Bu gün:


FutbolPress.Az | “Skandinav silləsi”

“Skandinav silləsi”


oxunma sayı: 346 Paylaş:

FutbolPressDünən DÇ-2018-in seçmə mərhələsində ən böyük sensasiya qeydə alındı. İtaliya yığması pley-offda İsveçlə bacarmadı. İlk oyunda səfərdə minimal hesabla uduzan “Skuadra Azzura” evdə qolsuz heç-heçəyə razılaşmalı oldu.

İtaliya yığması 1958-ci ildən sonra ilk dəfə mundialdan kənarda qaldı. DÇ-2018 italyanların qatılmayacağı 3-cü belə turnir olacaq. 1958-ci ildən əvvəl, 1930-da da apeninlilər mundiala yollanmamışdı.

Statistikaya görə, İtaliya vəsiqə qazana bilsəydi, 2018-ci ildəki çempionat onlar üçün uğurlu olmalı idi. 1970-ci ildən sonra yığmanın 12 ildən bir uğur seriyası yaranmışdı. Həmin il final oynayan komanda, 12 il sonra çempion olmuşdu. 1994-də yenidən həlledici görüşdə məğlubiyyətə üzülən apeninlilər 2006-cı ildə dördqat dünya çempionu adını qazanmışdı. İnanca görə, 2018-ci ildə də İtaliya ən azı final oynamalı idi.

Əslində bu inancqarışıq statistika 1970-ci ildən əvvələ də şamil ola bilərdi. 1934-də ilk dəfə dünya çempionu adını qazanan italyanlar 12 il sonra ümumiyyətlə DÇ-keçirilmədiyi üçün iştirakçı da ola bilməmişdi. Daha 12 il keçdikdən sonra isə İtaliya dünən qarşısını kəsən İsveçdə keçirilən DÇ-dən kənar qalmışdı.

Dünən baş verən sensasiya İtaliya millisinə ilk “skandinav silləsi” deyil. Bunlardan birincisi AÇ-2004-un qrup mərhələsində baş verib. İsveç və Danimarka ilə eyni qrupda yer alan “Skuadra Azzura” ilk iki matçda adıçəkilən yığmalarla heç-heçə oynadı. Komanda son oyunda Bolqarıstana 2:1 hesabıyla qalib gəlsə də, top fərqinə görə qrup səddini aşa bilmədi. Məsələ burasındadı ki, digər görüşdə İsveç Danimarka ilə qollu heç-heçə etdi. Qeydə alınan 2:2 hesabı 5 xalı olan 3 komandadan skandinaviyalıların növbəti mərhələyə keçməsinə imkan yaratdı. İsveçlə Danimarkanın həmin görüşdəki heç-heçəsi isə uzun müddət sonra da müzakirə edildi.


oxunma sayı: 346 | Paylaş: