Bu gün:


FutbolPress.Az | Azərbaycan futbolunun Tərl(i)a(l)nı  (YAZI)

Azərbaycan futbolunun Tərl(i)a(l)nı  (YAZI)


oxunma sayı: 613 Paylaş:

FutbolPress“Şüvəlan”laşmış AZAL-ın baş məşqçisi postundan “istefaya göndərildiyi” haqda xəbəri oxuyandan sonra Tərlan Əhmədovun obrazı film kadrları kimi keçdi gözümdən. 

Əhmədov I Divizionda yarışacaq “Şüvəlan”da qalmayacağını son açıqlamalarının birində çox gözəl ifadə etmişdi: “Divizionda gedən prosesləri (Oxu: oyun alqı-satqısı qalmaqalları) bilirəm, istəmirəm ki, adım elə işlərlə hallansın”.

***                              ***                              ***

O qədər qıtlıqdır ki, hərdən orijinal, cəsarətli, açıq fikir deyən məşqçi/mütəxəssis axtarışını bariz büruzə veririk.  Bununçün ən təfsil nümunələrdən biri Əhmədovdu. Sonuncu mogikan Böyükağa Haciyev idi ki, o da yarızarafat, yarıciddi deyərdi sözlərini. Tərlan Əhmədov isə əzəldən belədir...

Onunla ilk müsahibəm 2008-ci ildə olmuşdu. O vaxt “Futbol-Press” qəzetinin “Futboldan kənar” rubrikasında Əhmədovla çox səmimi, açıq söhbət olmuşdu. Çoxunun sirli qutu kimi saxladığı məsələləri açıb, çəkinmədən danışmışdı. Hətta DÇ-2002 seçmə mərhələsində Türkiyə ilə Bakıdakı qarşılaşmada ikinci hissənin əvvəlinədək qol buraxmamağımızın rəqibi necə qıcıqlandırdığını və vəziyyətin haradək gedib çıxdığını açıb-ağartmışdı:

“Türkiyə üçün vacib oyun idi. 3 xal hava-su kimi lazım idi onlara. Ancaq biz də oyundan qabaq danışmışdıq ki, nə var, oynayacağıq. Çünki çox özündənrazı açıqlamalar vermişdilər. 

İkinci hissənin əvvəllərində vəziyyət gərginləşdi. Onlar qol vura bilmirdilər. Hətta getdikcə biz üstünlüyü ələ keçirirdik. Hiss eləmişdilər ki, bu gedişlə nəinki qol vura bilməyəcəklər, uduza da bilərdilər. Getdikcə Əmrə Belözoğlu, Hakan Şükür kimi ulduz dediyimiz oyunçular başladı oyunun gedişində bizə tərəf pis atmacalar atmağa, acıq verməyə. Təbii ki, fikir vermirdik. Bəzən bir-birimizi sakitləşdirirdik ki, vəziyyət gərginləşməsin. Ancaq yenə mübahisələr düşürdü. Hətta vəziyyət o yerə çatdı ki, meydançanın kənarından, adını çəkmək istəmədiyim biri qışqıraraq qol braxmaq lazım olduğunu dedi. Bu, vecimizə deyildi. Qardaş ölkə deyiriksə, onda qol vura bilməmələrinin günahını bizdə niyə görürdülər, təhqir niyə edirdilər? Bizə yuxarıdan aşağı baxmalarının cəzasını çəkirdilər. O qədər araya qarışıq saldılar, axır ki, bir qol vurdular. Ondan sonra sakitləşdilər və yenidən onlarçün  olduq “qardaş”.


Bu cür açıq, aydın fikirlərin sahibi olan biri xarakterini əzib, təbii ki, alqı-satqı piştaxtasına dönən  I Diviziona getməzdi.  

***                              ***                              ***

AZAL amalı bəlli olmayan klub idi. Son mövsümlər yaşamağına  görə ən çox Əhmədovun insaniyyətinə borcluydu. Oyunsonrası konfranslarda da bəzi məşqçilər kimi, “alınmır” deyib, üstündən keçmirdi, həmişə rəhbərliyin, komandanın, klubun və özünün hansı problemlərə səbəb olduğunu açıqca bəyan edirdi. Bu cür nümunələr ölkə futbolunda bir, ya iki əlin barmaqları qədər ola-olmaya.

İndi Əhmədov kimi xarakterlərə ehtiyac var? Onların zəmanəsidi?

Alın təri, zəhmətiylə xidmət edənlərdən saymaq olar onu.

Bəzən elə futbol adamı görürsən ki, “Azərbaycan futboluna xidmət etmişik” deyir, ancaq xidmət dediyi onun oyunu olub, ona görə də artıqlamasıyla pulunu alıb, məşqçidirsə də, böyük məbləğdə müqavilələrə gedib. Tərlan isə son iki mövsüm AZAL-ın yaşaması üçün bəzən cibindən xərcləyib. İş yerindəki vəziyyəti darda qoyub, getməyib.  Əksər oyunçular məhz ona hörmət komandada qalıb. Xidmət deyilən nəsnəyə uyğun daha çox bu gəlir...

Bu, bir tərif deyil, “istefaya göndərildi” xəbərinin başlığında Tərlan Əhmədovun adını görüb, haqq elədiyi məqamları yazıb, oxucuya çatdırmaqdı. Biz Əmədovu belə görmüşük və sizə də bu obrazı çatdırmalıydıq. Qalanı isə zamandan və Əhmədovun inkişafından asılıdı. Ölkənin futboluna inkişaf lazımdırsa...

Elçin Cəlilov


oxunma sayı: 613 | Paylaş: