')

Bu gün:


FutbolPress.Az | Yunis Hüseynovun planları (QEYD)

Yunis Hüseynovun planları (QEYD)


oxunma sayı: 643 Paylaş:

FutbolPressŞahin Diniyevin istefasından sonra "Kəpəz"in baş məşqçi postuna təyin olunan Yunis Hüseynovun komandaya təqdimatı da, köməkçiləri də məlumdur. İlk məşq də baş tutub.

Bəs Hüseynovun gəlişi "Kəpəz" üçün fərqli nə deməkdir?

- Şahin Diniyev AFFA-dan, konkret, qurumun prezidenti Rövnəq Abdullayevin təklifiylə Gəncə klubunun "sükanına" gətirilmişdi. Klubun da maliyyəsi, demək olar, tamamilə AFFA-dan/ARDNŞ-dən ayrılırdı. Bizdə olan məlumata görə, Diniyevlə birgə AFFA-dan klubun Müşahidə Şurasına təyin olunan və əsas idarəçi funksiyalarını yerinə yetirən Mikayıl Nərimanoğlunun adının maxinasiyalarda hallanması proseslərin məcrasını dəyişib. Artıq Gəncənin icra hakimiyyəti "Kəpəz"ə daha yaxın olacaq. Hüseynovun təyinatı da şəhər rəhbərliyinin razılığı, istəyi əsasında baş tutub və mütəxəssisə ciddi, köklü islahatlar aparılması həvalə edilib.

- Hüseynovun komandanın inkişafı üçün təklifləri arasında əsas detal bazanın rekonstruksiyası və komandanın tamamilə Gəncəyə yerləşməsidir. Bu, şəhər rəhbərliyinin öhdəliyinə götürdüyü işdir və yaxın zamanda təklifin həll olunub-olunmamasına aydınlıq gələcək.

- Yeni baş məşqçi aşağı yaş qrupları, əlavə meydança və bəzi texniki məsələlərin də yoluna qoyulmasını istəyib. Təyinatından əvvəl danışıqlarda onun fikirləri müsbət qarşılanıb.

Zaman vermək və gözləmək?

Məlum məsələ idi ki, Gəncə rəhbərliyi "Kəpəz"i doğma hiss etmirdi. Yəqin ki, burda kluba himayənin Bakıdan edilməsi, idarəçilikdə yad kadrların yer alması və s. amillər təsirsiz olmayıb. Nərimanoğlunun "zibillərinin" üstünü açmaq və klubu "təmizləmək" bir planın tərkib hissəsi kimi, "Kəpəz"i özününküləşdirmək cəhdi sayıla bilər. Ancaq kuluarlarda gəzən söhbətlər onu deyir ki, hələ sular tam durulmayıb. Nərimanoğlu maxinasiyalarının daha dərindən araşdırıkmaması üçün əlindn gələn edən AFFA baş katibi Elxan Məmmədov anlayıb ki, proses onu "zərbə" altında qoyacaq. Çünki aşkarlanmaqda olan "yeyintinin" izləri ona tərəf aparır. Hələ araşdırmanın aparılmasını Rövnəq Abdullayevdən istəyən Gəncə rəhbərliyi ilə ifşa olunan tərəf arasında "mübarizə" davam edir. Belə şəraitdə "Kəpəz" üçün inkişafın yeni yoluna başlamaq çətin olacaq.

Şəhər rəhbərliyinin klubu tam şəkildə himayəsinə götürməyi mümkün deyil. Müştərək himayəçilik də eqoların toqquşmasına səbəb olur.

Hər halda, bu məqamda Hüseynovun üzərinə böyük yükün düşəcəyi dəqiqdir. O, komandalaşmanı təmin etməli, "Kəpəz"dəki bütün ipləri ələ almalı, idarə etməlidir.

Bacaracaqmı?

Biz Hüseynovu yaxşı seleksiyaçı kimi tanıyırıq. Məşqçi kimi də daxili bazarın öncüllərindən olmağı bacarıb. Ancaq, məsələn, Qurban Qurbanov kimi, komandalaşma prosesinə strateq ola bilərmi - bunu iddia eləmək asan deyil.

Dəqiqdir ki, "Kəpəz"dəki dəyişikliklər Gəncə futbolunun dirçəlməsi, köklü halda inkişafı niyyətiylə edilib. Gəncəlilər də, şəhər rəhbərliyi də doğma hiss edəcəyi bir klub formalaşdırmaqçün hərəkətə başlayıblar. Ancaq iş istəməklə bitmir. Problemlər göz önündədi...

"FutbolPress"


oxunma sayı: 643 | Paylaş:




?>