Bu gün:


FutbolPress.Az | “Xuliqanların” qələbəsi

“Xuliqanların” qələbəsi


oxunma sayı: 392 Paylaş:

FutbolPressAzarkeşlər “Neftçi”nin istefa verən baş məşqçisi Elxan Abdullayevi sevmirdilər. İstər komandanın nəticələri, istər Elxan bəyin qalmaqallı açıqlamaları onu arzuolunmaz şəxsə çevirmişdi.

Hər şey çox erkən başlamışdı. “Neftçi” karyerası yalnız “qara zolaq”dan ibarət olan Abdullayev komandaya rəhbər təyin edildikdən bir müddət sonra futbolçusu Katalin Tira azarkeşi vurdu. Nizam-intizamı təmin etməyi bacarmayan çalışdırıcı sonradan rumıniyalını qovaraq, əsəbi kütlənin hirsini nisbətən soyutdu.

Ancaq qeydə alınan nəticələr “Neftçi”nin hər oyununun Abdullayevə ünvanlanan etirazlar, “istefa” şüarları ilə “bəzənməsinə” səbəb olmuşdu. Baş məşqçi isə uzun müddət azarkeşlərə qarşı aqressiv davrandı və onların fikirləriylə hesablaşmaq istəmədi.

Qarşıdurmanın pik həddi kubokun yarımfinalında “Qarabağ”la cavab oyunundan sonra yaşandı. “Neftçi”nin mövsümü titulsuz baş vuracağı dəqiqləşmişdi və fanatlar (oxu: “Forza Neftçi”) kəskin şəkildə baş məşqçini/rəhbərliyi istefaya səsləyirdilər. Abdullayev isə öz növbəsində həmin azarkeşləri “xuliqan” adlandırdı.

Maraqlı tərəfi odu ki, sözügedən qalmaqaldan bir neçə gün sonra klub rəhbərliyi baş məşqçi ilə 3 illik yeni müqavilə imzaladı. Sanki azarkeşlərin acığına belə bir addım atılarkən nəticələr indikindən heç də yaxşı deyildi. Nə dəyişdi ki, Abdullayevin müdafiəsinə qalxan rəhbərlik ilk istefa məktubundaca 3 illik müqaviləni yox saydı? Bəs inam, bəs “biz onun arxasındayıq”lar? Müqavilənin uzadılmasının yanlış olduğu o vaxtdan bəlli idi və güman ki, növbəti səhv mövsümün startında məşqçiylə yolların ayrılmasıdı. İstənilən halda bu, komandaya mənfi təsir edəcək. Elxan Abdullayev keçən mövsümün sonunda göndərilsə və komanda yeni baş məşqçiylə hazırlaşsa, proses daha ümidverici gedişat alardı.

Həmin vaxt ciddi müzakirələrə səbəb olan “xuliqan” qalmaqalında geri addım yay fasiləsi zamanı atıldı. Baş məşqçi ilə azarkeşlərin görüşü təşkil edildi və sular nisbətən duruldu.

Ancaq yeni mövsümün başlanğıcı yeni uğursuzluq və narazılıqları da özü ilə gətirdi.

Elə ilk turda yenə Elxan bəy azarkeşlə problem yaşadı. Məlumata görə, baş məşqçinin klubdan getməsini istəyən fanata Abdullayev söyüşlə cavab verib. Məsələ böyüyərək, PFL prezidenti səviyyəsinə qədər yüksəlib və s.

Debütant “Səbail”ə məğlubiyyətdən sonra isə artıq baş məşqçinin getməyə hazırlaşdığı hiss olunurdu: “Azarkeşlər “istefa” qışqırmaqda haqlıdılar”.

Nəhayət, hər iki tərəf üçün 11 aylıq zillət başa çatdı. Elxan Abdullayev bu gün “Neftçi”nin onluq olmadığını” qəbul etdi.

“Xuliqanlar” qələbə qazandılar...

Bundan “Neftçi” nəsə qazanacaqmı? İzləyək...

Faiq Tahirov


oxunma sayı: 392 | Paylaş: