')

Bu gün:


FutbolPress.Az | Problemin axırı, ya əvvəli? (YAZI)

Problemin axırı, ya əvvəli? (YAZI)


oxunma sayı: 1709 Paylaş:

FutbolPressVəli Qasımov "CBC Sport"un "İmza"sına qonaq olub. Maraqlı, peşəkar qeydləriylə zəngin danışığında elə məqamlar da var ki, səmimiyətə yaxın deyil. Məhz o detallara öz baxışımızı qeyd eləmişik.

Bir məqama diqqət:

- U-19 və "Neftçi"də baş məşqçi oldunuz. Ancaq uğur qazana bilmədiniz. Sizcə, səbəb nə idi?

- Uğur hələ heç kim qazanmayıb. İndi-indi Qurbanovu demək olar. O da 10 ildi "Qarabağ"da işləyir. Bir məşqçiyə müntəzəm işləməyə imkan vermirlər.  Klub rəhbərləri imkan vermir, məşqçinin işinə çox qarışırlar. Bunu böyük problem hesab edirəm. Qurbanov niyə uğurludur? Çünki baş məşqçi kimi qərarları o verir.

- Belə düşünürsüz ki, "Neftçi"də çatışmazlıq məşqçinin işinə müdaxilə idi...

- Tək "Neftçi"də yox, demək olar, bütün klublarda. Bircə "Qarabağ" elə deyil. Belə deyək, futbolçu hər şeyi hiss edir - kim baş məşqçidi, kim klub rəhbəridi, kim maaş verəndi, yəni mühasibdi. Futbolçu həmişə boş yer axtarır. Öz güclü yerini bilir və boş yer axtarır... Maaş vaxtı gələndə birinci rəhbərin yanına yaxınlaşır. Belə olmamalıdır. Komandanın rəhbəri baş məşqçi olmalıdır. Mühasib maaş verməlidir. Bəzən elə olur ki, deyirlər, filan futbolçunu götür. Oynamasa da, qoy elə-belə qalsın. Oynamayacaqsa, niyə gəlsin? Belə şeylər pozur işi.  Belə problemlər çoxdur və hər klubda var. Bircə "Qarabağ"da yoxdu.

***               ***               ***

Qasımov Azərbaycanın müstəqillik dövründə xaricdə oynamış ən populyar futbolçusudur. Onun hörmətli karyerası olub. Ancaq məşqçi, mütəxəssis kimi niyə o cür olmur?

Əslində, verdiyi cavablarda  buraxılan boşluqlardadır bunun sirri. Qasımov bildirir ki, klublarda rəhbərlik baş məşqçinin işinə qarışır, bircə "Qarabağ"da belə deyil. Bəli, bu, həqiqətdir. Bir az həddən ziyadə radikal desə də, bütün klublar məqamı şübhəli olsa da, hardasa, görürük və bilirik ki, belədir. Ancaq məsələ bilirsinizmi həm də nədədir, Qasımov? Klub rəhbərliyinin baş məşqçiyə təzyiq eləməməsi, öz istədiklərini "yeritməməsi" üçün buna ən əvvəl baş məşqçi nail olmalıdır.

Qurbanova qədər də "Qarabağ"da çox məşqçilər işləmişdi və deyək ki, onların da işinə rəhbərlik müdaxilə etmirdi və s. Niyə ən uğurlusu Qurbanov oldu?

Çünki o, bütünlüklə sistemin formalaşdırılmasına başladı. Öz sözü, öz hökmü üçün güzəştə getmədi. Çıxarılmaq təhlükəsi yaransa da, öz bildiyindən geri çəkilmədi. Bunların nəticəsində baş verənlər silsiləsi: uğur + ictimaiyyət və medianın rəğbəti + rəhbərliyin onu ciddi fiqur kimi qəbul etməsi + baş məşqçinin daha böyük tələblər qoymasına yaranan şərait = ardıcıl və daim böyüyən uğurlar.

Bəs siz?

Siz isə klub rəhbərliyinin istəklərinə, anormal müdaxilələrinə qarşı çıxmadınız. Çıxsaydınız, "Neftçi" tarixinin ən böyükhesablı məğlubiyyətini almazdı "Qəbələ"dən (0:8). Siz ovaxtkı icraçı direktor, ancaq de-fakto klubu idarə eləyən Elnur Məmmədovla birgə Braziliyaya seleksiya xarakterli səfər edəndə bilməliydiniz ki, bu, yanlışdır. Əvvəla, sizinlə ora icraçı direktor yox, seleksiyaçı məşqçi getməliydi. İkincisi, həmin səfərə görə büdcədə göstərilən xərcin fantastik həddə olması...

Bu cür hallara qarşı çıxmadan, başını aşağı salıb, pulunu alan obrazında sizin nəyəsə nail olmağınız qeyri-mümkün idi, sevimli Qasımov.

Elə danışdınız ki, sanki "Qarabağ rəhbərliyi Qurbanovun işinə qarışmadı, vəssalam, elə buna görə də adam ardıcıl ölkə çempionluqları qazandı, AL-in qrup mərhələlərini gördü, ÇL-in qrupuna çıxacaq qədər möhtəşəm nəticə göstərdi. Bunu gözəl bilirsiniz ki, ciddi, intizamlı komanda yaratmaqçün əvvəlcə bu xarakter baş məşqçidə olmalıdır, sonra onun məşqçi heyəti sağlam olmalıdır, sonra hər şeydə dəqiq, ölçülmüş və şəffaf qərarlar verilməlidir. "Neftçi"də isə sizin dönəminizdə elə deyildi və siz heç vaxt buna etiraz etmədiniz. Hətta komanda faciəvi nəticəyə düçar olanda, aradan çıxdınız, qaçıb, gizləndiniz. Heç nəyi ifşa etmədiniz, danışıb, problemləri üzə çıxarmadınız.

Susub oturmaq seçdiyiniz yol oldu. Ki, gələcəkdə sizə yenə təklif gəlsin. Axı futbol aləmi danışan, problemləri qabardanları çıxdaş edir.

Odur ki, sizin danışanda qətiyyətli olmağa cəhd eləməyiniz ciddi qəbul oluna bilməz. Siz məhrumiyyətə gedəcək xarakterə malik deyilsiniz. Çıxarlarınız hər şeyin önündə gedir. Ona görə də baş məşqçi kimi uğursuz nəticələrə düçar oldunuz. 

Başqa da ki, can sağlığı, hörmətli həyat yolu...

Elçin Cəlilov




oxunma sayı: 1709 | Paylaş:




?>