Bu gün:


FutbolPress.Az | "Kiminsə saxta sənəd təqdim etməklə legioner sayılmamasını istəmirik" - Kamran Quliyev

"Kiminsə saxta sənəd təqdim etməklə legioner sayılmamasını istəmirik" - Kamran Quliyev


oxunma sayı: 171 Paylaş:

FutbolPressBu gün AFFA Klublar Komitəsinin iclası keçirilib. Qurumun inzibati binasında baş tutan toplanışdan sonra komitə sədri Kamran Quliyev jurnalistlərə açıqlama verib. O, bir sıra məqamlara aydınlıq gətirib.

Quliyev iclasda müzakirə edilən məsələlər barədə danışıb. O, əvvəlcə "Kəpəz" və "Səbail"in ev oyunlarını keçirəcəkləri stadionlar məsələsinə toxunub. Sədrin sözlərinə görə, adıçəkilən klublar ilk dövrədəki ev oyunlarını başqa stadionlarda keçirəcəklər və təqvimdə dəyişiklik baş verməyəcək:

"İclasda əvvəlcə “Səbail” və “Kəpəz”in ev oyunlarını keçirdikləri stadionlarda təmir işləri getməsini danışdıq. Təqvimin dəyişdirilməsi, bu komandaların bütün oyunlarını səfərdə keçirmələri planlaşdırılmır. Çıxış yolu kimi onların rəqiblərini başqa stadionlarda qəbul etmələri irəli sürüldü. Bu praktika əvvələr də olub. Kimin harada oynayacağını bilmirəm. Klublar özləri çıxış yolu tapacaq".

Quliyev PFL-in növbəti mövsüm oyunları üçün iştirak ərizəsində oyunçu sayının 18-dən 23-ə yüksəltməsi qərarının düz müzakirə edildiyini söyləyib:

"Bizim mövqeyimiz belədi ki, "23-lüy"ə iki nəfər 19 yaşadək futbolçu daxil edilsin. Bununla da onlar gələcək üçün hazırkı reqlamentə uyğunlaşacaqlar. Yəni onlar hazırda meydanda olmalı olan 1 nəfər 1996-cı il doğumlu və daha gənc Azərbaycan vətəndaşını əvəzləyəcəklər".

Gündəlikdə olan başqa bir məsələ isə U-19 liqasının formatının dəyişdirilməsi olub. Komitə sədri bu təklifin AFFA-dan gəldiyini və UEFA-nın qoyduğu yaş limitinin tətbiqinin nəzərdə tutulduğunu deyib:

"Bu təklifi AFFA verib. Məsələnin məğzi oyunlar zamanı UEFA-nın qoyduğu yaş limitinin tətbiq olunmasıdır. Bildiyiniz kimi, bu il U-19 liqasının qalibi “Qarabağ” olub və komandanın heyətində 1998-ci il təvəllüdlü futbolçular çıxış edib. Halbuki UEFA Gənclər Liqasının yeni mövsümü üçün 1999-cu il təvəllüdlü futbolçular tələb olunur. Bu da böyük problemlər yaradır. Çünki bir il ərzində püxtələşmiş kollektivdə dəyişikliklər baş verir. Bu məsələ ilə bağlı klublar bir həftə ərzində təkliflərini verəcəklər. Bundan sonra AFFA ilə danışıqlarımız olacaq. Yəqin ki, ayın sonuna qədər real addım atılacaq".

Müzakirə edilən sonuncu məsələ xarici ölkədə doğulan və xarici ölkənin vətəndaşı olan, etnik baxımdan Azərbaycana hər hansı bağlılığı olan (FİFA qaydalarına müvafiq) futbolçuların klublarımızda qeyri-legioner statusu ilə çıxış etməsi olub:

"Burda söhbət milli komandadan və ya vətəndaşlıqdan getmir. Xaricdə doğulan və ya ailəsi ilə sonradan xaricə köçən azərbaycanlıların legioner statusu daşımaması təklif olunur. Məsələn, İspaniyada ispandilli ölkələrin futbolçuları legioner sayılmır. Yadınızdadısa, vaxtilə Türkiyənin II liqasında azərbaycanlı futbolçular legioner statusu daşımırdılar. Biz də reallığı bilirik. Bu güzəştin tətbiqi üçün ölkəyə dəvət edilən futbolçunun səviyyəsi yüksək olmalıdır. FIFA-nın bəlli standartı var. Millidə çıxış etmək üçün bir neçə şərtlər mövcudur. Biz də kiminsə saxta sənəd təqdim etməklə legioner sayılmamasını istəmirik. Bu, hələlik niyyətdir. Belə olan halda biz Ramil Şeydayev kimi futbolçuları daha tez tapıb, yığmaya gətirə bilərik".


oxunma sayı: 171 | Paylaş: