Klublara borcunu ödəməyən “CBC Sport” Super Liqanın yayımını necə alıb?
Paylaş:
“CBC Sport”un bu həftədən etibarən Türkiyə Super Liqasının oyunlarını yayımlamağa başlayacağı barədə xəbər vermişdik. Artıq həftəsonu iki matç yayımlanacaq.
Super Liqanın yayım hüququnun əldə olunması o qədər də asan sayılmır. Əvvəlki illərdə bununla bağlı dəfələrlə cəhdlər edilsə də, heç bir kanal nail olmamışdı. Bəs “CBC Sport” bunu necə bacardı?
Kanalın baş direktoru Volkan Üst “FutbolPress”ə açıqlamasında bunları dedi:
“Uzun müddətdi Super Liqanı yayımlamaqla bağlı cəhdlər edirdik. Burda işgüzar əlaqələrdən yararlandıq. AFFA, “Saran Holdinq”, “Digitürk” və Türkiyə Futbol Federasiyasında olan dostlarımızın yardımı oldu. Uzun müddət çalışdıq və buna nail olduq. Hər həftə iki oyun yayımlamağı planlaşdırmışıq. Bu matçların hansılar olacağını biz seçəcəyik. Paket bütün Super Liqaya aiddi və derbi oyunları da daxil olmaqla istənilən görüşü seçmək imkanımız var. Əlavə olaraq, keçən il olduğu kimi bu il Türkiyə Kubokunun oyunları da izləyicilərimizə təqdim olunacaq”.
Bir müddət əvvəl “CBC Sport”un maliyyə problemləri olduğu deyilirdi və kanal TPL-in yayım hüququ ilə bağlı klublara verməli olduğu vəsaiti hələ də ödəməyib. Maraqlıdı, belə bir vəziyyətdə Super Liqanın yayımı üçün maliyyə hardan tapıldı?
Həmsöhbətimiz son 5-6 ayda bununla bağlı heç bir problemin qalmadığını söylədi:
“Bizdə maliyyə ilə bağl hər hansı problem qalmayıb. Bu yalnız indi belə deyil. Ümumiyyətlə, son 5-6 ayda hər şey yolundadı. Əməkdaşlarımız maaşlarını vaxtlı-vaxtında alırlar, “Saran Holdinq”lə olan problem yoluna qoyulub, bütün borclarımızı ödəmişik. Yalnız klublarla bağlı yayım hüququna görə ödənilməli olan vəsait qalır. Bu da sırf bizdən asılı deyil. Yaxın zamanda AFFA və PFL rəhbərliyi ilə üçtərəfli görüş keçirəcəyik. Orda müzakirələrdən sonra qərar veriləcək. Bizdən asılı olmayan səbəblər var və buna görə sdə problem sadə şəkildə yoluna qoyulmur. Müzakirələrdən sonra nə qərar qəbul edilsə, onu da yerinə yetirəcəyik”.
| Paylaş: