Bu gün:


FutbolPress.Az | Gözlənilən “uğur”un labüdlüyü (QEYD)

Gözlənilən “uğur”un labüdlüyü (QEYD)


oxunma sayı: 577 Paylaş:

FutbolPressAzərbaycan U-23 yığması Bakıda təşkil edilən İslam Oyunlarında finala yüksəlib. Mayın 21-də keçiriləcək həlledici oyunda millinin rəqibi Oman olacaq.
 
Komandanın yekun mərhələyə qədər gəlməsi bir çoxlarında bunun əməlli-başlı uğur olması fikrini formalaşdırıb. Həqiqətən belədirmi? Suala konkret cavab vermək olar: - Yox!
 
Məsələ burasındadır ki, yarışın ümumi səviyyəsi aşağıdan da aşağıdır – “bir şey ki, Azərbaycan millisi finala qədər irəliləyib”. Digər tərəfdən  rəqiblərin demək olar hamısı İslam Oyunlarına dırnaqarası yanaşıb. Bakıya gətirilən heyətlərdən bunu açıq-aydın görmək olur.
 
Yaxud, Yaşar Vahabzadənin başçılıq etdiyi komanda İslamiadaya çox ciddi yanaşıb. Ümumiyyətlə, İslam Oyunlarını, bəlkə də cəmi 1-2 ölkə ciddi qəbul edib – başda Azərbaycan olmaqla. Bu fikir bütün idman növləri və xüsusilə futbol üçün keçərlidir.
 
Yığmaların əsas heyətlə gəlməmələrini bir sıra səbəblərlə izah etmək olar. Yalnız təcrübə qazanmaq, hazırlıq xarakterli iştirak və s. Bunun bir səbəbi də daxili çempionatlarada U-23-ə daha layiqli oyunçuların hələ də mübarizə aparmasıdır. Çünki Azərbaycandan fərqli olaraq, digər ölkələrdə liqalar hələ başa çatmayıb. İştirakçı komandaların bəziləri heyətə yaşı 23-dən yuxarı olan 3 oyunçunu götürməyə belə ehtiyac duymayıb. Onlar İslamiadaya daha gənc oyunçuları yoxlamaq üçün qeyri-rəsmi bir yarış kimi yanaşıblar. Komandalar yarışda U-21-ə daha çox oxşayan heyətlə mübarizə aparırlar, nəinki U-23-ə.
 
Yaşar Vahabzadənin qarşısında isə, görünür, mütləq uğur qazanmaq məqsədi qoyulub. Əlbəttə, bütün növlərdə Azərbaycan əsas favorit sayılırdı və futbolun bundan geri qalması xoşagəlməz olardı. Üstəlik gələcəkdə manipulyativ çıxışlar üçün zəmin hazırlamaqda bundan yaxşı fürsət, təbii ki, ola bilməzdi: rəqiblər dırnaqarası yanaşır və ya sadəcə zəifdilər, doğma meydanlar, bəzən hakimlərin yerli komandaya “başadüşülən” simpatiyası, meydan sahibini “dartması” və s.
 
Elə təəssürat yaranır ki, finalda da millinin qələbə qazanmasında problem olmamalıdır. Ən azı rəqib heç də qrupda uduzmadığımız Kamerundan güclü deyil. Üstəlik heyət də İslamiadanın ən təcrübəsizidir.
 
Bundan sonra isə futbolun inkişafı ilə bağlı pafoslu çıxışlar...

Bəs futbol?
 
Ortada futbol adına futuristik heç nə yoxdur. Yalnız oyunçuların bəzilərinin fərdi ustalığı ilə qət edilmiş bir yol var. Rəqiblərin heç biri futbol adına təəccübləndirilərək, məğlub edilməyib. Nə yaradıcı hücumlar görürük, nə müdafiə planında uğurlu çıxış var, nə də, nə də... Hansısa oyunlarda isə referinin anlaşılmaz qərarları az qala daxili çempionatı xatırladıb. Vahabzadənin U-23-ü ümumi mənzərə baxımından başında olduğu U-21-dən elə də fərqlənmir.
 
Sonda komandaların hansının yarışa nə cür yanaşdığını bəzi faktlarla təqdim edək:

- Yarımfinalda məğlub etdiyimiz Əlcəzair yığmasında yaşı 23-dən yuxarı olan yalnız bir futbolçu var – Şəmsəddin Rəhmani (26 yaş). 23 futbolçudan 11-i 20 yaş altıdır (orta yaş: 20.08).

- Yarımfinala qədər irəliləyən, millimizin də yer aldığı A rupunun lideri olan Kamerun yığmasında, ümumiyyətlə, yaşı 23-dən yuxarı futbolçu yer almayıb. 6 futbolçu isə U-20-dir (orta yaş: 20.8).

- Mərakeş yığmasının yalnız qapıçısının yaşı 23-dən yuxarı olub. Heyətdə olan oyunçuların əksəriyyəti 21 yaşlılardı. Bu komanda da daha çox U-21-i xatırladır (orta yaş: 21.1)

- Finala qədər irəliləyən Oman millisi isə ən gənc komandadır. Kamerun kimi bu yığmada da 23+ yaşı olan oyunçu yoxdur. 8 futbolçunun yaşı 20-dən aşağıdır. Ən təcrübəli iki futbolçusu 22 yaşlıdır (orta yaş:20)

- Yarışın ən gənc futbolçusu Fələstin yığmasının heyətində yer alıb. Bu komandada da yalnız bir oyunçunun yaşı 23-dən yuxarı olub – yenə qapıçı (orta yaş: 21.5).

- Türklər isə yəqin ki, bu turnirə ən aşağı motivasiya ilə gəliblər. Bu yaşlarda əksər perspektivli türk futbolçuların öz klublarında vacib fiqur olduğu nəzərə alınsa, Bakıya gətirilənlərin 2-3-cü dərəcəli oyunçular olduğuna şübhə qalmır (orta yaş: 20.7).

- Səudiyyə Ərəbistanı Azərbaycan yığmasından sonra ən təcrübəlisi olub. Görünür, bu ölkənin həmin yaşlar üçün komandalarının ümumi səviyyəsi xeyli aşağıdır və bu, yarışda öz təsdiqini tapıb (22.2).

- Azərbaycan yığmasının heyəti isə artıq hər kəsə bəllidir. Gənc oyunçuların inkişafı yox, nəticə üstün tutulub və yarış üçün mümkün qədər ən vacib oyunçulardan ibarət  heyət formalaşdırılıb. Yaşı 20-dən aşağı yalnız bir oyunçu yığmaya götürülüb. Turnirin ən qoca futbolçusu da məhz millimizin heyətindədir – Rəşad Sadiqov. Ruslan Abışov bu baxımdan 2-cidir. Yaşı 23-dən yuxarı olanlarla bağlı kvotadan tam istifadə edilib. Vahabzadə Ağabala Ramazanovu da heyətə cəlb edib (orta yaş: 22.4). Komandanın əksər oyunçuları klublarının əsas heyətlərində yer alanlar və hətta əsas milliyə də namizəd göstərilənlərdir/üzvləridir.

Belə vəziyyətdə/yarışda qazanılacaq hər hansısa nəticəni fövqəladə uğur kimi təqdim etmək müstəsna əbləhlik  olar. Bu, sadəcə gözləniləndir, labüddür. Səviyyəsi belə olan bir turnirdə də finala yüksəlməyəcəkdilərsə/qalib olmayacaqdılarsa...

Faiq Tahirov



oxunma sayı: 577 | Paylaş: