Bu gün:


FutbolPress.Az | Klublar Komitəsi.. bəs PFL? (YAZI)

Klublar Komitəsi.. bəs PFL? (YAZI)


oxunma sayı: 535 Paylaş:

FutbolPressBu gün Klublar Komitəsinin növbəti iclası keçirilib. Dünən açıqlandığı kimi, aşağıdakı punktlar müzakirə mövzusu olub:

1. Topaz Premyer Liqasında 2017/18-ci il mövsümünün oyunlarında komandaların əsas heyətində oynayacaq gənc futbolçu üçün limit məsələsi

2. 2017/18 mövsümünün başlama tarixi və təqvim barədə məlumat verilməsi  (PFL nümayəndəsinin iştirakı)

3. Gəncə stadionunun ot örtüyünün dəyişdirilməsi ilə əlaqədar növbəti mövsüm birinci dövrədə "Kəpəz"in ev oyunlarında ehtimal olunan dəyişikliklər barədə 

4. 2016/17 mövsümünün yekunlarının müzakirəsi

5. Digər məsələlər



Əvvəlcə bir az gülümsəyək.. yox, elə əməlli-başlı, şaqqanaq çəkərək gülək, sonra keçək söhbətimizə.

Müzakirələrdən əhəmiyyətli olanları 1-ci bənddəkidir, o da, qərara alınıb ki, hələ  ictimaiyyətə açıqlanmasın. Bir daha yığışmaq, müzakirə etmək, millinin baş məşqçisi Robert Prosineçkinin də məsləhətlərinə əməl etmək şərt imiş.

Digər əhəmiyyətli məsələ isə 5-ci bənddə - “Digər məsələlər” məsələsidir. Bu istiqamətdə də müzakirələrin nələrdən ibarət olduğu tam məlum/aydın deyil. Gülüşümüz davam edirmi?..

Bu bənd bunadək bütün iclaslarda olub və futbol gündəmini dəyişəcək, hərəkətə gətirəcək nələrinsə olmaması düşünməyə əsas verir ki, “Digər məsələlər” də müzakirədir də özüyçün: bla bla bla...

KK-nın iclası son TPL iştirakçılarının hamısının nümayəndələrinin qatılmasıyla baş tutub/keçirilib. Bu qədər insanın bir yerə toplaşıb, yuxarıdakı ən adi mövzuları müzakirə etməsi qurumun nə qədər lazımsız, ehtiyac duyulmayan olmasını iddia etməyə əsas verir; üstəgəl, klublar 2-3-4-cü dərəcəli rəsmiləriylə qatılırsa iclaslara.... Məsələn, “İnter”in bazası girovdadı. Klubun gələcək taleyi hələ də tam aydın deyil. Bu istiqamətdə müzakirələr, qərarlar olubmu – nrç! Heç “İnter” haqda kəlimə də kəsilməyib.

Məsələn, Gəncə stadionunun ot örtüyünün dəyişdirilməsiylə əlaqədar növbəti mövsüm birinci dövrədə “Kəpəz”in ev oyunlarında ehtimal olunan dəyişikliklər barədə nəyisə müzakirə etmək, qərar verməkçün bütün klubların nümayəndələrinin iclasa toplaşmasına nə hacət? Yaxud olsun, 2016/17 mövsümünün yekunlarının müzakirəsi və s. Bu məsələlərin əhəmiyyət dərəcəsi nə boydadır ki, KK kimi bir qurum olsun, iclas keçirtsin, pahoo, müzakirələr olsun.

Yenə “Digər məsələlər” punktu bir az gözəgəlimlidi – bəlkə daha vacib məqamlar dartışılır bu istiqamətdə və s. Ancaq nrç! Xeyr! Elə bir şey yoxdur. Digər məsələlər odur ki, əvvəldən açıqlanan punktlar üzrə söhbətlərdən əlavə hansısa məsələ ortaya çıxarsa, müzakirə edilsin. İndiyədək bu istiqamətdə hansısa ciddi qərar çıxdığını görməmişik.

Və ümumiyyətlə, bu qədər xırda məsələlərçün KK yaratmağın gərəkliliyi hardan, niyə çıxmışdı?

Bəs Peşəkar Futbol Liqası (PFL) nəyçündü? İllik yarım milyon manata yaxın büdcəsi olan qurumun funksionallığını artımaq tələb/təklif olunmalıdır, ancaq əlahəzrətlər KK yaradıblar. 

PFL məhz ölkə çempionatı, I Divizion, kubok yarışının  təşkilinə cavabdehdisə, deməli, dolayısıyla bütün klublarla işin əsas aparıcı mərkəzidir. Belədə buna alternativ görüntülü KK-nın yaradılmasının məntiqi nədir? Heç nə...

2014-cü ilin sonlarında yaradılan KK əvvəlcə iclasları “Hilton”, “Boulevard Hotel” kimi dəbdəbəli məkanlarda keçirirdi. Artıq AFFA-nın inzibati binasına köçürülüb iclasların məkanı. Xub!

Heç bir icraçı funksiyaya malik olmayan, sadəcə müzakirə və qərarlarıyla tövsiyyə xarakterli mahiyyət daşıyan bir qurumun vacibliliyi kimə məntiqli görünür? PFL guya KK-ya isti yanaşacaq - nrç! Guya KK-nın iclasına gələn klublar buna ciddi yanaşır - nrç! Bəs hər suala cavabda nırçıltıyla dolu olan bir qurumu israrla nə saxlamısız, nə həngamədi bu?

Bir daha mənasız sualı təkrarlayaq: KK nə üçün lazımdır?

Elçin Cəlilov


oxunma sayı: 535 | Paylaş: