Bu gün:


FutbolPress.Az | "Saçyoldu qalamaqalı" - Əslində nə baş verib? (ARAŞDIRMA)

"Saçyoldu qalamaqalı" - Əslində nə baş verib? (ARAŞDIRMA)


oxunma sayı: 1589 Paylaş:

FutbolPressBir müddət əvvəl "AFFA-da saçyoldu" deyə təqdim edilən qalmaqallı xəbər tezsönən ajiotaj effekti ilə - baş verdi və bitdi. Ancaq prosesin sonrası, ətrafında qərarlar naməlum qaldı. Yazılanlar reallığı nə dərəcədə əks etdirirdi?

Araşdırmalarımız göstərdi ki, həqiqətən problem olub.

Bəs problem nədən ibarətdir?

AFFA-nın meneceri ilə kadrlar şöbəsinin rəhbərliyi arasında ciddi insident doğrudan da olub. Qurumun sözçüsü Mikayıl Nərimanoğlunun saytımıza açıqlaması: "Problem olub, ancaq saçyoldu olduğu haqda məlumat qətiyyən həqiqəti əks etdirmir".

İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri bildirdi ki, əslində qurumun meneceri Xanım Hüseynova və onun bacısı Sevinc xanımın yeni kadrla - kadrlar şöbəsinin rəhbəriylə insidenti/mübahisəsi olub, ancaq qətiyyən hansısa davadan söhbət gedə bilməz: "Yazılıb ki, AFFA-nın ba katibi Elxan Məmmədovun dostu Xanım Hüseynova və onun bacısı asossiasiyada yeni işə qəbul olunmuş qadınla saçyolduya çıxıb və guya Xanım deyib ki, səni işdən çıxartdıracam. Əvvəla, bir daha qeyd edirəm, qətiyyən hansısa əlbəyaxa (oxu: saçyoldu) olmayıb. Bəli, işgüzar mübahisə olub, ancaq təqdim edilən kimi deyil. Bir də, Elxan Məmmədov həmin ərəfələrdə heç Bakıda olmayıb. Bu da doğru vurğulanmayıb. O, bir müddət sonra Bakıya gəlib və hadisə araşdırılıb. Vacib olaraq bildirim ki, burda Məmmədovun hansısa tərəf saxlaması qeyri-mümkündü və bu, yalan məlumatdır. O xanım onsuz işdən çıxmaq istəyirdi, bu, insidentdən əvvəl məlum idi".

Əlbəttə, qurum rəsmisi hər hansı insidenti təsdiq etməzdi. İşin reallıq yükünü müxtəlif istiqamətlərdə araşdırmaq vacib idi.

Bizə məlum oldu ki, bu istiqamətdə çıxan bütün informasiyalarda Xanım və Sevinc bacılarıyla "saçyolduya çıxan" xanımın adı qeyd olunmayıb. Maraqlıdır ki, niyə...  Və məlumatlı mənbələrin iddiasına görə sözügedən insident onun AFFA-dakı vəzifəsindən ayrılmasına səbəb olub.

Ayrılıb, yoxsa işdən qovulub?

Mikayıl Nərimanoğlu belə dedi: "Xanım 3-4 ay idi ki, AFFA-da işləyirdi. Həm o, həm Xanım və Sevinc bacıları çox mədəni insanlardı. Adı heç bir informasiyada qeyd olunmayanın Günay Fətəliyeva olduğunu bildirim. Bunu əvvəl də hansısa KİV soruşsaydı, təbii ki, biz açqlayardıq".

Bəli, Günay xanım həqiqətən, elə də uzun müddət deyildi ki, asossiasiyanın kadrlar şöbəsinin rəhbəri təyin olunmuşdu və kuluarlardan öyrənmişik ki, işi ilə perspektiv vəd edən kadr olub. Bəs o, perspektivi olan və nüfuzlu sayıla biləcək bir qurumdan öz istəyi ilə niyə ayrılsın?

Bu suala ən doğru cavabı özü verə bilərdi. Ancaq arama cəhdlərimiz hələ ki nəticəsizdir.


Belədə ehtimal nəzəriyyəsinə söykənən təhlilimiz deyir ki:

Getdikcə göz önünə daha qabarıq gələn Günay Fətəliyevanın (fotodakı) uğurları, perspektivi Xanım və Sevinc bacılarına "sərf eləməyib". Ona görə də çox adi situasiyadan mübahisə vəziyyəti "təşkil dilib" və dolayısıyla "oyuna gələn" yeni kadr təcrübəsizliyin qurbanına çevrilib. Elxan Məmmədovun dostu olduğu qeyd olunan Xanım Hüseynova "Görərsən, Elxançikə deyərəm, səni qovar" deməyi reallıqda əksini tapıb. Bu versiyanı Mikayıl bəy qətiyyətlə təkzib etdi: "Elxan Məmmədovun həmin ərəfədə Bakıda olmadığını qeyd elədim. Ona görə də onun belə qərar verdiyi haqda iddialar əsassızdı. Həm də Məmmədov indiyədək heç vaxt belə bir addım atmayıb, indi niyə atsın ki? Günay xanım Sevinc xanımla sadəcə işgüzar mübahisə edib və onun işdən qovulması yalan xəbərdi. Ərizəsi var, öz istəyilə gedib. Kimsə kimisə işdən qovdura bilməz və xüsusən, AFFA-da bu, heç vaxt olmayıb. Qaldı ki, guya Sevinc xanımın ürəyi gedib, ona görə AFFA-nın binasına təcili tibbi yardım maşını çağırılıb və s. Bəli, həqiqətən həmin vaxt AFFA-ya tibbi yardım çağırılıb, ancaq bu hadisəyə görə olmayıb. Sevinc xanım əməliyyat edilib və həssas dönəmdədir. Yüngülvari mübahisədə belə əsəbləri tab gətirməyib və halı pisləşib. Tək buna görə yox, allah uzaq eləsin, bu binaya başqa vaxt da təcili tibbi yardım çağırılıb. Hadisədi - olur da. Bundan "ssenari qondarmaq" və süni gərginlik yaratmaq lazımsızdı".

Təbii ki, "ssenari qondarmaq" iddiasından uzaq olduğumuz məsələyə yanaşmasında özünü aşkar büruzə verir. Çünki informasiya iki həftədir ki, yayılıb, ancaq buna reaksiyamız dünən olub. Dünənədək isə məsələnin dəqiqliyini araşdırmışıq. Gördüyümüz kimi, mübahisə olub. Nəticədə vəzifəsindən/işindən ayrılan var və bu, təkzib edilmir.
 
Bəli, qarşı tərəfçün tribuna ayırdıq və siz prosesə özünüz də daha aydın qiymət verə bilərsiniz. Ancaq açıq qalan məqamlar da az deyil. Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Araşdırmamız davam edir.

Elçin Cəlilov


oxunma sayı: 1589 | Paylaş: