Bu gün:


FutbolPress.Az | AFFArat, maskarad... (QEYD)

AFFArat, maskarad... (QEYD)


oxunma sayı: 577 Paylaş:

FutbolPressÇexiya ilə oyunöncəsi mətbuat konfransında millidə sonuncu oyununu keçirəcək Rəşad Sadıqova sürpriz hazırlanmışdı. İdeyaya görə, tədbirdə iştirak edəcək jurnalistlər kapitanı xüsusi “Rəşad Sadıqov maskaları” ilə qarşılamalı idilər. Ancaq UEFA nümayəndəsi mətbuat konfransınn ciddi hadisə olduğunu və bunu teatr tamaşasına çevirməyə icazə verməyəcəyini bildirdi.  Sürpriz alınmadı...

İdeyanın müəllifi ya AFFA-nın İctimaiyyətlə Əlaqələr Departamenti olub, ya da Marketinq Departamenti. Hər halda fikrin federasiyadan çıxdığına şübhə yoxdu.

AFFA-nın sözügedən ideyası qeyri-peşəkar yanaşmanın göstəricisidi. Ən azı, əvvəlcədən jurnalistlərlə məsləhətləşmək lazım idi. AFFA ilə mətbuat arasında, bir növ, əlaqələndirici olan Media Komitəsi var. Heç olmasa onları məlumatlandırmaq, əvvəlcədən bir açıqlama yaymaq olardı. Təşkilatçılar mətbuat nümayəndələrinin həmin maskaları taxacağına necə əmin idilər? Görünən o idi ki, çox jurnalist maskanı taxmaq fikrində deyildi. Ümumiyyətlə, bunu etmək jurnalistin borcudumu?

Görəsən, heç Rəşad Sadıqovun özü ilə razılaşdırılmışdımı? Sürpriz olduğu deyilirdisə, hər halda futbolçunun xəbəri olmayıb. Buna necə reaksiya verəcəyini kim bilirdi?

Dünən o da məlum oldu ki, fleşmob matç üçün Bakıya göndərilən UEFA nümayəndəsi ilə də razılaşdırılmayıb. Həqiqətən də, rəzalətdi. AFFA-nın İctimaiyyətlə Əlaqələr Departamenti həmişə öyünür ki, saytımız UEFA tərəfindən belə qiymətləndirildi, işimiz elә dəyərləndirildi və s. Ancaq görünür, departament adi bir fleşmobun necə keçirilməli olduğunu, hansı subyektlərlə ediləcəyini belə bilmir. AFFA bir növ UEFA-nın, FIFA-nın ölkədəki nümayəndəliyi sayılır. Dünənki hadisə göstərdi ki, Beynəlxalq qurumların mətbuat konfransı ilə bağlı çox adi tələblərindən belə xəbərsizdilər.

AFFA-nın gülməli kadrlar mәskәni olduğunu sübut edən daha bir faktı nəzərinizə çatdıraq. Dünən baş verənlər indiyə qədər yazmadığımız bir hadisəni işıqlandırmağımız üçün də imkan yaratdı.

Qısa müddət əvvəl yazmışdıq ki, AFFA-nın baş katibi Elxan Məmmədov tutduğu vəzifədən istifadə edib Azərbaycan futbolundan öz dost-tanışını himayə üçün istifadə edir. Məsələn, çoxlu dostları müxtəlif sektorlarda rəhbər vəzifələr tuturlar. Mətbuatda dəfələrlə onların öz işlərini bacarmadığı barədə yazılar dərc olunub. Daha əvvəl “FutbolPress”də BOS-un direktoru Cavid Qarayevin bu vәzifәyә görə 20 min manat məvacib aldığını qeyd etmişdik. Maraqlıdı, hansı xidmətlərinə görə? BOS-un marketinq strategiyası, gəlirgətirmə funksionallığı yerində deyil, bütün maliyyə isə dövlətin büdcəsindən xərclənir...

Həmin zaman stadionun mətbuat xidmətinin rəhbəri Cəmilə Sultanova redaksiyamızla əlaqə saxlayaraq, yazı ilə razılaşmadığını, maaşla bağlı böhtan atıldığını bildirmişdi. Biz də rəsmi rəqəmin nə olduğunu soruşmuşduq. Çünki indiyə qədər heç bir sənəd təqdim edilməyib ki, hansı qurum əməkdaşının məvacibi nə qədərdi. Cəmilə xanım bunun kommersiya sirri olduğunu bildirdi, ancaq niyə belə sayıldığını izah edə bilmədi. Müəyyən danışıqlardan sonra fikirlərimizlə qismən razılaşdı və bildirdi ki, niyə bəyənmirsiz, Cavid Qarayev AFFA-da marketinq şöbəsinin direktoru olanda (2007/15-ci illər – red.) çox gözəl işləri, ideyaları olub. Nümunə istədikdə belə cavab aldıq: çox gözəl “bəcik”ləri olub (bәc/akkreditasiya).

Əvvəlcə donub qaldıq, sonra güldük, çaşqın vəziyyətdə bilmədik ki, necə reaksiya verək. Adam 8 il büdcəsi 30 milyon (illik –red.) civarında olan qurumda strateji vəzifələrdən birini tutub və düşünür ki, bu müddətdə gördüyü ən böyük, ən cazibəli iş “nəfis bəciklərin” çapı imiş.

Dünənki maska rəzaləti, sosial şəbəkələrdə lakkırtı obyektinə çevrilməsi yenidən göstərdi ki, bu insanların ideyaları məhz “bəciklər” qədərdi.

Bu, bəlkə də medianın nüfuzunun aşağı olmasından, onlar üçün əhəmiyyət kəsb etməməsindən irəli gəlir, ancaq daha yaxşı olardı ki, nə vaxtsa idarəçilər özlərinin maliyyələşdirmədiyi azsaylı müstəqil mediaya tərəf boylanardılar və həqiqəti görərdilər. Həqiqətlər illərdi yazılır; maskalanmamış...

"FutbolPress"



oxunma sayı: 577 | Paylaş: