Bu gün:


FutbolPress.Az | Elnur Cəfərovun linç edilməsi (QEYD)

Elnur Cəfərovun linç edilməsi (QEYD)


oxunma sayı: 899 Paylaş:

FutbolPressU-21 millisinin Almaniyaya 0:7 hesablı məğlubiyyətindən sonra Elnur Cəfərov sosial şəbəkədə bahalı inomarka fotosu paylaşıb. Hadisə pislənib. Daha sonra böyüyüb, şişib, əvvəlcə yığmadan kənarlaşdırılması istənilib. Ardınca Elnur azarkeşlərdən biri ilə problem yaşayıb, "skrin"lər sosial şəbəkələrdə geniş yayılıb. Dalğa daha da böyüyüb. Cəfərovun "Neftçi"də də cəzalandırılması gündəmə gətirilib, buna nail olunub.
 
Günorta saatlarında "Neftçi"nin rəsmi saytında futbolçunun əvəzedici heyətə göndərildiyi haqda xəbər çıxdı.
 
Əntiqə, pakizə!
 
Biz nə istəyirik? Futbolçu da bir insandır və o da insanın əməl eləməli olduğu bəzi qaydalara riayət etməlidir. İstəyimiz bu olub ki, Cəfərov bir az intizama gəlsin.
 
Yəni söhbət bahalı inomarka fotosu paylaşmaqdan başlamır. O, əvvəllər də "belənçinə" arzulanmazlıqlara əl atıb.
 
Lazım görülməyən nəsnələrə əl atanın vaxtında cəzalandırılması - bu, yaxşı əlamətdir. Ancaq və amma...
 
Elə bil, Elnuru bir az çox sıxdıq; yox? Gərək onda U-21-də cəzalandırılmayan qalmasın, dostlar. Doğru demirəmmi? Tanımırıqmı, bilmirikmi? Bilirik və tanıyırıq!
 
Onda gəlin, səhvinə - ki bu da çox ağır ifadədir - görə insanı linçləmək yox, sadəcə, tənbeh edək. Bu ixtiyarı bizə heç kim verməyib, heç verilən bir şey də deyil. Hərəmiz istəsək yazıb, qazarıq, yaxud yazıb, düzəldərik. Birimiz düzəltmək niyyətiylə yazanda əksərimiz qazıntı işləri xub...
 
Elnurun idmançı keyfiyyəti haqda idmandan anlayışı olanlar yalnız müsbət fikirlər bildirə bilər. O, böyük perspektivi olan gənclərdəndi. Üzərində çalışsa, tayı-bərabəri az olar.
 
Biz bu ərəfələr Elnura qarşı elə davranırıq ki, onun davranışlarından fərqi olmur. Sanki məqsədimiz onu itirməkdir. Halbuki biz bu idmançını qazanmalıyıq...
 
Elnuru qazandıran qəhrəman olacaq, cəzalandıran yox.
 
İnanırıq ki, Tərlan Əhmədovun məşqçilik praktikası, metodikası imkan verəcək ki, yanvaradək cəzalandırılıb komandanın əvəzedici heyətinə göndərilən Elnur bu müddətdə faydalı söhbətlər eşidəcək, öz üzərində də çalışacaq və uğurlu, fərqli geridönüş edəcək.
 
Elnur, deyirlər, "qanuni oğru" aləminə rəğbətin var. O aləmdə əsas amillərdən biri də insanın özü özünü mühakimə eləyib, doğrunu-səhvi tapmasıdır. İnanaq ki, sən heç olmasa, o üsulla özünü tənbeh edib, ciddi nəticəyə gələcəksən. Sənin kimi idmançnı/gənci/şəxsiyyəti yetişdirmək asan deyil. Ki, itirmək də bu qədər asan olsun. Özün fikirləş...

Elçin Cəlilov


oxunma sayı: 899 | Paylaş: