Bu gün:


FutbolPress.Az | Şeydayevin “siftə”si və təkrarlanan rekord

Şeydayevin “siftə”si və təkrarlanan rekord


oxunma sayı: 599 Paylaş:

FutbolPressAzərbaycan millisi DÇ – 2018-in seçmə mərhələsində çıxışını başa vurub. Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv son matçda səfərdə Almaniyaya 1:5 hesabı ilə uduzub və C qrupunu 5-ci sırada tamamlayıb.

Böyükhesablı məğlubiyyətə baxmayaraq, Bundestimlə görüş Azərbaycan futbolu tarixində rekordla əlamətdar olub. Komandamız seçmə mərhələlərdəki ən yüksək məhsuldarlıq göstəricisini təkrarlayıb.

AÇ – 1996-dan seçmə mərhələlərdə çıxış edən mili tarixində ikinci dəfə tsikli 10 qolla bitirib. İndiyə qədər yığmamız yalnız AÇ – 2012-ə gedən yolda bu qədər fərqlənə bilmişdi.

Rekordu gətirən qola Ramil Şeydayev imza atıb. 34-cü dəqiqədə fərqlənən gənc hücumçu bununla həm də millidə qol “siftə”sini edib.

Azərbaycan millisi seçmə mərhələlərdə ən az qolu isə DÇ – 2006-ya gedən yolda vurub. Həmin vaxt yığmamız cəmi 1 dəfə fərqlənib.

Şeydayevin qolu bəzi başqa məqamlara görə də diqqət çəkib. Bu, almanların ev oyunlarındakı uzunmüddətli “quru” seriyasının sona çatması anlamına gəlib. Yığmamızın bərabərlik qoluna imza atan Ramil Bundestimin qol buraxmadan keçirdiyi 7 oyunluq seriyaya son qoyub.

Şeydayevin qolu dünyanın ən güclüsü sayılan Almaniya millisiylə görüşlərdə təsəlli seriyamızın da davam etməsi anlamına gəlib. İndiyə qədər 6 dəfə almanlarla üz-üzə gələn millimiz son 4 matçda hərəsində bir dəfə olmaqla rəqibi mərkəzə dəvət etməyi bacarıb.


oxunma sayı: 599 | Paylaş: