Bu gün:


FutbolPress.Az | "Neftçi"yə radikal müdaxilə (QEYD)

"Neftçi"yə radikal müdaxilə (QEYD)


oxunma sayı: 448 Paylaş:

FutbolPress"Neftçi" iki qüvvənin nəzarətindədi. Bunlardan biri bir müddət əvvəldən zəifləmiş Elşad Nəsirov qolu, digəri isə görünməyən qüvvə - SOCAR-ın vitse-prezidenti, klubun təsisçisi qismində Mikayıl İsmayılovdu. Mikayıl bəy həm də Rövnəq Abdullayev klanı deməkdi. Yəni eyni xətdir. Ama həm də iddialar, niyyətlər fərqlidir...

Bir vaxtlar klubda külli yeyintilərin olması haqda söhbətləri dəbə salan və kuluarlarda əsas mövzuya çevirən Nəsirov klanı Abdullayev klanını klubu buraxmaq həddinə çatdırmışdı. Yəni, "bu klub, bu da pullar, buyurun, idarə edin"...

Düzdü, prezident Sadıq Sadıqov son anadək getmək istəmirdi/getmirdi, ancaq Nəsirov klanı situasiyanı elə təşkil elədi ki, Sadıqov çıxdaş oldu. Həmin ərəfələrdə klubun əsas işgüzar qüvvəsi olan Tahir Süleymanov "ssenarini" əvvəldən hiss eləmişdi deyə, Sadıqovu gözləməmişdi,  istefa verib, aradan çıxmışdı.

O dövrlər AFFA baş katibi Elxan Məmmədov Müşahidə Şurası formatı vasitəsiylə "Neftçi"ni tamamən əsarətə götürülməyinin strateqi oldu. Ancaq...

Dəfələrlə yazmışdıq ki, Abdullayev klanı bu klubu elə-belə buraxmaz. Çünki onların üstünə şər atılmışdı - pul yeyintiləri...
Çünki onlar "Neftçi" tarixinin ən böyük uğurlarını qazanmışdılar (hər necəsə). Ardıcıl ölkə çempionluqları, kuboklar, Avropa Liqasında qrup mərhələsi... Bunları qazanan bir dəstənin pul yeyintisi adıyla ləkələnməməsi üçün abdullayevçilər eşafotu vaxtında dərk etdi ki, imic tam  korlanmasın. Bəs nəsirovçular klubu ələ alandan sonra..?

Geridə qalan 3 il göstəri ki, yaxşı şeylər mümkün olmadı. "Neftçi" tarixinin ən böyük məğlubiyyətini aldı, mövsümü 7-ci yerdə tamamladı və s.

Böhrandan çıxış yolları tətbiq edilsə də, çıxış mümkün olmur ki, olmur.

Yeni mövsümə uğurlu olacağı iddiasıyla başlayan "Neftçi"nin MŞ-dan imtina eləmiş, yeni formasiyalı idarə heyəti yenə uğursuzluqlara qarşı çıxa bilmədi. İlk radikal addım - Elxan Abdullayevin postundan uzaqlaşdırılmasıdır. Ancaq prosesin aydın olmayan tərəfləri var. İctimaiyyətçün maraqlı ola biləcək bəzi mətləblərin açıqlanmasında onlara vasitəçilik eləmək istəyirik.

Hazırda ölkə futbol gündəminin bir nömrəli mövzusu "Neftçi"nin baş məşqçisi kim olsun"dur. Müxtəlif versiyalar səslənir, yazılır, müzakirə edilir. Ancaq mətbəxdə nə bişir...

Böyük ehtimal, Abdullayevin göndərilməsi Mikayıl İsmayılov tərəfdən gələn göstərişdir. Bu il xüsusən, "Neftçi" daha sıx nəzarətdə olacaq. Verilən vədlərin yerinə yetirilməsinə olan tələbkarlıq daha sərt olacaq. 

Məsələ budur ki, Abdullayev AFFA baş katibi Elxan Məmmədovun şəxsi istəyilə komandaya gətirilmişdi. Onun uğursuzluğu bir il ərzində özünü hər tərəfdən göstərdi. Mümkündü ki, Məmmədov tərəfdən baş məşqçi postuna olan təkliflər/müdaxilələr daha işləməsin.

Yeni ad kim olacaq? 

Məlum olandan sonra qüvvələrin mübarizəsində hansı tərəfin hücuma keçdiyi bilinəcək. Hələliksə Orxan Hüseynzadə idarəçiliyində "Neftçi" baş katibin təsir dairəsindən maksimum uzaqlaşma yolunu tutsa, daha uğurlu ola bilər. Əks halda,  nəticələrin pis olması uzun sürən proses halını alacaq. Ta nəsirovçuların bezib, klubu tamamilə əldən buraxmasınadək... "Neftçi"nin daxilində abdullayevçilər daha çoxdur, onlar daim prosesi hazırkı ixtiyar sahiblərinin ziyanına yönləndirməkdə davam edib, edəcək də. Necə deyərlər, qisas qiyamətədək...

"FutbolPress"


oxunma sayı: 448 | Paylaş: