Bu gün:


FutbolPress.Az | O və komandası...

O və komandası...


oxunma sayı: 839 Paylaş:

FutbolPressBaş rolda yenə odur - Qurban Qurbanov.

Azərbaycan futbolu ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində təmsil olunur.

İlk oyunda qələbə qazanır, cavab matçına inam böyükdür və s.

Biz bu mərhələyə necə gəlib çıxdıq?

Vaxtilə hər addımda tənqid eləmək istədiyim Qurban Qurbanov bir fərdin, şəxsin, xarakterin, obrazın necə təkmilləşdiyini göstərir. Həmişə tənqid eləmək istədiyin birini indi hətta mədh eləməyin gəlir.

İdeal axtarışı deyil, bu, bir prosesin gözünün qarşısında necə diqqətli və səbrli inkişafından doğan təəssüratdı. Qurbanovu son illər lap yaxından izləyirəm. O, fenomenal həddə inkişaf eləmiş insandı. Şəxsiyyətin kimliyində radikal dəyişiklik adlandırardım bunu.

İnsan təkmilləşmə meyarı sayılacaq qədər nümunəvi davranışlarıyla xatirət cızıb məndə.

O, həmin Qurbanovdur ki, vaxtilə gözümün qarşısında "Xəzər Lənkəran" azarkeşinə yumruq atmışdı. "Hünəriniz varsa, "Neftçi"yə" qarşı da belə oynayın!" dediyi üçün. Başqa bəzi oyunlarda da azarkeşlərə qarşı əsəblərini cilovlaya bilməməyi və s. Özünü toparlaya bilməməyi, kritik məqamda təmkin nümayişini bacarmaması və s. detallar nəzərimdə Qurbanov obrazını mənfiyə çevirmişdi.

Həmin Qurbanov, əslində, dəyişilməyib. Yenə şəninə toxunan sözə, hərəkətə radikal reaksiya verib, bildiyi, etiqat göstərdiyi şəxsiyyət fenomeninə sadiq qalar. Ancaq ondakı təkmilləşmə Qurbanovu böyüdüb. Bəli, kifayət qədər böyüyən Qurbanov bu gün artıq nəinki sabit komanda formalaşdıra, həm də şəxsiyyət formalaşmasında müəllim rolunu oynaya bilir.

Vaxtilə xarakter və s. problemlərindən bəhs etdiyimiz Mahir Mədətov bu gün "Qarabağ"ın yeganə qolunu vurur... Oyunlarda çox yaxşı performansıyla alqış qazanır. Bilirsiz niyə? Ona görə yox ki, Qurbanovun komandası intizamlıdır, məşqləri daha diqqətli, dəqiq tətbiq edir və s. Ona görə ki, o, Mahiri xarakter kimi "bişirdi". Ən incə detallarla, Mahirin hiss etməyəcəyi incəliklə onu "tərbiyə etdi". Qurbanovu mənə sevdirən əsas məqam da bu üstünlüyüdür.

İdmançı plastilindir, sən onu formalara sala bilərsən. Qurbanovun təkmilləşməsi  və təmkinləşməsi artıq "plastilinlələrdən" gözəl formalar düzəltməyinə səbəb olur.

Bu gün Azərbaycan futbolunda rəqabət o səviyyədə deyil, hərgah ölkə futbolunu bürüyən idarəçilik və maliyyə böhranı "Qarabağ"dan yan keçir. "Qarabağ"ın inkişafı daim davam edir.

Çünki klubun idarəçiləri pulla kağız parçası kimi yox, peşəkar davrandılar. Qurbanov əsl böyük kimi komandasını hər an bəslədi, yetişdirdi və böyütdü.

Bu gün biz onu məhsul hazırlaya bilən biri hesab eləyə bilərik.

Qurbanov həm də o qədər böyüyüb ki, bəzən təxribatçı, yersiz, mənasız, hətta aşkar "rədd ediləsi" suallara belə səbrlə cavab verir. Bilsə də ki, o sualın tərkibində hardansa "axıb gələn" çirkli su var, yenə cavablayır.

Bu gün meydançada həm də sellofanın bərq vurduğu diqqətləri çəkib. Bu situasiyaya minbir metafora, ibarə qoşmaq olar. Uğur qazananların, böyüyənlərin başı üstündə daim hansısa sellofanlar uçuşur; əsas olan yolunu doğru seçmək, davam etmək, davam etmək...

Təbriklər, böyük məşqçi! Uğurların yeni səhifələr açsın...

Elçin Cəlilov


oxunma sayı: 839 | Paylaş: