Bu gün:


FutbolPress.Az | Tuyqun Nadirov Mübariz Mənsimovu necə aldadırdı?

Tuyqun Nadirov Mübariz Mənsimovu necə aldadırdı?


oxunma sayı: 1057 Paylaş:

FutbolPress"Şerif" - "Qarabağ" oyununun yayım hüququnun verilməsi üçün meydan sahibinin 100 min avro istədiyi haqda xəbərlər dolaşır və bu səbəbdən matçın Azərbaycanda göstərilməsinin problem olacağı məlum olur.

Yadıma "Xəzər Lənkəran"ın "Lex"lə səfər oyununun yayım məsələsi düşdü. Yunis Hüseynova yaxınlaşıb demişdim ki, XL fanatları sosial şəbəkələrdə üsyan eləyir, rəhbərliyə deyin, oyunun yayımını təşkil etsinlər. Dedi ki, Tuyqun Nadirov (vitse-prezident) "Lex" rəhbərliyi ilə danışıqlar aparır.

Nəysə, mən bu şəxsin XL-in məhvi üçün çalışdığını dəqiq bildiyimə görə başladım araşdırmaya. Guya "Lex" tərəfi 25 min avro istəyirdi. ANS kanalı da kluba deyib ki, o pulun bir hissəsini siz ödəyin, qalanı biz veririk. Mən klubun qaldığı otelə gedib, orda Tuyqun Nadirova bildirdim ki, yayım üçün məbləğin tam ödənməsini istəmir ANS, bir az əvvəl açıqlama almışıq kanaldan, bir hissəni siz ödəyin, camaat narazı qalmasın, yayım baş tutsun. Tuyqun Nadirov cavab verdi ki, "Lex" tərəfi nəinki 25 min məbləğindən düşmür, hətta yayımı bizə verməkdə maraqlı deyil.

Mən "Lex"in rəsmisinə zəng elədim. Çətinliklə də olsa, ona düşə bildik və saytda açıqlaması getdi. Klub 25 min desə də, 15 minə düşübmüş. Ovaxta görə də bu, əla idi. İndi lazım idi ki, cəmi 10 min ANS-ə ödəyəsən, yayım alınsın.

Əvəzində nə oldu, bilirsiz? Tuyqun Nadirov Mübariz Mənsimova zəng elədi, dedi ki, ANS yayımın tam məbləğini istəyir - 25 min. Ancaq həqiqətdə elə bir şey yox idi. Adam ANS-in adından yalan danışırdı və xəbəri yox idi ki, mən bir az kənarda onun söhbətini eşidirəm. O an şokda idim. Mübariz Mənsimovun qardaşı Mais Mənsimov bu hiylələri bilə-bilə Tuyqun Nadirova heç nə demədi. Beləcə oyunun yayımı problem kimi qaldı. Bilirsiz niyə? Nadirov ordan öz mənfəəttini götürə bilmirdi deyə, bütün işi "burdu". Bu şəxs klubun bütün xərclərində belə edirdi. Oyuna bir gün qalmış Yunis Hüseynovun hirsli olduğunu gördüm. Səbəbini soruşanda mənə bir futbolçunu göstərib dedi ki, bu adam mənlik deyil, götürməyəcəm. Anladım ki, zorla götürməsini istəyirlər.

Bütün bunları səfərdən qayıdandan sonra yazdım. Bir müddət sonra mənə xəbər göndərdilər ki, sizin sayta reklam veririk, bunu nəzərə almırsan və s. Mən də olanlardan hiddətlənib, reklamdan imtina etdim. Beləcə klubun bizə qarşı hücumları başladı. Mən yazdıqca onlar saytı dağıtdırır, hər hoqqa ilə işimizə mane olurdular. Ancaq zaman göstərdi ki, biz yazdıqlarımızda haqlı idik. Süquta uğrayan "FutbolPress" yox, "Xəzər Lənkəran" olmuşdu. Çünki doğru yolu biz gedirdik, onlar yox. Və biz doğru olanları ictimaiyyətə aşkarladığımıza görə onlarçün düşmən idik. Ona görə də bəzən "Xəzər Lənkəran"ın məhvinin kənardan müdaxilə olduğunu yazanların, deyənlərin fikir azdırmaq məqsədi güddüyünü iddia eləməkdə tam haqlıyıq. XL-i öz içindən "yeyib-taladılar". Eləcə də hazırda pis dönəmini yaşayan "Palmali"ni. Mübariz Mənsimov isə guya bütün bunları bilmirdi...

Elçin Cəlilov



oxunma sayı: 1057 | Paylaş: