Bu gün:


FutbolPress.Az | "Neftçi"nin korlanan "süftəsi".. ümid varmı?  (QEYD)

"Neftçi"nin korlanan "süftəsi".. ümid varmı?  (QEYD)


oxunma sayı: 404 Paylaş:

FutbolPressÜmid edirdik ki, "Neftçi" "Qarabağ"a sürpriz hazırlayıb.

Oyunsonrası mətbuat konfransında baş məşqçi Elxan Abdullayevin dediyi kimi, müdafiə olunub, rəqibi əks-hücumlarda cəzalandırmaq istəyən "ağ-qaralar"ın taktiki yanaşması bəhrəsini vermədi - 1:3. Mövsümə xalla başlamaq çox yaxşı olardı, bəs niyə olmadı?

Oyuna - mövsümün açılışına xüsusi hazırlıq hiss olunurdu. "Neftçi"də media trbiunasında şərait, təşkilatçılıqdakı incə detallara yanaşmada müsbət dəyişikliyin olduğunu qeyd edə bilərik. 

Azarkeş amili də normal idi. Hər iki tərəf mübarizəyə hazırlaşmışdı. Ötən il "atlılar"ın azarkeş ordusu "vaqon pankartı" ilə bir az qeyri-etik, lakin yaradıcı yanaşmaya bu dəfə kifayət qədər yaxşı cavab aldılar. "Neftçi" fanları "Milyonçu" intellektual şousunun formatına uyğun - 4 variantda  "Qarabağ"ın yaranma ilinin emblemlə sənədlərdəki uzlaşmamasına isterik işarə etmişdilər.

Tərəfdar fəallığının diqqətçəkən detallarından biri də Elxan Abdullayevçün ən arzulanmaz məqam idi - "İstefa!". Doğrudu, çağırışın ünvanı səsləndirilmirdi, ancaq 3 topdan sonra emosiyalarındakı alovlanmanı anlamaq olardı.

Gələk oyunun əsas məqamına. Bu, "Neftçi"nin qarşılaşmaya yanaşmasının doğru olmadığına aid məsələdi.

Elxan bəy dedi ki, biz müdafiə olunub, əks-hücumlarda qol vurmaq istəyirdik. Şablonla götürsək, bəli, bu cür - ehtiyatlı yanaşma məntiqlidir. Çünki "Neftçi" son mövsümün 7-cisi, "Qarabağ" isə çempionudur. Üstəlik, rəqib ÇL-in qrupuna düşməyə namizəddir və istənilən halda sən ona qarşı maksimum ehtiyatlı davranmalısan. Lakin...

Abdullayev "Neftçi"nin qış rekonstruksiyasından sonra bu taktiki yanaşmanın yanlış olduğunu anlaması, deyəsən, çox vaxt aparacaq. "Neftçi"nin hazırkı heyəti müdafiə olunmağa - oyunu müdafiədən qurmağa məhkum edilməməlidir. Çünki müdafiənin hər iki cinahı - Mirzəbəyov da, İsayev də zəngin manevrlərli hücum quran rəqibə qarşı dirəniş göstərə bikəcək potensialda deyillər. Elə məhz bu axsaqlıqdan tutub, qolları vuran rəqib hətta "Neftçi"nin beyin mərkəzi, Derli Meza Kollini də yorub, əldən salmışdı. Çünki Derlis həm özünün dağıdıcı/yaradıcı oyununa cavabdeh olmalı idi, həm də müdafiədə, rəqibin hücumları zamanı itirilən toplarda "sığortaçılığı" öhdəsinə götürməliydi. İnsafən, bunu əksər məqamlarda bacardı, ancaq yaşını və hələ tam hazır olmamasını nəzərə alsaq, bəlkə də hələ gec yorulub, əldən düşdü.

Abdullayev sadəcə qəbul eləməlidi ki, "Neftçi"nin ən güclü yeri mərkəz xəttidi. Sən Derlisi komandaya gətirmisənsə, Elnur Cəfərov kimi cinahdan inamlı reydlər eləyə biləcək oyunçun varsa, hücumda yaxşı top təminatını qola çevirməyi bacaran Barqasın mövcuddusa, nədən müdafiə olunmalıydın?

"Qarabağ" əsas oyunçuları döyüşə buraxmamışdı. Üstəlik, "Neftçi" öz meydanında oynayırdı. Elə bu iki detal bəs edir ki, açıq olmasa da, hücum futbolu oynamalısan. Hələ nəzərə alsaq ki, ilk hissədə iki dəfə mərkəzdə pressinq olunanda "Qarabağ" topu itirdi.

Niyə bu üslubu gec - iki qol buraxandan sonra tətbiq etdiniz, Abdullayev?

Herreranı sonradan meydana buraxmaq da məhz o ehtiyatlı taktiki yanaşmanın nəticəsiydi, halbuki start heyətində çıxsaydı, Derlis və onun sayəsində Barqas keyfiyyətli ötürmələrlə təmin olunardı.

Ən qıcıqlandırıcı məqamlardan biri də "Neftçi"nin təkbətək mübarizələrdə sərt oynamamasıydı. Elnur Cəfərlovla Derlisdən başqa bu istəkdə görünmürdü heç biri. Mahir Mədətov, Əfran İsmayılov, hətta hücumdan mərkəzə qədər gəlib top alan Ndlovu bəzən 3-4-5 futbolçunu rahat aldadıb, ötürmə verə bilirdilər. Bu, müdafiə olunan komandaya yaraşan iş deyil.

Bəli, "Neftçi" daha yaxşı oyun quracaq, hiss olunur ki, komandanın heyətində proqressiv oyuna uyğun kadrlar var. Ancaq Abdullayevin "ehtiyat igidin yaraşığıdı" prinsipinə əməl eləməsi "Zirə" kimi sabit, "Qəbələ" kimi çempionluğa iddialı, "Sumqayıt" kimi sonadək vuruşan rəqiblərlə işi xeyli çətinləşdirə bilər. 

"Neftçi" təşkilati işlərdəki yaradıcı yanaşmasını komandanın oyununda da tətbiq etməlidi.

Elçin Cəlilov


oxunma sayı: 404 | Paylaş: