')

Bu gün:


FutbolPress.Az | Məhsuldar və kobud

Məhsuldar və kobud


oxunma sayı: 875 Paylaş:

FutbolPressÇempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub. Dünən keçirilən görüşlərdən sonra qitənin 1 nömrəli klub turnirində bunaqədərki statistika məlum olub.

Azərbaycanı ÇL-də təmsil edən "Qarabağ" bəzi göstəricilərdə ön sıralarda qərarlaşıb. Ağdam klubu turnirin ən məhsuldar komandalarındandı. Təmsilçimiz bu baxımdan ilk "5-lik"də qərarlaşıb. "Qarabağ" keçirdiyi 5 oyunda rəqib qapılarından 9 top keçirib ki, bu da komandanın "Riyeka" ilə birgə 4-5-ci yerləri bölüşdürməsi deməkdi.

Turnirin ən məhsuldarı "Legiya"dı. Hazırda Avropa Liqasında mübarizə aparan polyaklar ÇL-də 11 dəfə qol sevinci yaşayıblar. "Hapoel Beer Şeva" və "Seltik" isə 10 qolla 2-3-cü yerləri bölüşdürürlər.

"Qarabağ"ın hücumçusu Dino Ndlovu ÇL-in bombardirləri sırasındadı. Cənubi afrikalı forvard 5 oyunda 3 dəfə fərqlənib və bu göstərici ilə 5-12-ci yerləri bölüşdürür. Ndlovu bir dəfə də məhsuldar ötürmə müəllifi olub. 

Donald Gerrye və Mahir Mədətov isə ən çox qapıya zərbə endirənlər sırasında qərarlaşıblar. Onlar müvafiq olaraq, 13 və 5 belə cəhd ediblər. Legioner futbolçu 6 dəfə "çərçivə"yə düşübsə, "Kopenhagen"lə oyunda qələbə qolunun da müəllifi olan Mədətovun bütün zərbələri qapıya gedib.

Hücum elementləri baxımından göstəricilər yüksək olsa da, Ağdam klubu, həm də turnirin ən kobud komandalarından biridi. Təmsilçimiz keçirilən matçlarda ümumilikdə 75 dəfə qayda pozuntusuna yol verib. Heç vaxt "qırmızı" almayan futbolçularımız 7 dəfə sarı vərəqə ilə cəzalandırılıblar.

Turnirin ən çox kobudluq edən futbolçusu da "Qarabağ"da çıxış edir. Maksim Medvedev 14 dəfə qayda pozuntusuna yol verib. Maraqlıdı ki, milli üzvü bunların heç birinə görə cəzalandırılmayıb. 13 dəfə kobud oynayan Miçel isə bir sarı kart görüb.


oxunma sayı: 875 | Paylaş:




?>