Bu gün:


FutbolPress.Az | TPL 16/17: “3-cü komanda” işinin öhdəsindən gələ bildi? (LAYİHƏ)

TPL 16/17: “3-cü komanda” işinin öhdəsindən gələ bildi? (LAYİHƏ)


oxunma sayı: 455 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində qalib olan “FutbolPress” “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası üzrə "Ölkə futboluna güzgü tutaq" mövzusunda yazıları davam etdirir.
 
 
TPL-in 2016/17 mövsümündə ən çox müzakirələrə səbəb olan sahəsi hakimliklə bağlı oldu. Bəzi komandalar idarəçilikdəki çatışmazlıqları kəskin şəkildə dilə gətirsələr də, bir çoxları reaksiya verməməyi üstün tutdular. Hakim işindən xüsusilə “Qəbələ” narazı qaldı. Bir sıra oyunlardan sonra klub rəsmiləri idarəçiliyə kəskin etirazlarını bildirdilər və baş verənləri səhvdən artıq, qərəz adlandırdılar. Bu, daha çox 2-ci dövrənin “Qarabağ”la matçında nəzərə çarpmışdı. Ağdam klubu isə əksinə, əsas rəqibindən fərqli olaraq, heç vaxt bu məsələni gündəmə gətirmədi. Hətta bir ara – nə qədər tragikomik görünsə də – komandanın futbolçuları açıqlamalarında qayda pozuntusu olsa belə rəqib qapıya penalti təyin edilməsini istəmədiklərini bildirdilər. Hakim idarəçiliyinin səviyyəsi xoşagəlməz mənzərəni məhz bu həddə çatdırmışdı.

 
10 hakim
 
Premyer Liqanın 2016/17 mövsümündə keçirilən 112 oyunda Hakimlər Komitəsi 10 referinin xidmətindən yararlanıb. Onların arasında ən çox təyinat alanlar 17, ən az oyun idarə edən isə 6 matçda ədaləti qorumağa çalışıb.
 
Bu baxımdan zirvədə FIFA referiləri qərarlaşıb. Əliyar Ağayev və Rəhim Həsənov hamıdan çox – 17 dəfə iş başında olublar. İlk “üç-lüy”ü Fariz Yusifov tamamlayıb – 16 görüş. Ən az oyuna təyinat alan isə Elvin Əsgərov olub. O, 6 matçda fit çalıb.
 
Hakimlərin “10-luğ”u
 
1.     Əliyar Ağayev – 17 oyun
2.     Rəhim Həsənov – 17 oyun
3.     Fariz Yusifov – 16 oyun
4.     4. Ömər Paşayev – 11 oyun
5.     Ramil Diniyev – 10 oyun
6.     Rauf Cabbarov – 10 oyun
7.     Orxan Məmmədov – 9 oyun
8.     İnqilab Məmmədov – 9 oyun
9.     Rəvan Həmzəzadə - 7 oyun
10.  Elvin Əsgərov – 6 oyun
 
 

İnqilabın sərtliyi, bağışlayan Cabbarov...
 
Ötən mövsüm baş tutan 112 matçda hakimlər ümumilikdə 467 dəfə əllərini cibə aparmalı olublar. Bunlardan 447-i sarı, 20-i qırmızı vərəqə üçün edilib. Bu, orta hesabla hər oyuna 4.2 vərəqə deməkdir.
 
Referilərin arasında ən sərti İnqilab Məmmədov olub. O, 9 matçda 48 sarı, 2 qırmızı vərəqədən istifadə edib (orta hesabla: 5.3 “sarı”). Bu baxımdan Elvin Əsgərov (4.7) və Fariz Yusifov (4.2) da öndə olublar. Ancaq Əsgərovdan (2) fərqli olaraq Yusifov heç bir matçda qırmızı vərəqədən istifadə etməyib.

via GIPHY


 
Oyunçuları ən az cəzalandıran isə Rauf Cabbarov olub. O, təyinat aldığı 10 oyunda  heç vaxt qırmızı vərəqədən istifadə etməyib və cəmi 34 “sarı” göstərib. Rəvan Həmzəzadənin də göstəricisi buna yaxındır – 7 görüş, 24 sarı vərəqə (3.42). Komandaları ən az cəzalandıran üçüncü hakim Ömər Paşayev olub. Hər oyuna orta hesabla 3.7 sarı vərəqədən istifadə edən referi 3 dəfə də “qırmızı”ya əl atıb.
 
Ən sərt cəza tədbirindən ən çox istifadə edən isə Əliyar Ağayev olub. O, 6 dəfə qırmızı vərəqəyə ehtiyac duyub.
 

Hakim Oyun Sarı Qırmızı
Əliyar Ağayev 17 60 6
Rəhim Həsənov 17 67 4
Fariz Yusifov 16 67 0
Ömər Paşayev 11 41 0
Ramil Diniyev 10 42 3
Rauf Cabbarov 10 34 0
Orxan Məmmədov 9 36 3
İnqilab Məmmədov 9 48 2
Rəvan Həmzəzadə 7 24 0
Elvin Əsgərov 6 28 2
 


Fəsadlı Antalya toplanışı
 
Hakimlərin işi ilə bağlı ümumi statistik göstəricilərə nəzər yetirdik. İndi isə onların idarəçiliyi ilə bağlı müəyyən məqamlara diqqət edək.

Əvvəldən qeyd etmişik: mövsümboyu idarəçiliyi o qədər də yüksək səviyyədə qiymətləndirmək olmaz. Məsələ burasındadır ki, ilk turdan referi və laynsmannların kobud səhvləri əsas müzakirə mövzularından idi. Xüsusilə ikinci dövrənin “Azersun Arena”da keçirilən “Qarabağ” – “Qəbələ” (2:0) matçında Rəhim Həsənovun qərarları az qala oyundan bir həftə sonra da müzakirə edildi.
 
Ancaq daha ciddi problemlər mövsümün ikinci yarısında müşahidə edildi. Qış fasiləsi zamanı Türkiyənin Antalya bölgəsində keçilən hazırlıq sanki hakimlərin lehinə yox, əleyhinə oldu. III dövrənin ilk turlarının az qala hər oyununda ciddi nöqsanlar qeydə alınırdı.
 
Hətta 16-cı turun birdən-birə 3 oyununda kobud hakim səhvləri baş verdi: Zirə” – “Kəpəz” (1:0) matçında meydan sahiblərinin təmiz qolu qeydə alınmadı (baş hakim: Elvin Əsgərov), AZAL- “Qarabağ” (1:2) görüşündə “təyyarəçiləri”in futbolçusu Sadio Tounkara heç nədən meydandan qovuldu (baş hakim: Orxan Məmmədov), “Qəbələ” – “Neftçi” (1:0) qarşılaşmasında “qırmızı-qaralar” ofsayddan qol vurdular, paytaxt klubunun oyunçusu Ruslan Abışovun aşkar qayda pozuntusu bağışlandı (baş hakim: Fariz Yusifov).


 
Bu qəbildən olan ciddi səhvlərin sayı həddən artıq idi və elə bir situasiya yaranmışdı ki, keçirilən görüşlərdən sonra meydanda komandaların göstərdiyi oyun yox, hakimlərin çıxardığı “oyun”lar müzakirə edilirdi: Növbəti turlar üçün ölkə xaricindən referilərin dəvət edilməsi təklif olunurdu, nəhayət, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov artıq ünvanlanan sualları cavablandırmağın müşküllüyünü başa düşüb, hakimləri medianın önünə çıxarmışdı və s.
 
Hakimlikdəki böhran o qədər dərin səviyyədə idi ki, 19-cu turun “Qəbələ” ilə “Qarabağ” (2:0) arasında keçirilən və mövsümün oyunu kimi xarakterizə edilən matçına kimin təyin ediləcəyi ən çox müzakirə edilənlərdən olmuşdu. İnsafən qeyd edək ki, həmin matça göndərilən Fariz Yusifov və briqadası işinin öhdəsindən lazımınca gəlməyi bacarmışdı. Ancaq ümumən qış fasiləsindən sonra ilk 4-5 tur ərzində hakimlərin idarəçiliyi sadəcə fiasko idi və hər tur azı 1 görüşdə əsas qəhrəmanlar “3-cü komanda”nın üzvləri olurdu.

 
Gəncədə baş verənlər və ya hakimlər mövsümə necə damğa vurdu?
 
Diqqət mərkəzində hakimlərin daha çox olduğu fevral ayının son günündə - 28-də  keçirilən “Kəpəz” – “Qəbələ” (1:1) oyunu bu baxımdan mövsümə öz damğasını vurdu.
 
Hər şey ondan başladı ki, ev sahiblərinin qolu zamanı qonaq komandanın futbolçuları oyundankənar vəziyyət olduğuna etiraz etdilər. Ancaq matçın baş hakimi Əliyar Ağayev və laynsman Rza Məmmədov qətiyyətlə ofsayd olmadığını deyərək qolu hesaba aldılar. Bundan az sonra, əsəblər sakitləşməmiş başqa bir mübahisəli epizod ortaya çıxdı. Meydanın mərkəzinə yaxın yerdə Nicat Qurbanovla Nika Kvekveskirinin qarşıdurmasından sonra referi hər iki futbolçuya “qırmızı” göstərdi.


 
(Əliyar Ağayevin Nikaya göstərilən qırmızı vərəqədə səhvə yol verdiyi dəqiqdir. Hansı ki, sonradan AFFA İntizam Komitəsi gürcüstanlı futbolçunun cəzasını ləğv etdi)
 
Ancaq həmin matçda baş verənlərin əsas hissəsi fasilə zamanı olmuşdu. İddialara görə, “Qəbələ” rəsmiləri görüşün baş hakimi Əliyar Ağayev və dördüncü hakim Orxan Məmmədova fiziki təsir göstərmişdilər. Təbii ki, klub rəsmiləri səsləndirilən fikirləri inkar edirdilər, hakimlər isə oyundan sonrakı açıqlamalarında gah nala, gah da mıxa vurdular.
 
Nəticədə  2 gün sonra keçirilən AFFA İK-nın iclasında çıxarılan qərarlara əsasən, “Qəbələ”nin baş meneceri Zaur Əzizov və meneceri Səbuhi Səfiyarlıya 5, Media və Marketinq meneceri Səməd Nəsibov 10, İdman Klubunun döyüş növləri üzrə koordinatoru Səbuhi Qarayevə 20 və həkimi Namiq Hüseynova 5 oyun cəza verildi, əlavə olaraq 36000 manat cərimə tətbiq edildi.
 
Beləliklə, ölkə futbolunda mövsümün ən çox müzakirə edilən növbəti hadisəsi də məhz hakimlərin baş rol oynaması ilə ərsəyə gəlmişdi.
 
 
Fariz Yusifovun rekordu


 
Yəqin ki, səhvlərlə bağlı qeyd olunan faktlar da ümumi mənzərəni canlandırmağa kifayət etdi. Keçən mövsüm hakimlikdə müəyyən pozitiv aktla da yadda qaldı.
 
Sabiq FIFA referisi Fariz Yusifov Azərbaycan futbol tarixində yeni rekorda imza atdı. Bu göstərici Premyer Liqa ilə yox, Azərbaycan kuboku ilə əlaqəli oldu. Yusifov ölkə kubokunun finalını 4-cü dəfə idarə edən ilk ədalət təmsilçisi kimi tarixə düşdü.
 
Buna qədər o, Xaqani Məmmədov, Vüsal Əliyev və Əliyar Ağayevlə şərikli rekorda sahib idi. Ancaq artıq Yusifov bu “üçlüy”ü geridə qoyub. Adıçəkilən referilərdən yalnız Əliyar Ağayevin növbəti illərdə bu rekorda şərik olmaq/yeniləmək imkanı var.

Əlavə edək ki, 1992-ci ildən keçirilən kubokun finallarında adıçəkilən referilərdən başqa yalnız Tahir Süleymanov da 1-dən artıq – 2 finalda baş hakim olub.
 
***     ***     ***
 
Ümumilikdə mövsümü yalnız futbol tariximizə düşən Fariz Yusifov üçün uğurlu saymaq olar. Düzdü, bəzi matçlarda onun da idarəçiliyi ciddi müzakirələrə gətirib çıxardı, səhvlərə yol verdi və s. Hətta kuluarlarda “Zirə” – “Neftçi” (2:2) matçında ikincilərin “ona çıxdığı” söhbətləri də oldu. Yusifovun separat danışıqlardan uzaq  durduğu deyilirdi.  Pozitiv məqamları daha çox olan təcrübəli referinin  önəmli matçlarda, xüsusilə “Qəbələ” və “Qarabağ” arasında keçirilən oyunlardakı idarəçiliyi ilə xoş sözləri haqq edirdi.
 
Hətta Hakimlər Komitəsi sanki bu komandaların oyunlarına təyinat verəcək başqa referi tapa bilmirdi. Onların son 3 matçına, xüsusən kubok oyununa Fariz Yusifovu təyin etməklə, bir növ belə oyunlar üçün başqa hazır hakimin olmadığını etiraf etmiş oldu. Bir məsələ də var ki, Yusifovun artıq hakimlik karyerasını başa vuracağı deyilir.

Bu, baş verəcəyi təqdirdə növbəti mövsüm önəmli oyunlara kimlər təyinat alacaq? HK yəqin ki, bu barədə düşünür.

Düşünməsi, həllinə nail olunması vacib olan detallardan biri də hakimlərin yay-qış xaricdəki toplanışlarının faydalılığını hesablamaq/detallı arqumentlərlə ortaya çıxarmaqdır. Yoxsa kifayət qədər xərc qarşılığında səhvlərin azalmasındansa, artması, yeni nəsil FIFA referilərinin meydanda qətiyyətsizliyi, psixoloji kövrəkliyi  pis tendensiya kimi davam etməkdədi.

Faiq Tahirov


Məqalə AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb



oxunma sayı: 455 | Paylaş: