Bu gün:


FutbolPress.Az | Diniyevin "məntiqi" (QEYD)

Diniyevin "məntiqi" (QEYD)


oxunma sayı: 604 Paylaş:

FutbolPressSalam, Şahin müəllim. Bu gün məlumat verilmişdi ki, "Kəpəz"in baş məşqçisi postundan istefa vermisiz. Ancaq istefanızın qəbul olunub-olunmaması hələ müzakirə edilməmiş, mövzunun istisi, soyuğu hiss edilməmiş, iki kəlimə kəsilməmiş mətbuatda açıqlamanız çıxdı.

Bildirmisiniz ki, ÇL-in qrup mərhələsində oynayan "Qarabağ"a uduzduğumuzçün istefa verməliyəm? (Hardasa doğru yanaşma).

Davamında belə demisiniz: "İstefa niyə verməliyəm? Bu məntiqsizdir" (Yanlış yanaşma).

Bilirsiniz, Şahin bəy. Siz futbolu bilən - bilməlisiniz də - ünsiyyət qabiliyyəti yaxşı olan birisiniz. Ancaq bu, o demək deyil ki, bir komandanın maddi şəraiti yaxşı deyilsə, onda o, uduza-uduza gedə bilər və siz adınıza görə o uğursuz komandanın baş məşqçisi postundan istefa vermək məsələsindən "sığortalanacaqsınız". İstefanıza dair mövzuya "məntiqsizdir yanaşması haqqınızda - "səmimidir" - qənaətinə bərk zərbə vurur...

Sizin istefa verməyiniz üç əsas detalda tam məntiqlidir:

1. AFFA-dan göndərilən "Kəpəz"in Müşahidə Şurasının üzvü, de-fakto klubun idarəçisi Mikayıl Nərimanoğlunun adına külli miqdarda maxinasiyanın aşkara çıxması, prosesdə sizin də adınızın hallanması... Əslində 10 min manatdan çox maaş almaq əvəzinə 7 mindən çox alırmışsınız və bu "yeyinti" sizi məmnun edirmiş. Çünki susub, dayanıbmışsınız.

2. "Kəpəz"çün maliyyə heç də "Sumqayıt"a, "Keşlə"yə, "Səbail"ə  ayrılandan az deyil. Ancaq çalışdırdığınız komanda turnir cədvəlinin "zirzəmisində". Bu halı adınız naminə normal qarşılamamalısınız. Bəli, komanda uduzar da, udar da.. sonuncu yerə düşər də, qalxar da... Ancaq arqumentiniz səmimi deyil. Deyirsiniz ki, "Kəpəz"in imkanları göz qabağındadır. Yəni pul yoxdur, əlimdə olan oyunçularla bunu eləmək olur, ən yaxşı halda. Onda əmin olun ki, "Kəpəz"çün AFFA-dan ayrılan məvacib artmayacaq. Deməli... Onda nəyin bəraətini qazandırırsınız özünüzə? Adınız naminə autsayderliyə yuvarlanmaqdan qurtara bilmədiyiniz komandanı bəlkə başqasına həvalə edib, özünüzü ayrı, daha imkanlı mühitdə sınayasınız? "Olanımız budur" deməyiniz artıq bezdirici gəlir.

3. "Kəpəz"in baş məşqçisi postunda olmağınız Gəncənin icra başçısı Elmar Vəliyevin xoşuna gəlmir. Bu ki sizə aydındır. Bundan başqa Gəncəyə bağlı olan və futbolda sevilən adlardan bir neçəsi sizin  baş məşqçiliyinizin "Kəpəz"çün hansısa divident, üstünlük qazandırmadığını. Siz isə istefanızı, uğursuzluğun vərdişə çevrildiyi mühiti tərk etməyi məntiqsiz saydığınızı deyirsiniz. Düz məntiqi nədə görürsünüzsə, yəqin uzaq olmayan gələcəkdə görərik/göstərərsiniz. Hələliksə nəticələr geriyə doğru irəliləyir.  

İnanmaq istəyirik ki, əməkhaqqınızın üstündən "yeyintinin" olmasını inkar etməyiniz səmimidir. Ancaq çətindir. İnanmadıq. Araşdırmalar gedir. Məlumatlar ortaya çıxır. Sizsə yalnız və yalnız təkziblə məşğul olursunuz. Hər halda, yalan varsa, ömrü qırx günü çəkməz. Faktsız ittiham edəcək həvəsə düşmədiyimiz aydındır, ancaq həqiqətən istefanız haqda xəbərlərə "məntiqsizdir" deməyiniz gizlətdiyiniz mənfəətbazlıq hissini büruzə vermiş oldu. Siz 7 min maaşı düşünürsünüz. İstefa versəniz, bu imkan da əldən gedər. Sizə bütün bu proseslərdə ən əziz detal budur. Qalanı isə blef...

"FutbolPress"


oxunma sayı: 604 | Paylaş: