"Azərbaycanda mənə kral kimi davranırdılar" - Oktay Dərəlioğlu
Paylaş:
"Xəzər Lənkəran"ın sabiq futbolçusu Oktay Dərəlioğlu müsahibə verib. Məşhur "FourFourTwo" jurnalına legioner həyatı barədə danışan sabiq forvard "Xəzər Lənkəran"dakı karyerasını da xatırlayıb.
O, Azərbaycana gəldiyi üçün peşman olmadığını, Avropada xəyal etdiklərinin burda reallaşdığını deyib:
"Azərbaycana getdiyimə heç peşman deyiləm. Avropaya gedəndə xəyalını qurduqlarım orda gerçək oldu. Mənə kral kimi davranırdılar. Mən də heç vaxt onları futbolda bizdən geri qaldıqları üçün alçaltmadım. Hələ də Azərbaycanda gəlmiş-getmiş ən yaxşı legioner sayılıram".
Dərəlioğlu Azərbaycanın mədəniyyətindən və dillər arasındakı fərqdən danışıb:
"Mədəniyyətləri Türkiyə ilə Rusiyanın qarışığıdı. Xaricdən olduğumu heç vaxt hiss etdirmədilər. Sadəcə dilləri bir az gülməli idi. İlk təyyarə səfərimdə biri mənə "qabağa otur" dedi. Mən də əsəbləşib "sən otur qabağa!" dedim. Sən demə adam mənə "ön oturacaqda əyləş" demək istəyirmiş".
Bir vaxtların məşhur hücumçusu 2005-ci ildə "Neftçi" ilə keçirdikləri "qızıl oyun"u da xatırlayıb. O, həmin vaxt Azərbaycandakı tətbiq edilən bu qaydanı axmaqlıq adlandırıb:
"Çempionatlarında axmaqlıq var. Mən oynadığım mövsümü lider kimi bitirdik. Top fərqində də üstünlük bizdə idi. Ancaq mövsümün sonunda "qızıl oyun" dedikləri matçda ikinciyə uduzub, çempionluğu əldən verdik. Yenə də yaxşı ki, "Xəzər Lənkəran"a getmişəm. Bu gün getsəm, yenə də kral sayılaraçm".
Oktay Dərəlioğlu 2004/05 mövsümünü "Xəzər Lənkəran"da keçirib. O, meydana çıxdığı 34 oyunda 35 qol vurub.
| Paylaş: