Bu gün:


FutbolPress.Az | Baş katibin "ikinci plan"ı 6 bənddə (KİÇİK QEYD)

Baş katibin "ikinci plan"ı 6 bənddə (KİÇİK QEYD)


oxunma sayı: 376 Paylaş:

FutbolPress“Kəpəz”də bəzi maliyyə pozuntuları olsa da, onlar kritik deyildi və ikinci plana keçdi". AFFA baş katibi Elxan Məmmədov bunu sözügedən klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlunun şuradan uzaqlaşdırılması haqda açıqlamasında bildirib.

1. Mikayıl Nərimanoğlunun AFFA Media və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi olaraq "Kəpəz"in Müşahidə Şurasında təmsil olunmasına normal baxmaq olardı, ancaq o, şurada de-yure üzv, de-fakto isə idarəçi, işgörən, bir sözlə, klubun əsas simasına çevrilmişdi. Bu da sistematik olaraq doğru deyildi. Dəfələrlə yazsaq da, mövzu istiqamətində lazımı reaksiyalar verilmirdi. Bu və başqa külli-miqdarda anormal halın qabardılmasını isə artıq ölkə səviyyəsində yox, daim UEFA-ya məktub yazaraq qabardacağıq. Bu məsələlərin qabardılması bizim ziyanımıza, fəaliyyətimizin çətinləşdirilməsinə yönəlirsə, yəqin hüquqlarımızı UEFA və başqa aidiyyatı Avropa təşkilatları müdafiə edər. Yaxud illik hesabat konfransını gözləmək qalır... Hökumətin futbol idarəçiliyində  əsas və yeganə "əli" olan Rövnəq Abdullayevi isə yalnız həmin ərəfədə görüb, ona sual ünvanlaya/müvafiq mövzuları qabarda bilirik.

2. Müşahidə Şurası praktikası baş katib Elxan bəyin ideyası ilə tətbiq olunmuş sistemdir. Ölkə futbolunda bunadək ən uğursuz layihələrdən saymaq olar. Mövzuya mətbuatda kifayət qədər araşdırmalar, təhlillər həsr olunsa da, heç bir islahat aparılmayıb.

3. Müşahidə Şuralarının özünün müşahidəsinə ciddi ehtiyac var. "Qəbələ", "Qarabağ", "Zirə"də şuralar yoxdur, onlar bu və ya başqa formada ondan imtina ediblər. Digərlərində isə varlığı ilə yoxluğu bilinmir. Anormallıq misallarından ən qabarığı Mikayıl Nərimanoğlunun "Kəpəz"də təmsil olunması, Zaur Axundovun "Keşlə" MŞ-nin sədri olmasıyla yanaşı klubun əsas idarəçisi kimi görünməsi/təqdimatıdı. Zaur bəy Azərbaycan Futzal Federasiyasının prezidentidi. Orda işlər qaydasında haçan olubsa, indi deyil... "Keşlə"də isə rəhbər kimi aparır özünü. Halbuki MŞ sədri klub idarəçisi, rəhbəri demək deyil. Yəni iki misalda sizə MŞ mexanizminin natamam olduğunu göstərdik...

4. MŞ-larda heyətin formalaşması açıq-aşkar deyil. Prinsiplər də naməlumdu. Məsələn, elə "Kəpəz"də MŞ deyiləndə Mikayıl bəy, Mikayıl bəy deyiləndə də MŞ bilinirdi. Halbuki klubun rəsmi saytında şuranın sədri, üzvləri qeyd olunmuşdu. Onları biz bu zamanadək nə gördük, nə də gördük...

5. Şura sisteminin uğusuzluğu baş katibin bu postdakı iş əmsalının yarıdan çoxunun faydasızlığına bariz nümunədir. Qlamur formatla futbol idarəçiliyi üst-üstə düşmür. Baş katib isə inadından əl çəkmir. O, futbolda səmimi, dürüst kadrlarla, peşəkarlarla işbirliyindən qaçır. Sadəcə, görüntü üçün bir neçə tanınmış adı AFFA ətrafına toplayıb, onlara müxtəlif vəzifələr təklif edir/zərərsizləşdirir. Azərbaycanda futbolun inkişafına məsrəf edilən maliyyənin yarısı qədər də bəs edərdi ki, "Qarabağ" kimi möhtəşəm nəticələrə nail olasan, "Qəbələ" kimi yüksəliş əldə edəsən. Sadəcə, bununçün maliyyənin şəffaf məsrəfi və kadrların doğru təyinatı lazım idi. Elxan Məmmədov isə futbolda ən həssas, strateji nahiyə olan  uşaq futbolunun kuratorluğunda ciddi yanlışlıqlara yol verib. O istiqamətdə əməlli-başlı dost-tanış fraksiyası yaradılıb və futboldan anlayışı olmayan N qədər şəxs idarəçilik-midarəçilik oyunu oynayır. İllik hesabat konfransında isə dəbdəbəli çıxışlarla bu sahə elə təqdim olunur ki, düşünərsən, Azərbaycan futbolunu parlaq gələcək gözləyir. Qətiyyən...

6. Bugünlərdə Azərbaycan futbolunda kadr islahatlarının davam edəcəyini bildirən yazı dərc etmişdik. Məsələ bundadır ki, ölkədə "pul yükü" erası başa çatır/çatıb. İndi işbilənlər zamanıdır. Bəsit ifadə etsək, yəni pulun hesabına nəticə qazanmaq deyil, işin və ağlın hesabına buna nail olmaq gərəkdir. Beyinlərin doğru istifadəsi vacibdir. Futbol sahəsi dövlətdən ən çox dotasiyanın ayrıldığı istiqamətlərdəndi. Əsas çempionatda 8 iştirakçının yarıdan çoxu SOCAR-ın himayəsində, digərləri də ölkə əhəmiyyətli iş adamlarının sponsorluğundadı. Bu sahədə pulların hara, necə, nə qədər sərf edilməyinə nəzarət çox vacibdir. Hesab edirik ki, "Kəpəz"dəki maliyyə itkilərinin kritik olmadığını rahatlıqla deyən baş katibin rahat obrazının altqatında ciddi narahatlıq gizlənir. Onun özü də audit olunmalı ən böyük fiqurlardandı. İnanırıq ki, bu, uzaq gələcəkdə olmayacaq. Biz "Qarabağ"ın nümunəsində maliyyənin peşəkarlara həvalə edilib, arzulanan nəticələrə nail olmağın ən yaxşı formasını gördük. AFFA idarəçiliyində qlamur format pis olmazdı, ancaq bütünlüklə futbol idarəçiiyini himayə etmələri kökündən yanlışdır. Onlar faydasız olduqlarını tam sübut ediblər. İkinci plana atılmaları labüd görünür...

Elçin Cəlilov



oxunma sayı: 376 | Paylaş: