Bu gün:


FutbolPress.Az | Avrokuboklarda çıxış və növbəti mövsümə hazırlıqda ikinci mərhələ (LAYİHƏ)

Avrokuboklarda çıxış və növbəti mövsümə hazırlıqda ikinci mərhələ (LAYİHƏ)


oxunma sayı: 370 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “FutbolPress” “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası üzrə "Ölkə futboluna güzgü tutaq" mövzusunda qalib elan edildi. Layihəni eyni istiqamət üzrə növbəti dəfə icra edən saytımız ilk yazını təqdim edir.
 
Daha əvvəl Premyer Liqa klublarının növbəti mövüsmə hazırlığı ilə bağlı araşdırmanı təqdim etmişdik. Bu, elə bir vaxta təsadüf etmişdi ki, avrokubok təmsilçiləri hazırlıqlarını başa vurmuşdular, digərləri isə hələ yeni başlayırdı. Geridə qalan müddət ərzində qitəmiqyaslı yarışlarda bir sıra oyunlar keçirildi, turnirlə vidalaşan təmsilçilərimiz oldu və s. Paralel olaraq, həmin yarışlara qatılmayanlar da hazırlıqlarının əsas – ikinci və ya ölkə xaricində planlaşdırılan mərhələsini keçdilər. Bu dəfəki yazıda avrokubok iştirakçılarının bu turnirlərdə çıxışı, digərlərinin isə hazırlıq prosesini detallı təqdim edəcəyik.
 
Ən yaxşı debütant
 
Keçən mövsümü 4-cü bitirərək, ilk dəfə avrokuboklarda çıxış edən “Zirə” özünü yaxşı tərəfdən göstərməyi bacardı. Bakı klubu I təsnifat mərhələsindən qoşulduğu Avropa Liqasında raund adlaya bildi. Lüksemburq “Differdanj”ı ilə Bakıda keçirilən ilk matçı 2:0 qazanan qəsəbəlilər səfərdə 2:1 üstün olaraq, məşhur “Astra”ya rəqib oldular.

Rumınlarla oyunlara keçməzdən əvvəl qeyd edək ki, ilk mərhələni adlaması “Zirə”ni Azərbaycan futbolunun avrokuboklardakı ən yaxşı dübütantı etdi. Məsələ burasındadı ki, təmsilçilərimiz arasında buna qədər yalnız bir klub qatıldığı ildəcə avrokubokda mərhələ adlamağı bacarmışdı. Söhbət “İnter”in sələfi “Xəzər Universiteti”ndən gedir. Bu komanda 2004-cü ildə Avstriya “Kazino Şvarts”ını mübarizədən kənarlaşdırmışdı. Ancaq həmin zaman təmsilçimizin bəxti də gətirmişdi. Avstriyalıların 4:0 qalib gəldikləri matçda meydana iştirak ərizəsində adı olmayan oyunçunu daxil etməsi “Xəzər”in işinə yaramışdı. “Zirə” isə ilk ilindəcə, belə demək mümkünsə, “halal zəhmətiylə” mərhələ keçməyi bacardı.

Komanda növbəti mərhələdə də pis görünmədi. Rəqibin son mövsüm Avropa Liqasında qrup mərhələsindən çıxdığını nəzərə aldıqda onsuz da bakılıların mərhələ keçməsini gözləmək artıq görünürdü. Ehtimallar özünü doğrultdu. Üstəlik rumınlara qarşı tarixi statistikamız da uğurlu deyildi. Curcudakı ilk matçda 1:3 uduzan Ayxan Abbasovun komandası Bakıda çoxsaylı cəhdlərinə baxmayaraq, qol istəyinə çatmadı – 0:0.

Gənc məşqçi və kollektivi əksəriyyətin düşüncəsinə görə, təcrübəsizliyin qurbanı oldu. Həqiqətən də, komandanın “Astra” ilə səfər oyununda məğlub olmasında məhz bu amilin ciddi rol oynadığı göz önündə idi. İstənilən halda, komandanın debütünü uğursuz saymaq olmaz. Hazırda formalaşan heyət, edilən transferlər isə növbəti mövsüm “Zirə”yə mükafatçılar sırasına düşməyə imkan verəcək səviyyədədi.

Yeri gəlmişkən, yay transfer pəncərəsi zamanı heyətə cəlb edilən Rəşad Sadiqov bir neçə gün əvvəl komandadan kənarlaşdırıldı. Ayxan Abbasovun qoyduğu nizam-intizam qaydalarına riayət etməyən oyunçu baş məşqçinin qəzəbinə tuş gəldi. Gənc mütəxəssisin bu qərarı – qətiyyəti müsbət qarşılansa da, göndərilən futbolçunun yerini doldura bilib-bilməyəcəyi isə sual doğurur. Rəşad əsas heyət üzvü kimi gətirilmişdi və indi onun yerinə yüksək səviyyəli futbolçunun transferi mütləqdi. Bu boşluq doldurulduqdan sonra “Zirə”ni 2017/18 mövsümünün ilk yarısına tam hazır saymaq olar.
 
Gözlənilməzliklər komandası
 
Söhbət “İnter”dən gedir. “Başının üstünü qara buludlar alan” təyininin adının önündən əksik olmadığı bu komanda avrokuboklardakı çıxışı ilə təəccübləndirdi. UEFA-nın ilk püşkatmasından sonra ən çətin iki rəqibdən biri sayılan Serbiya “Mladost”unu meydandan “silən” “İnter” sonradan elə bir komandaya ilişdi ki, ən pessimist futbol adamları da bunu ağıla gətirmək istəmirdilər.

Avropa Liqasına “Mladost”la səfər oyunu ilə başlayan sabiq “bankirlər” heç kimin gözləmədiyi halda 3:0 hesablı qələbə ilə cavab oyununu formallığa çevirdi. Ancaq Zaur Svanadzenin komandası “Dalğa Arena”dakı görüşü də qələbə ilə başa vurmağı bacardılar – 2:0. Növbəti mərhələdəki rəqib Moldova “Milsami”sini mübarizədən kənarlaşdıran “Fola” idi. Lüksemburqlularla olan ideal statistika, “Zirə”nin də az əvvəl “Differdanj”ı sıradan çıxarması artıq III təsnifat mərhələsi planları cızılmasına səbəb olmuşdu. Bakıdakı ilk oyun “Fola”nın “möhkəm” komanda olduğunu göstərsə də, qeydə alınan 1:0 hesabı “İnter”in mərhələ keçəcəyinə olan inamı sarsıtmadı. Cavab oyunu isə faciəyə çevrildi. Ürəyi “Neftçi”ylə döyünən Səlahət Ağayevin də kobud səhvləri ilə keçən matçda “Fola” 4:1 qalib gələrək, adını III təsnifat mərhələsinə yazdırdı.

Avropa Liqasında mübarizəni erkən dayandırsa da, “İnter” rekord müəlifi olmağı bacardı. Bu mövsümkü çıxışı ilə avrokuboklarda qapısının toxunulmazlıq müddətini 422 dəqiqəyə çatdıran bakılılar 324 dəqiqəlik rekordunu geridə qoyaraq şəriksiz lider oldular.

“İnter”in mövcud maliyyə, maddi-texniki struktur problemləri nəzərə alındıqda bir mərhələ keçmək də uğursuzluq sayılmadı. Ancaq Lüksemburq klubunu keçə bilməmək serbləri darmadağın etməkdən daha gözlənilməz oldu. Bir sıra oyunçuların komandanı tərk etməsi, transfer qadağasına görə yenilərin cəlb edilə bilməməsi, komanda ətrafında baş verənlər – bunlar hamısı uğursuzluğa yetərli səbəblərdi. Eyni məqamlar növbəti mövsüm üçün uğursuzluğa əsas da ola bilər.
 
Gecikən, yoxsa tələsdirilən “Qarabağ”?
 
Avrokubokda mübarizəni davam etdirən iki klubdan biri olan “Qarabağ” yarışa başlamazdan əvvəl hər kəs tərəfindən qınaq atəşinə məruz qalırdı – transfer yoxdu. II mərhələdə “Samtredia” ilə oyunöncəsi komandaya iki legioner qoşulana qədər demək olar ki, transfer bazarında o qədər də əhəmiyyəli iş görülməmişdi. Bu da belə düşüncə yaratmışdı ki, Ağdam klubu gecikir. Ancaq gürcülərlə ilk matç göstərdi ki, klub nə etdiyinin fərqindədi. Bakıda 5:0, səfərdə isə 1:0 üstün olan “süvarilər” mərhələni rahat keçdilər.

Sonrakı rəqib Moldova “Şerif”idi. Yenə ilk oyunu doğma meydanda keçirən Qurban Qurbanovun komandası bu dəfə 0:0 hesabına razılaşmalı oldu. 90 dəqiqə  saysız hücumlara baxmayaraq “Şerif”in qapısı “alınmaz qala”ya bənzədi. Evdə qolsuz heç-heçə faciə sayılmasa da, moldovalıların real təhlükə olduğunu sübut etdi. Baş məşqçi səfər matçında daha “qıvraq” taktiki gedişlər etməsə, Tiraspoldakı matçın pley-off arzularını yenidən puç etməsi qaçılmaz ola bilər. Bundan sonra isə transfer məsələsindəki “ləngimə” narazıların ən güclü arqumentinə çevrilə bilər.

Reallıq isə “Qarabağ”ın indiki heyətlə də “Şerif”dən güclü olduğunu deməyə əsas verir. Qurban Qurbanov Bakıdakı oyunda hərtərəfli tanıdığı “Şerif”lə səfər matçına qədər yəqin ki, qol vurmağın yollarını tapacaq.

Yeri gəlmişkən ÇL-də yalnız 3 oyun geridə qalsa da, bu görüşlərdən biri “Qarabağ”ın avrokuboklarda ən böyük hesablı qələbəsi kimi tarixə düşdü. “Samtredia”ya vurulan 5 cavabsız qol ümumilikdə təmsilçilərimizin ən yaxşı göstəricisinin də təkrarı oldu. Başqa bir məqam isə “Qarabağ”ın ÇL-də oyun sayına görə “Neftçi”ni geridə qoyaraq, ən yaxşı nəticəyə çatması ilə bağlıdı
 
Yenidənqurma – “Qəbələ”

Mövsüm başa çatar-çatmaz heyətində köklü islahatlar gedən “Qəbələ” Avropa Liqasındakı ilk oyununda “Yagelloniya” ilə üz-üzə gəldi. Hazırlıq dönəmində bütün oyunçuların komanda ilə eyni müddət birgə olmaması, uyğunlaşma problemini labüd edirdi. Bu, polyaklarla Bakıdakı ilk oyunda özünü göstərməyə bilməzdi – göstərdi də. Qeydə alınan 1:1 hesabından sonra Roman Qriqorçukun “pis heç nə baş verməyib” deməsi isə cavab görüşünə qədər hazırlığın yüksək səviyyəyə çatacağına inamı artırmışdı. Üstəlik yeni futbolçular ilk matçda da səviyyələrini göstərə bilmişdilər. Yeganə problemin məhz adaptasiya olduğu, heyətin hələ tam “oturuşmadığı” və bunun get-gedə yoluna qoyulacağı gözlənilirdi. “Yagelloniya” ilə səfər matçı düşüncələrin həqiqət olduğunu sübut etdi. 2:0 hesabı “qırmızı-qaralar”ı köhnə-yeni rəqib “Panatinaikos”la duelə yolladı.

“Qəbələ”nin ilk dəfə qrup mərhələsində yüksəldiyi zaman qarşılaşdığı afinalılarla bu dəfəki duel o qədər də uğurlu başlamadı. Səfərdə keçirilən ilk oyunda Rioman Qrioqorçukun komandası məğlub oldu -0:1. Oyun baxımından da komandadan gözlənilən meydanda nəzərə çarpmadı. Gələn həftə Bakıdakı matçda nələrin baş verəcəyi hər kəsdə maraq doğurur.
 
İstənilən halda, yenidənqurmanı növbəti dəfə çox yüksək səviyyədə edən “Qəbələ”nin yunan səddini aşacağına inananlar az deyil. Komandanın heyəti, bir dəfə bunu bacarması (“Çukariçki”yə səfərdə 0:1 uduzan komanda Bakıda 2:0 üstün olmuşdu) və s. məqamlar uğuru gözlənilən edir.

Növbəti mövsüm öncəsi formalaşan “Qəbələ” Premyer Liqada “Qarabağ”a keçənilkindən daha çətin rəqabət təklif edir. Bir çoxu “qırmızı-qaralar”ın tam forma yığdıqdan sonra Ağdam klubundan üstün olacağını gözləyir.
 
“Kəpəz” autsayder olacaq?
 
Mövsümün başa çatmasından dərhal sonra bir çox əsas futbolçusunu itirən “Kəpəz”də işlərin qaydasında düşəcəyinə inam azdı. Maliyyə problemləri barədə informasiyaların dolaşdığı gəncəlilər yalnız son günlərdə legionerlər - Dedimar Ferreyra, Serqey Çernışev, Samba Diallo və Viktor Lakini heyətə cəlb ediblər. Digər transferlər isə əsasən son mövsüm öz komandalarına lazım olmayanlardı.

Yoxlama oyunlarındakı nəticələr də ümid vermir. Əvvəlcə “Samsunspor”a 2:1 uduzan Şahin Diniyevin komandası ardınca “Ankaragücü”yə qol da vura bilmədi – 0:2. Son matçda isə “Elazığspor”la qolsuz heç-heçə qeydə alındı.

Türkiyə aşağı liqa təmsilçiləriylə qeydə alınan bu hesablar yaxşı heç nə vəd etmir. Hazırlığın əsas hissələrini tamamlayan “sarı-göylər” bundan sonra Bakıda məşq etməklə kifayətlənəcək. Mövsümün əvvəllərini (deyiləni görə, I dövrəni tamamilə) komanda Gənədən kənar keçirməli olacaq. Stadionun təmiri, hazır vəziyyətə gətirilməsi hələ bir müddət də “didərgin” həyatın davam etməsinə səbəb olacaq. Keçən mövsümün son dövrəsindəki nəticələriylə Avropa Liqasına iddia edən “Kəpəz” qeyri-adi heç nə baş verməsə növbəti çempionatda sonuncu olmamaq üçün yarışacaq.
 
“Aşağı”ya daha bir namizəd

Transfer fəaliyyətini mövsüm başa çatar-çatmaz başlayan və yekunlaşdıran “Sumqayıt” Türkiyədə hazırlığını davam etdirir. İyulun 15-də qonşu ölkənin Bolu bölgəsinə yollanan “kimyaçılar” ayın 29-u toplanışı başa vuracaqlar. İndiyə qədər 3 matç keçirən “gənclik şəhəri” təmsilçisi əvvəlcə “Osmanlıspor”a 2:1 hesabı ilə məğlub olub. Ikinci görüşdə Səudiyyə Ərəbistanı klubu “Əl-Fateh”lə qarşılaşan Samir Abasovun komandası 7:0 hesablı qələbə qazanıb. Ardınca “Sumqayıt” “Sivasspor”a 0:4, “Adana Demirspor”a isə 1:2 məğlub olub. Komanda son oyununu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Taoun”a qarşı keçirəcək.
 
Cızılan qrafik, gətirilən/göndərilən oyunçular “Sumqayıt”ın da növbəti mövsümün zəiflərindən olacağını ehtimal etməyə əsas verir. Haqqında danışdığımız “Kəpəz”lə əsas fərq ondadı ki, bu komandanın keçənilki heyəti də indikindən güclü olmayıb. Ancaq Samir Abasov döyüşkən kollektiv yaratmağı bacarmışdı. Növbəti dəfə bu olacaqmı, yoxsa bir mövsümlük idi? – hələlik dəqiq nəsə demək üçün tezdi.
 
Öyrəşmədiyimiz “Neftçi”

Hər yay transferləriylə diqqət çəkən “Neftçi” bu dəfə susqundu. Əsas bu göstərilir ki, qışda edilənlər kifayət olacaq. Ancaq həmin oyunçulardan ikisi – Zdenek Folprext və Giorgi Navalovski artıq heyətdə yoxdular və onların yeri doldurulmayıb. Gözləntilər bu istiqamətdədi ki, yaxın zamanda yarımmüdafiənin mərkəzinə və müdafiənin cinahına oyunçu gətiriləcək. Müdafiəyə xorvatiyalı Mateo Mujekin cəlb olunması gözlənilir. Son olaraq komandanı daha bir legioner tərk etdi. Elxan Abdullayev Edson Kastilyonu göndərərək, özünə qədər komandaya gətirilən bütün legionerlərlə yollarını ayırmış oldu.
 
Əvvəlcə Bakıda hazırlıq keçən “ağ-qaralar” bir neçə yoxlama oyununda qüvvələrini sınadılar. Komanda ilk oyununda “Kəpəz”ə 2:0 hesabı ilə məğlub olub. Daha sonra “Binə” ilə qarşılaşan Elxan Abdullayevin rəhbərlik etdiyi kollektiv 1:0 hesabı ilə qalib gəldi. Üçüncü yoxlama oyununda “Şüvəlan”ı Daniel Seqoviyanın dublu ilə 2:0 məğlub edən “flaqman” 4-cü yoxlama görüşündə isə “Zirə”dən üstün oldu - 1:0.
 
Bu günlərdə Avstriyada hazırlıqda olan “Neftçi” ilk yoxlama matçını da keçirdi. Almaniya nəhəngi “Şalke” ilə qarşılaşma “gelzenkirxenlilər”in minimal hesablı qələbəsiylə başa çatdı. Digər sınaqçı rəqiblər isə BƏƏ “Əl Ain”i və Almaniya “Herta”sı olacaq.

Növbəti mövsümə hazırlığın ümumi cizgilərinə baxdıqda və son zamanlar klub ətrafında formalaşdırılan əvvəlkindən fərqli atmosferə əsasən “Neftçi”nin keçən mövsümdən daha uğurlu çıxış edəcəyinə proqnozlaşdırmaq olar. Ancaq Premyer Liqanın startına qədər azı iki yeni transferin olması mütləqdi.
 
Samir Əliyev hələ ki seçim edəcək...

Premyer Liqanın debütantı “Səbail” də Türkiyədə hazırlaşdı. Əvvəlcə Bakıda bir neçə yoxlama oyunu keçirən Samir Əliyevin rəhbərlik etdiyi kollektiv qonşu ölkədə 4 yoxlama görüşü keçirib. Əvvəlcə Oman U-23 yığması ilə heç-heçə (0:0) edən komanda ardınca həm Səudiyyə Ərəbistanı “Əl İttifqa”ına, həm də Özbəkistan “Paxtakor”una eyni hesabla uduzub – 1:4. Son matçda komanda "Əl Raed"ə də məğlub oldu - 1:2. Bundan sonra Bakıya dönən “Səbail” son hazırlıqlarını paytaxtda keçəcək.

Samir Əliyevin qarşısında komanda qurmaq tapşırığı qoyulduğundan növbəti mövsüm hansı nəticənin qazanılacağı önəm kəsb etmir. Çoxlu transferlər edən “Səbail” üçün mövsümün ilk hissəsi çox güman ki, ələnmə, lazımsızların sıradan çıxması xarakterli olacaq. Qışdan sonra isə baş məşqçi yəqin ki, müəyyən seçimləri qətiləşdirəcək və “Səbail”in hansı məqsəd uğrunda yarışacağı yavaş-yavaş bəlli olacaq.

Faiq Tahirov

Məqalə AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb




oxunma sayı: 370 | Paylaş: