Bu gün:


FutbolPress.Az | Yenə komissiya və yenə naməlumluq (QEYD)

Yenə komissiya və yenə naməlumluq (QEYD)


oxunma sayı: 276 Paylaş:

FutbolPressDünən ölkənin öləziyən futbol gündəminə bir mövzu daxil oldu, ancaq nədənsə ictimaiyyət  bunun da üstündən sakitcə ötüşməkdədi. Ümumiyyətlə, futbol cameəsi qədər passiv, dağınıq, biganə ətraf yoxdur; bu da ayrı geniş mövzunun söhbətidir.

Dünənki "fövqəladə" məsələ belə idi: "Azərbaycan çempionatının I Divizionunda danışlmış oyunlar ehtimalının qarşısının alınması, stabilliyin və şəffaflığın təmin olunması məqsədilə AFFA və PFL-in apardığı birgə müzakirələrin nəticəsi olaraq yeni sistemin tətbiqinə qərar verilib".

İddianı gördünüz?

Süni dəbdəbə, utopik yanaşmalardan xali deyillər də heç vaxt...

İndi fikir verin, danışılmış oyunların qarşısını almaqçün nə düşünüb, icad ediblər: "Bununla bağlı AFFA-nın Lisenziyalaşdırma Qrupunun hazırladığı təkliflər İcraiyyə Komitəsinin üzvlərinə təqdim olunub və baş katiblik komitə üzvləri ilə fərdi qaydada müzakirə aparıb. İcraiyyə Komitəsinin əlavə və dəyişiklikləri nəzərə alındıqdan sonra I Divizionda çıxış etmək istəyən klublar üçün müraciət qaydaları hazırlanıb. Tətbiq olunacaq yeniliklər əsasən növbəti mövsüm üçün təsdiq olunmuş büdcə proqnozunu, klubun yazılı strategiya planı (gələcəyə baxış inkişaf konsepsiyası), mövsüm ərzində istifadə edəcəyi infrastrukturla və klubun rəsmi saytı ilə bağlı məlumatları əhatə edir. Müraciət etmiş klubun I Divizionda çıxışı üçün müsbət cavab verilib-verilməməsinə təqdim olunmuş sənədlərin tamlığı, AFFA-nın təyin etdiyi Komissiya və ya müvafiq orqan tərəfindən aparılmış araşdırma və təhlilin nəticələri, eləcə də 2016/17-ci il mövsümü ərzində UEFA-dan “danışılmış oyunlarla” bağlı daxil olmuş hesabatlar kimi faktorlar təsir edəcək".

Yenə də makulatura mahiyyətli yanaşma. Mövzuya lokal yanaşma və sürətli həll başqa rakursdan olmalıdır. I Divizionun  iki əsas problemi var:

1. Klublar müstəqil maliyyə mənbələrinə malik deyil
2. Divizionun çempionu son illər TPL-ə vəsiqə (lisenziya) əldə edə bilmir

Bunların aradan qaldırılması üçün tam ayrı prosedurlar, islahatlar lazımdır, burda qeyd elədikləri yanaşmadan heç bir fayda çıxmaz. Müstəqil maliyyə mənbələrinin olmaması bir yana, "silikon klublarımız" üstəlik heç bir rentabelliyə tab gətirməz.
Əvvəla, "stabilliyin və şəffaflığın təmin olunması" üçün mexanizm hanı? Varsa, niyə ictimai müzakirəyə təqdim edilməyib? Bunu bir qrup şəxs öz arasında necə qərarlaşdıra bilər? Hansı səmərəlilik əldə olunar?

Digər məsələ "büdcə proqnozu"dur. OK, bəs bu məsələdə predmetlər nədən ibarətdir?

300 min manatlıq bank təminatına yenidən baxılmasının vacibliyi, Divizionda lisenziya şərtlərinin yumşaldılmasına ciddi ehtiyacın olduğunu dəfələrlə lokal, səhih arqumentlərlə izah etmişik. İndiysə mövzu ətrafında ox atılıb, yay gizlədilir. Şəffaflıq belə olmur. Biz bilməliyik ki, siz hansı ideyaları təsdiq və tətbiq etmək niyyətindəsiniz. Xüsusən də, indiyədək ideyalarınızın faydalılığı olmayıbsa, bu, qaçılmazdır.

Bizim birbaşa bilməli olduğumuz əsas detallardan biri də Divizion iştirakçılarının rəsmi saytının olması/fəaliyyətliliyi barədə qeyddir. Bu məsələdə AFFA-nın təyin etdiyi komissiya və müvafiq orqan hansı tərkibdədir? Rəsmi sayt (oxu: media) məsələsində komissiyada faydalı fikir/təklif edə biləcək nəfərlər varmı?

Yaxud niyə həmin komissiyada KİV-dən təmsil olunan yoxdur? Ümumiyyətlə, komissiya tərkiblərinin açıqlanmaması kimi normallıqdan uzaq ənənə niyə davam edir?


Elçin Cəlilov


oxunma sayı: 276 | Paylaş: