UEFA-nın saytı "Qarabağ"ın oyunundan yazdı
Paylaş:
UEFA-nın rəsmi saytında Çempionlar Liqasının pley-off mərhələsində baş tutacaq “Qarabağ” - “Kopenhagen” dueli barədə yazı yerləşdirilib. Materialda hər iki klub barədə faktlar və statistik göstəricilər yer alıb.
Yazıda qeyd olunur ki:
- Son illərdə bir qayda olaraq Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qarabağ” ilk dəfə ÇL-in pley-offuna adlayıb və nəhayət, turnirin qrupunda debüt etmək istəyir. Azərbaycan təmsilçisinin rəqibi “Kopenhagen” isə bu turnirdə böyük təcrübəyə malikdi.
- Bu komandalar 1998/99 mövsümündə UEFA Kuboklar Kubokunun təsnifat mərhələsində qarşılaşıblar. “Kopenhagen” iki oyunda ümumilikdə 10:0 hesablı qələbəyə imza atıb (6:0, 4:0). Bu həm də Azərbaycan və Danimarka klublarının indiyədək qarşılaşdığı yeganə dueldi.
- Bu, “Qarabağ”ın ÇL-də 4-cü çıxışıdı. Əvvəlki 3 cəhddə komanda 3-cü təsnifat mərhələsində dayanıb.
- 2016/17 mövsümündə Azərbaycan təmsilçisi ardıcıl 3-cü dəfə Avropa Liqasının qrup mərhələsində çıxış edib. Hər üç halda komanda ÇL ilə vidalaşdıqdan sonra AL-də mübarizəni davam etdirib. “Qarabağ” heç vaxt AL-də 1/16 finala yüksələ bilməyib.
- “Atlılar” ardıcıl 4-cü, ümumilikdə 5-ci çempionluqdan sonra ÇL-də oynamaq hüququ qazanıb.
- Komanda pley-offa qədər Gürcüstanın “Samtredia” (5:0, 1:0) və Moldovanın “Şerif” klublarını (0:0, 2:1) mübarizədən kənarlaşdırıb.
- “Qarabağ” avrokuboklarda keçirdiyi son 8 ev oyunundan yalnız birində məğlubiyyətlə üzləşib. Bu, 2016-cı il dekabrın 8-də baş verib. Həmin zaman komanda “Fiorentina”ya 1:2 hesabı ilə yenilib.
- “Kopenhagen” ümumilikdə 6 dəfə çıxışı etdiyi Çempionlar Liqasının pley-off mərhələsində yalnız 2 halda sevinən tərəf olub. Danimarka klubu 2010/11 mövsümündə “Rusenborq”, ötən il isə APOEL-ə gücünü göstərib.
- 2016/17 mövsümündə ÇL qrupunda 3-cü olan “Kopenhagen” mübarizəni AL-in 1/16 final mərhələsində davam etdirib. Komanda burda iki oyunun nəticəsinə görə gələcək finalçı “Ayaks”a (2:3) uduzub.
- “Kopenhagen” ötən mövsüm 12-ci dəfə Danimarka çempionu olaraq ÇL-ə vəsiqə qazandı. Komanda pley-offa qədər “Jilina” (Slovakiya) və “Vardar”ı (Makedoniya) mübarizədən kənarlaşdırıb.
- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov rəsmi oyunlarda vurduğu 12 qolla Azərbaycan yığmasının ən məhsuldar oyunçusudu. O, 2008-ci ildən Ağdam klubunun baş məşqçisidi.
- Stol Solbakken məşqçilik karyerasında ikinci dəfə “Kopengahen”i çalışdırır. O, komandasını 7 dəfə Danimarka çempionu edib. Futbolçu karyerasında 58 oyunda Norveç yığmasının formasını geyinib və karyerasını məhz “Kopenhagen”də bitirib. Bunun erkən baş verməsinə ürəyindəki problem səbəb olub.
- Baş məşqçilər daha əvvəl futbolçu kimi üz-üzə gəliblər. DÇ-1998-in seçmə mərhələsində Norveçin Azərbaycanı 5:0 məğlub etdiyi görüşdə Solbakken dubl edib, Qurbanov isə ikinci hissədə meydana daxil olub. Skandinaviyalıların 1:0 üstün olduğu cavab matçında isə onların hər ikisi 90 dəqiqə mübarizə aparıb.
| Paylaş: