Bu gün:


FutbolPress.Az | Samir Ələkbərov kimi olmaq (QEYD)

Samir Ələkbərov kimi olmaq (QEYD)


oxunma sayı: 336 Paylaş:

FutbolPressYaşar Vahabzadənin istefaya göndərilməsindən sonra 21 yaşlılardan ibarət yığmanın baş məşqçisi vəzifəsini müvəqqəti olaraq Samir Ələkbərov icra eləməyə başladı. Cəmi üç oyunluq. Və onların sonuncusu - Kosovo ilə (0:0) qarşılaşma bitəndən sonra Ələkbərovun istefaya göndərildiyi açıqlandı.

Ələkbərov qol.az saytına müsahibəsində görün, nələr danışıb:

"Mən problemli adam deyiləm. Heç bir çəkişmə olmadı. Ancaq ab-hava istədiyim kimi deyildi. Özümü çox pis hiss edirdim. Çünki məni maniken kimi istifadə edirdilər. Demək olar ki, işimi tam əllərinə götürmüşdülər. Hətta Almaniyaya 1:6 hesabı ilə uduzanda Alsan və Cahangirə dedim ki, belə olmaz axı, baş məşqçi mənəm".

Ələkbərov ona yığmaya çağırmaq üçün futbolçuların təklif edildiyini, ancaq onlardan heç birini heyətə cəlb etmədiyini də deyib. O, futbolçu sifariş edənlərin adını açıqlamaq istəməyib:

"Ad çəkmək istəmirəm. Hamısı futbolumuzun qaymaqları idi. Mən gecə evimdə də otura bilmirdim. Telefonum partlayırdı. İndi də həmin adamlar sevinirlər. Həmin şərəfsizlərə deyirəm ki, sevinməyin. Məni gic elədilər. Bundan sonra başıma hava gələ bilər. Üzlərinə də demişəm. Harda işləsəm, bilsinlər ki, mən Samir Ələkbərovam. Mən özüm işləyəcəm, qərarı özüm verəcəm. Mən ancaq öz bildiklərimi çağırdım. Deyirdilər ki, filan futbolçunu çağır da. Başa düşmürlər ki, belə bir vaxtda baxışa futbolçu çağırılmır. Mənim ən zəhləm gedən şey futbolçunu vacib oyunlar ərəfəsində baxışa çağırmaqdır".

Bu müsahibə günün ən çox müzakirə olunan hadisəsidir.

Məsələn, belə fikirlər var ki, Samir bu sözləri indi niyə deyir?

- Samir bu fikirləri indi demir. Sadəcə, ilk dəfə geniş müsahibədə açıq danışıb. Ələkbərov ümumiyyətlə, mediaya açıq tip deyil. Harda deməliydi? Futbol cəmiyyətində? Orda Samirin bu fikirləri hər gün dediyini ən azı bu camiədə olanlar yaxşı bilir.

Ələkbərov sonradan danışan, özünə bəraət qazandıran tip deyil. Samir çox nadir adlardandır ki, məhz mətbuatın istəyi/gündəmə gətirməsi/müntəzəm yazması nəticəsində ona AFFA-dan təklif gəlib. Ondan başqa 2, uzağı 3 ad çəkə bilərik ki, jurnalistlər onun futbol təsərrüfatında olması üçün məqalələrində qeydlər yazıb.

Ələkbərovun futbolçu taleyi Fuad Musayevin diktaturasının qurbanı oldu. O vaxt doğruları bildiyi kimi dediyi üçün futbol oynamasına "xitam verilmişdi".

İndi həmin Samirdir - həmin simadır.

Bu gün o, Azərbaycan futboluna məşqçi/mütəxəssis kimi lazımdırmı? - cavabı bəlli sualdır. Ancaq bundan da dəyərli məqam isə Ələkbərov kimi dürüst birinin olmasıdır. Buna görə sənə həmişə minnətdar olmuşuq, olacağıq da, Ələkəbərov!

Sən bu obrazınla bizim də olduğumuz camiədə lazımlısan, olmalısan. Buna futbolçu karyeran da, məşqçilik bacarığın da, dürüstlüyün da zəmin yaradıb.

Elçin Cəlilov


oxunma sayı: 336 | Paylaş: