmaq istəmirəm. Hamı bu məsuliyyəti dərk etməli və özünü yığmaya oynamağa hazırlamalı, layiq vəziyyətə gətirməlidi".

Bunu bugünkü "İlin ən yaxşı məşqçisi" tədbirində son illərin ən yaxşısı Qurban Qurbanov milliyə dəvət mövzusunda danışarkən dedi.

Zamanla xarakterini möhkəm tutan, daim inkişafa nail olmağa can atıb, öz etalonunu yaradan bir şəxsin dediyi və ümid verən, əslində ondan GÖZLƏDİYİMİZ sözlərdir. Amma işin bir yanı da var. O da bizi - jurnalistləri narahat, nigaran salıb. Söhbət təbii ki, peşəkar jurnalistikayla məşğul olan, xarakterini xırda detallara qurban verməyən,  daim inkişafa can atanlardan gedir.

Kaş ki, bizim sahənin də Qurbanov kimi - bu cür söz deyəni və onu dəstəkləyənlər olaydı. Olmur. Olsa da, bugünkü kimi, Qurbanov fenomeni ətrafında yaranan dəstək qədər dəstəyi olmur. 

Qurbanov, sizin missiyanız daha ağırdır. Bu sahədə/peşədə dürüstlüyün yaranması bizimçün hava-su kimi lazımdır. Bununçün çalışanlar yoxdur. Medianın özündə belə bu mühitin yaranmasını istəyən lap azdır, nəinki futbol sahəsindəkilər bunu istəyə.

Müxtəlif vaxtlarda müxtəlif hərəkətlər, təşəbbüslər olsa da əksəri təmənnalı, yaxud görüntü xatirinə olub.

Şəxsən  sizə bu sahədə də nizamın yaranmasında ideyalarınızın təklifi və tətbiqində xarakter gözləyirik. Gec, ya tez... Bəlkə də indi, tezliklə olmayacaq. Amma haçan mümkün olarsa, bunu edin. Bu təşəbbüsü də öz üzərinizə götürün. Bunu deyib, edə biləcək şəxs bizim nəzərimizdə yalnız sizsiniz. Bu sahəyə məsul olanlar indiyədək bunu etmədilər...

Özünü qorumuşları, doğru yol gedənləri hörmətdən salmaq istəyənlər çox olub, var və olacaq. Dediyiniz kimi, kimin neylədiyini gözəl bilirik. Odur ki, gəlin, futbol sahəsində futbolçular, məşqçilər, futbol funksionerlərində islahatlarla bərabər, futbol/idman mediasında da aparaq. Bu iş kompleks yanaşma tələb edir. Özünüz bu haqda araşdırma aparın. Öyrənin, məlumatlar toplayın. Sizə yalan deməzlər, desələr də, yalanı hiss edib, öz araşdırmanızı aparırsınız, bunu bilirik. Bunadək bu haqda söz verənlər yalançı çıxdı. İllər boşuna getdi. Sizə ümidimiz var. Xahiş edirik, dürüstlüyünüzə olan güvənimizi doğruldun - idman mediasındakı pinti, ədalətsiz mühitin düzəlməsi üçün təşəbbüslər edin. Xarakterli insan gözəl bilir ki, peşəsini sevən, ona hörmət qoyan şəxsin getdiyi yol asan olmur. Biz demirik ki, yolumuzu asanlaşdırın. Sadəcə, dəstək olun, özümüzə hörmətsizlik edildiyini hiss etməyək.

Daim doğrunun yanında olan azlıq sizdən doğru, dürüst və qətiyyətli addımlar gözləyir. Yorulmayasınız! Yorulmayaq!

Elçin Cəlilov


oxunma sayı: 1320 | Paylaş:




?>