Bu gün:


FutbolPress.Az | Ramin Musayev: "O futbolçuları buna vadar eləyən qüvvələr ortaya çıxarılsın" (MÜSAHİBƏ)

Ramin Musayev: "O futbolçuları buna vadar eləyən qüvvələr ortaya çıxarılsın" (MÜSAHİBƏ)


oxunma sayı: 754 Paylaş:

FutbolPressAFFA İntizam Komitəsinin ömürlük cəzalandırdıqlarının sayı 3-ə çatdı. "Keşlə"nin oyunçuları Nizami Hacıyev və Mirhüseyn Seyidovdan sonra klubda məşqçi-metodist işləmiş Ağakişi Mehdizadə də bu sanksiyaya məruz qaldı. AFFA-nın baş katibi Elxan Məmmədov bu məqamda üzə çıxıb dedi ki, hələ araşdırmalar davam edir, yenə cəzalananlar ola bilər.
 
Bəs PFL-in prezidenti Ramin Musayevin prosesə münasibəti necədir? Musayev "FutbolPress"in suallaraını cavablandırdı.
 
- Ramin bəy, ötən həftə sözügedən məsələ haqda ilkin məlumatlar çıxanda, yəni Nizami ilə Mirhüseynin saxlandığı xəbər veriləndə açıqlamışdınız ki, hansısa araşdırmaya ehtiyac yoxdur. Ancaq onlar ömürlük qovuldu, hələ daha biri də...
 
- Mənim araşdırmaya ehtiyac duymamağım və bunu açqlamağım o demək deyil ki, hansısa klubda problem yoxdur. Hüquq-mühafizə orqanları qanun çərçivəsində aidiyyatı materiallar üzrə operativ araşdırmalar apardılar və məlum oldu ki, günahını etiraf eləyənlər var.
 
- Prosesin gedişatı sizə qəribə gəlmir ki?
 
- Diqqətlə fikir verək, məsələni hüquq-mühafizə orqanları araşdırır. Bu, ən ali araşdırma sayılır. Bundan o yana yoxdur. Hər şey qanun çərçivəsində, dəqiq və obyektiv müəyyənləşdirirlir, cəzalar da ona uyğun tərtib edilir. Prosesin qəribəliyinə gəlincə, əlbəttə, mənə heç vaxt adi gələ bilməz bu. Ölkə futbolunun içində olan adamlarıq. Hələ də tam anlamıram ki, niyə belə şeylər olub. Araşdırmalar davam etməlidir və hər şeyə adınlıq gəlməlidir.
 
- Siz "Neftçi"nin rəhbərliyində təmsil olunanda Mirhüseyni daha yaxından tanımısız, eləcə də digər futbolçuları bilirsiniz. Bu iki oyunçunun belə hərəkətlər edəcəyi nə qədər inandırıcıdır?
 
- Qəti inana bilmirəm. Mən "Neftçi"də olanda Mirhüseynin 14 yaşı var idi və o, bazada qalırdı. yeməyimizi bölüşürdük. Necə mərifətli, intizamlı biri olduğunu, oynadığı komandaya necə can yandırdığını dəqiq bilirəm. Nizami ilə də salam-əleykümüm var. Mən heç cür ağlıma gətirə bilmirəm ki, bu insanlar belə hərəkətlərə əl ata bilərlər.
 
- Bəs niyə...
 
- Vallah, bu futbolçular əziyyət çəkiblər. Klubun maddi durumu pis olanda, aylarla maaş verilməyəndə həmin Nizami mənə zəng eləmişdi ki, Ramin müəllim, biz neyləyək, çox çətin durumdur, doğma klubdur, atıb gedə də bilmirik. Mən dəfələrlə demişəm ki, azca səbrli olun, rəhbərlik hər şeyi həll edəcək. Sağ olsunlar, o dar məqamda atıb getməyiblər klubu. İndi niyə bunu etsinlər? Adam necə belə şeyi ağlına gətirsin, inansın?
 
- Sizin prosesə münasibətiniz necədir?
 
- Mənim bir istəyim var. Bunu da bildirmişəm. Heç bir futbolçu nəyisə özbaşına edə bilməz. Olubsa, onu buna vadar edən qüvvələr var. Bax o vadar eləyən qüvvələr aşkarlansın.
 
- Azərbaycan futbolunun imicinə ciddi zərbədir bu olay...
 
- Əksinə, zərbə deməzdim, qoy nəsə varsa, təmizlənsin. Belə şeylər varsa, gizli qalmasıdır zərbə, aşkarlanması yox. Ancaq yenə təkrar edirəm, qoy bu işlərin kökündə olan, vadar eləyən qüvvələr üzə çıxarılsın. Bu mütləq olmalıdır.
 
- AFFA prezidenti Rövnəq Abdullayev prosesi nə qədər yaxından izləyir?
 
- Bütün bu prosesin araşdırılması birbaşa Rövnəq müəllimin şəxsi tapşırığıdır və gündəlik nəzarətindədir. Yaxından maraqlanır, hüquq-mühafizə orqanlarından xahiş edib ki, günahkarlar varsa, dəqiq araşdırılsın, problem kökünə qədər müəyyən edilsin.
 
- Yenə cəzalananlar olacaq fikri səsləndirilir...
 
- Ola bilər. Çünki araşdırma gedir. Hamımız bu prosesin şəffaf getməsi üçün, günahkarın cəzalanması üçün çalışırıq.

Elçin Cəlilov



oxunma sayı: 754 | Paylaş: