')

Bu gün:


FutbolPress.Az | Futbol adamları ümidlidi: “Bütün klublarımız azı 2 mərhələ keçə bilər” (SORĞU)

Futbol adamları ümidlidi: “Bütün klublarımız azı 2 mərhələ keçə bilər” (SORĞU)


oxunma sayı: 828 Paylaş:

FutbolPressBu gün Azərbaycanı avrokuboklarda təmsil edəcək komandaların rəqibləri müəyyənləşdi. ÇL-in II təsnifat mərhələsindən başlayacaq “Qarabağ” Gürcüstan “Samtredia”sına, AL-in I raundunda çıxış edəcək “İnter”və “Zirə”, müvafiq olaraq “Mladost” (Serbiya) və “Differdanj” (Lüksemburq) klublarına rəqib oldular. AL-in II təsnifat mərhələsindəki təmsilçimiz “Qəbələ” isə “Yaqelloniya” (Polşa) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibini gözləyir.
 
Püşkdən sonra əksəriyyət klublarımızın şanslarını yüksək qiymətləndirir. Futbol adamları – jurnalistlər və mütəxəssislər də əsasən bu fikirdədilər:

Emin Abbasov (Sportal.az): “Püşkatmadan sonra klublarımızı çalışdıran mütəxəssislərin fikirləriylə tanış oldum. Demək olar ki, hamısı ehtiyatlı danışıb. Qurban Qurbanovu hamımız yaxşı tanıyırıq, hətta ən zəif rəqiblə matçlarda belə ehtiyatlı danışan adamdı. Amma "Qarabağ"ın gücü bəllidir bizə, elə "Samtredia"nın da. Yəni bu komanda "Qarabağ"ın qarşısını kəsəsi rəqib deyil. "İnter" və "Zirə"yə gəlincə, hər ikisinə çətin olacaq. "Mladost"la oyunlarda "İnter"in avrokubok təcrübəsi işinə yarıya bilər. Çətin olacaq, amma keçiləsi rəqibdi "Mladost". Elə "Differdanj" da "Zirə" üçün keçilməz sədd deyil. Amma "Zirə"nin avrokubok təcrübəsi yoxdur. Məhz bu məqam qəsəbə təmsilçisinin əleyhinə ola bilər.
 
Məsələyə bir də başqa prizmadan baxmaq lazımdır. Həm "İnter", həm "Zirə" üçün Avroliqada mərhələ, qismət olsa mərhələlər keçmək çox vacibdir. Çünki bu, həm də qazanc deməkdir klublarımız üçün. Futbolumuzdakı iqtisadi durumu nəzərə alsaq, avrokuboklarda qazanılacaq vəsaitə çox ehtiyacı var klublarımızın”.

Ceyhun Əliyev (Sport24.az-ın baş tredaktoru): “Favoritlər ancaq kağız üzərində olur. Meydana çıxdıqdan sonra istənilən oyunda sensasiya qeydə alına bilər. Hər halda “kağız” Azərbaycan təmsilçilərinin lehinədi.
 
“Qarabağ”ın artıq bir ayağı ilə 3-cü mərhələdə olduğunu düşünmürəm. Çünki ölkə çempionunun uzun illərdi cızdığı dəst-xətt göstərir ki, onlar artan qrafik üzrə inkişaf edir. Yəni, avrokubokun ilk oyununda əlahiddə futbol sərgiləmək məqsədi güdmürlər. Əksinə, dəfələrlə şahidi olmuşuq ki, Qurban Qurbanovun komandası təsnifat mərhlələrində ideal olmayan futbol nümayiş etdirib, qrupda isə daha inamlı təsir bağışlayıb.
 
Ən çətin durumda “İnter”di. Paytaxt təmsilçisinin üzərindəki “transfer qadağası” odluqca ciddi problemdi. Rəqib də Serbiya təmsilçisi. “Mladost” – “İnter” cütlüyündə təsəlliverici yeganə məqam serblərin avrokubok təcrübəsinin olmamasıdı. Bu cütlükdə şansları bərabər sayıram.
 
“Zirə” debütant həyəcanını üzərindən atsa, Lüksemburq klubunu üstələyəcək. Ayxan Abbasov üçün bu görüş olduqca böyük önəm kəsb edir. Gənc mütəxəssis özünüsübut üçün əla fürsət qazanıb. İlk cəhddən mərhələ adlamaq onun üçün də, futbolçuları üçün də əla başlanğıc olar.
 
“Qəbələ”nin son 2 mövsümdə yaratdığı xarüqələr nikbinliyə əsas verir. Ancaq indiki durumda “qırmızı-qaralar”ı “Yaqelloniya” və ya Batumi “Dinamo”sundan üstün saymıram. Az öncə müsahibə aldığım komandanın baş məşqçisi Roman Qriqorçuk da transfer çalışmalarında yubandıqlarını etiraf etdi. Ukraynalı mütəxəssis sözügedən matçadək heyəti 70-80 komplektləşdirə bilməsə, “Qəbələ”ni son illərin ən ağır oyunu gözləyəcək”.

İbrahim Cəfərov (Futbolxeber.az-ın baş redaktoru): “Başlayaq “Qarabağ”dan. Püşkü Ağdam klubu üçün yaxşı saymaq olar. Çünki bu komanda onsuz da əvvəlki illərdə avrokuboklardakı çıxışı ilə gücünü sübut edib. Bu baxımdan ilk mərhələlədə hər hansı rəqibin problem yaradacağına inanmıram. Səbətlərə baxanda da əvvəldən bəli idi ki, yalnız “Jilina” bir qədər çətin ola bilərdi. “Samtrediya”nı da keçən ildən tanıyırıq. Ola bilsin müəyyən dəyişikliklər var, anacq “Qarabağ”ın gücünü, stabilliyini, baş məşqçisini nəzərə alsaq, asanlıqla mərhələ keçəcəyini düşünmək olar.
 
Çoxları “İnter”in rəqibini ən təhlükəli sayır. Bununla razılaşmaq olar – hər halda Serbiya klubları həmişə çətin rəqib olublar. “İnter”in transfer qadağası da var. Ancaq mövsümün sonunda gedən 1-2 futbolçunu nəzərə almasaq, oturuşmuş heyətə malikdir. Üstəlik yeni rəhbərlik, yeni ideyalar gəlib kluba. Komandanın ilk oyununu səfərdə keçirəcəyini də nəzərə alsaq, mərhələni keçəcəyini ehtimal etmək olar. Növbəti mərhələdəki rəqiblərin də gücünə baxanda inanıram ki, “İnter” 2 il əvvəl olduğu kimi ən azı 3-cü raunda kimi gedəcək.
 
“Zirə”nin bəxtinin gətirdiyini deyənlər də var. Lüksemburq klubları güclü deyil, ancaq arxayınlaşmaq olmaz. Ən azı təcrübə cəhətdən rəqib üstündür. İstənilən halda, bundan yaxşı komanda arzulamaq olmazdı. Arxayınlaşmasa və işini düzgün qursa, “Zirə” də mərhələ adlayacaq.
 
“Qəbələ” ikinci mərhələdə “Yaqelloniya” – “Dinamo” (Batumi) cütünün qalibini gözləyəcək. Kağız üzərində polşalılar favoritdir, amma mən hesab edirəm ki, gürcülərin mərhələ adlamaq ehtimalı daha çoxdur. Ümumilikdə bu komandalardan hansı mərhələ adlasa, “Qəbələ” daha şanslı olacaq. Heyətində ciddi dəyişiklik edilməlidir. Təcili şəkildə gedənlərin yerinə yeni oyunçular cəlb olunmalıdır. Amma hələ vaxt var. Lazımi transferlər olunsa, “Qəbələ” 3-cü mərhələyə keçəcək”.

Tahir Süleymanov (futbol mütəxəssisi): “Son 5-6 ildə klub reytinqimiz əsaslı şəkildə yüksəlib. Hətta debütant "Zirə" də ümumi klub reytinqinə görə zəif rəqiblə düşdü.
 
"Qarabağ" ÇL-in qrupunu hədəfləyib. Rəqibin kimliyindən asılı olmayaraq pley-offa qədər irəliləməlidir. Əsas oyunlara isə optimal formada yaxınlaşmalıdır. "Samtredia"nın "Qəbələ"yə məğlubiyyəti aldadıcı olmasın. Rəqib Gürcüstan futbolunun nüfuzu üçün də var gücü ilə oynayacaq. Daha asan rəqib düşə bilərdi. Narahatlıq doğuran məqam "Qarabağ" transferlərdə bir qədər gecikməsidir. Hədəflər böyük olduğu üçün 2-3 çox səviyyəli, komandanı axasınca apara biləcək futbolçu lazımdır.

Ən çətin rəqib "Qəbələ"yə düşüb. Polşa, ya Gürcüstan fərq etməz. Mərhələni keçən başağrı olacaq. "Qəbələ"nin bir sıra futbolçuları komandanı tərk edib. Yeni transferlər ötən mövsüm kimi tez uyğunlaşmalıdır. Mən daha çox hazırlıq planını önə çəkərdim. "Qəbələ"nin 2-ci mərhələdən oynamaq təcrübəsi yoxdur. Qriqorçuk da bunu xüsusi vurğulayıb. Komanda ilk oyunlara qədər hazır vəziyyətə gətirilməlidir.
 
"İnter"in rəqibi münasib olsa da təhlükəlidir. Serb futbolunun nüfuzu bəllidi. Sona qədər mübarizə aparmağı bacarırlar. Eyni zamanda onlar UEFA bayrağı altında yarışlara yarmarka gözü ilə baxırlar. İstedadlı futbolçular var güclə oynayaraq özlərini göstərmək istəyəcəklər. "İnter"in transfer edə bilməməsi komandaya mənfi təsir göstərir. İstənilən halda mərhələ keçilməlidir. Keçilməsə iddialı yeni klub rəhbəri Zaur Axundov bunu komandaya bağışlamaz.

"Zirə"nin klub olaraq beynəlxalq təcrübəsi yoxdur. Rəhbərlik və baş məşqçi də təcrübəsizdi. Üstün cəhət "Zirə"nin əzmkar, taktiki savadlı, sona kimi mübarizə aparmasıdır. Klublarımızın hədəfləri fərqli olduğu üçün "Zirə" ilk tura artıq optimal formaya yaxın olmalıdır. Təlim-məşq toplanışında hazırlıq buna uyğun qurulnalıdır. Rəqib kağız üzərində zəif görünə bilər. Təcrübə baxımından isə daha üstündür.

İstənilən halda klublarımız mərhələlər keçməli, ümumi klub reytinqinə xallar qazanılmalıdılar. İndiki mövqeyimiz yaxşılaşdırılmalı, ən pis halda isə qorunub saxlanılmalıdır. Mərhələ keçilsə, bu, indiki çətin vəziyyətdə klubların maliyyə imkanlarına da böyük faydadır. Elə qazanılan vəsait hesabına "İnter" ayaqda qala bildi, "Qarabağ","Qəbələ" milyonlar qazandı. "Qarabağ" ÇL-in qrupunu təmin etsə, klubun illik büdcəsindən də çox pul qazana bilər.
 
Vaqif Sadıqov (AFFA Məşqçilər Komitəsinin sədri): “Həmişə belə yanaşmanın tərəftarı olmuşam ki, rəqibi düzgün dəyərləndirmək lazımdır. Bir tərəfdən sevindiricidir ki, bu gün klublarımız favorit göstərilir. Amma bu həm də pisdir – bütün komandalar favoritlərə qarşı ayrı motivasiya ilə oynayırlar. İndiki məqamda şanslarımız çox olsa da, rəqiblərdən sürpriz gözləməli və buna hazır olmalıyıq.
 
Bütün klublarımız təkcə bir mərhələni yox, sonrasını da düşünməlidilər. Çünki sonrakı mərhələdəki rəqiblər də keçiləsidilər. Püşkün nəticələrinə baxanda elə təəssürat yaranır ki, debütant “Zirə”dən böyük təcrübəsi olan “Qarabağ”a qədər bütün klublarımızın yeni bir tarix yazmaq imkanı var. Bir az çətin rəqib “Mladost” klubudur. Çünki biz əvvəl də görmüşük onların oyununu. Yəqin indi bir az da gücləniblər. “İnter” son vaxtlar böyük problemlər yaşadı və bu, komanda üçün həm də vəziyyətdən çıxış üçün yaxşı bir şansdır.

“Qarabağ”ın rəqibi “Samtredia”nı da dəyərləndirmək lazımdır. Keçən mövsüm “Qəbələ”yə böyük hesabla uduzandan sonra evdə güc tapıq qalib gəldilər. Üstəlik Gürcüstandan həmişə yaxşı oyunçular çıxıb. Bəlkə indi də “Samtredia”nın heyətindən hansısa Kaladze kimi oyunçu çıxacaq...

Biz hamılıqla daha çox “Zirə”yə azarkeşlik etməliyik. Çünki bu komanda debütantdır və ilk təcrübəsini yaşayacaq. Keçən il də avrokuboklara layiq idilər, müəyyən səbəblərə görə iştirak edə bilmədilər. Bəlkə elə bu dəfə keçən ilin də “acığını” çıxsınlar. Bütün güclərini toplayıb bunu edə bilərlər. Çoxu deyir ki, təcrübəsizdilər, amma heyətdə olan oyunçuların səviyyəsi kifayət qədərdi.
 
“Qəbələ” də son iki  mövsümdə böyük avrokubok təcrübəsi yığıb. Rəqibin kimliyindən asılı olmayaraq, komandamız mərhələni keçməlidir.
 
Çox istərdim ki, klublarımız kağız üzərində olan bu üstünlüklərini meydanda ortaya qoysunlar. Obların hər biri ən azı iki mərhələ keçə bilər”.

Ağasəlim Mircavadov (AFFA Məşqçilər Komitəsinin üzvü): “Püşkün nəticələri yaxşıdır. Bunu xüsusilə “Qarabağ”, “İnter” və “Zirə” üçün deyə bilərəm.
 
“Samtredia” bizə tanış komandadır. Keçən mövsüm “Qəbələ” ilə oyununu da görmüşük. Gürcüstan futbolunu da bilirik, son illər bu ölkənin klublarını asanlıqla keçmişik. Orda çempionat indi davam edir və bu, imkan verəcək ki, “Samtredia”nın hazırlığı yüksək olsun. Amma “Qarabağ” da boş dayanmayıb, Avstriyada hazırlaşırlar.
 
“Zirə” Lüksemburq klubu ilə düşüb. Aydın məsələdir ki, bu ölkənin futbolu hansı səviyyədədir. Deməli, baxmayaraq ki, debütantdı, ancaq “Zirə”nin imkanları yüksəkdir.
 
“İnter” üçün isə Avropa Liqası, həm də çətin vəziyyətdən çıxmaq imkanıdır. “Mladost” isə keçilməz rəqib deyil. Sonrakı mərhələdə də “İnter”in bəxtinə normal komanda düşüb. Belə imkandan yararlanmaq lazımdır.
 
Yeganə problemi, əgər keçsə, Polşanın “Yaqellonia” klubu yarada bilər. Son mövsümü çempionluğa oynayıblar. Həm də milli və klub səviyyələrdə polyaklarla çətinlik çəkmişik. İstənilən halda, bu rəqiblərin hamısı keçiləsidi və klublarımızın hər biri azı bir mərhələ adlaya bilərlər”.


oxunma sayı: 828 | Paylaş:




?>