Bu gün:


FutbolPress.Az | Uçurumun kandarında (LAYİHӘ)

Uçurumun kandarında (LAYİHӘ)


oxunma sayı: 524 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “FutbolPress” “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası üzrə "Ölkə futboluna güzgü tutaq" mövzusunda qalib elan edildi. Layihə ilə bağlı növbəti yazıda ölkə futbolunda maliyyə problemi, klubların dağılmasının səbəbləri/modelləri və mövcud vəziyyətdən çıxış yollarına nəzər yetirəcəyik.


Azərbaycan futbolu idman növləri arasında ölkədən “pul  axınına” səbəb olmuş ən aktiv istiqamət olub. 2005/15-ci illəri əhatə edən futbolun inkişafına dair dövlət proqramının mahiyəti pula, gəlir gətirməyən maddi dayağa söykənirdi. Həmin pul da əksəriyyətiylə ya neft gəlirlərindən gedirdi, ya da Mübariz Mənsimov kimi dövlət büdcəsindən birbaşa, yaxud dolayısıyla asılı olmayan iş adamlarının qarşılıqsız  yatırımlarından ibarət idi.

Ölkə futbolunun digər sahələrdə olduğu kimi – neft gəlirlərindən asılı salınması, bir növ bu sahənin də monopoliyalaşdırılması pis gələcək vəd edirdi. Ki, biz indi həmin gələcəyin əvvəllərini yaşayırıq...

Vaxtilə  İlham Rəhimov kimi adlar var idi ki, tutalım, onun qismində, “Turan Tovuz”a/digər klublara  (Oxu: “Turan”) sponsorluq eləmək istəyirdilər. Onların əsas şərti bunun qarşılığında ölkədə biznes  qurmaqçün imkan yaradılması idi. Ancaq heç birinə müsbət cavab verilməmişdi. Bu, Azərbaycan futbolunu monopoliyada saxlamaq demək deyildi, ümumilikdə ölkə istiadiyyatının idarəedilməsi formatı/mahiyəti bundan ibarət idi.


***     ***     ***

İqtisadi, maliyyə prosesləri tamamilə neftdən asılı olan Azərbaycanın bütün sahələrində olduğu kimi  futbolda da eniş başladı.  Dünya bazarında neft ucuzlaşdı, ölkənin gəlirləri azaldığı üçün beyin deyil, pulun gücünə idarə olunan sahələrdə iflic durumu yarandı. Prosesin davam olaraq tədricən klublar da dağılmağa başladı. Bu dağılmalara dörd fərqli istiqamətdən baxaq:

“Karvan” modeli – Klubu himayə edən iş adamlarının ölkədaxili biznesində axsamalar obyektiv və subyektiv səbəblərdən yaranmışdı/yaradılmışdı və himayəçilər gəlir gətirməyən xərclərin ən böyüyünü ləğv etdilər.  Bu dağılma adlanır azad biznes mühitinin olmaması...

“MKT Araz” – Klubun sponsorluğu İmişli Şəkər Zavodu, dolayısıyla “Azersun” Holdinqə söykənirdi. Ordakı pul yeyintilərinin faciəvi həddə çatması, bütün məlumatların mediada aşkara çıxarılması ona gətirdi ki, bu adda klub bir anın içində yoxa çıxdı.  Dağılmanın belə modelini ölkədəki sahəvi nəzarət sisteminin, qanunların işlək olmadığının təzahürü kimi görmək olar.

“Bakı” modeli  -  Yaxşı maddi-texniki baza, akademiya quran klub birdən tənəzzülə yuvarlanmağa və qısa zamanda dağılmağa başladı. Görəsən buna səbəb nə idi? – klubun akademiyasından futbolçu ixracının zəifləməsi? Yayım gəlirlərinin azalması? Bilet satışının zəifləməsi? Yox! Bu predmetlər peşəkar kluba aiddir. Dəfələrlə bildirmişik axı, Azərbaycanda heç bir klub peşəkar idarə olunmur, gəlir gətirmir, tamamilə bir əldən gələcək pula bağlıdır.

Klub prezidenti Hafiz Məmmədovun əsasən neft sektorundan olan gəlirləri əldən çıxmışdı deyə, qurulan infrastrukturun taleyi nəzərə alınmadan klubun buraxılması qərara alındı. Bu dağılma da futbolda himayəçiliyin bu sahəni inkişaf etdirmək qabiliyyətində olanlara yox, oliqarxlara həvalə edilməsinin kökündən yanlış olduğunu göstərdi.

“Xəzər Lənkəran” modeli – Bu klubun stadionu, bazası ölkədə ən yaxşılardandı. Akademiyası da pis-yaxşı fəaliyyətini davam etdirirdi. Yarandığı qısa müddətdə populyarlıq qazandı və ölkə çempionu, kubok sahibi oldu. Ancaq burda da ənənəvi tendensiya öz işini gördü. Biznesi ölkə xaricində olan himayəçi Mübariz Mənsimovun dediyi kimi, 20 milyon illik büdcə ayırsa da, klubun idarəçiliyi bərbad idi. Burda olan yeyintilərin, maxinasiya prosesinin ucu-bucağı görünmürdü. Bu dağılma da naşı şəxslərin klub idarəçiliyində vacib qərarların verilməsinin yanlışlığını büruzə verdi.


Gördüyümüz kimi, hər “dağılma modeli” fərqli olsa da, nəhayətdə gəlib bir əsas məqamda birləşir – Azərbaycanın əsas sərvəti – neft pullarının məhv olması/edilməsi.

Bu illər ərzində ölkə futbolu gəlir gətirməyən – sosial layihə şəklində fəaliyyətdəydi və bu sahəyə axan pulların 90-95 faizi dolayısıyla ölkədə istisadi sistem yaradılmasına sərf olunmalıykən əcnəbi oyunçulara, məşqçilərə və digər mənasız xərclərə dağıdıldı.

Ölkə futboluna pul axınının başladığı 2004-2005-ci illərdən bu yana, təxmini hesablama aparsaq, məlum olar ki, 4-5 milyard manat həndəvərində bir məbləğ ölkədən kənara axıb. Əvəzində isə heç bir gəlir götürülməyib. Yalnız “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsinə adlaması kimi nəticələri çıxmaqla – o da ölkədən çıxan vəsaitin müqabilində çox cüzi fayda sayılmalıdı.


Çıxış nədədir? 

Bəla ondandır ki, proses davam edir – daha sürətli və daha dağıdıcı. Son de-fakto dağılan klub AZAL oldu. Əvəzində I Divizionda çempion olmuş “Turan Tovuz” Premyer Liqaya yüksələ bilmədi və bu tendensiya neçənci ildir ki, davam edir. Divizionun qalibi yox, maddi imkanı az-çox olan digər biri elitaya yüksəldilir. Məsələn, “Səbail” qismində.

Adıçəkilən klub da daxil olmaqla, Premyer Liqada 8 iştirakçının 6-ı SOCAR-dan maliyyələşir. “Qəbələ” və “Qarabağ” isə müvafiq olaraq Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və “Azərsun Holdinq”in prezidenti Abdolbari Gozalın himayəsindən asılıdır. Ağdam təmsilçisinin indiyədək ölkədə dağılmayan iki klubdan biri (digəri isə “Neftçi” – red.) olması və bunun birbaşa/dolayı səbəblərini təxmin etsək, risk amili az rol oynayır, ancaq “Qəbələ”nin də maliyyə imkanlarında azalmanın olduğu bəllidir. Klub prezidenti Tale Heydərovun son açıqlamasından da məlum oldu ki, bundan sonra bölgə klubunun büdcəsinın azalacağı ehtimalı daha çoxdu, nəinki artması və ya yerində qalması.

Deməli, biz Azərbaycan futbolunun ciddi böhran içində oluğunu  görürük, bilirik: prosesin davamı hara apara bilər, klublar maddi cəhətdən zəiflədikcə hansı vəziyyət yarana bilər. İqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, işıqlı gələcək gözlənilmir: 

“İqtisadiyyatda gəlirin stimullaşdırılması nə qədər vacib amildirsə, bununçün azad mühitin formalaşdırılması da bir o qədər vacibdir. Sual budur ki, ölkədə futbol klublarının saxlanması çətinləşib və bunun səbəblərini də artıq hər kəs bilir. Bəs çıxış yolu nədədir? Az əvvəl qeyd etdiyimiz stimullaşdırma və azad mühit meyarı burda aktuallığını göstərir. Biz hansısa biznesmenə hansısa kluba sponsorluq eləməyi təklif etsək, bunun əvəzində ona mütləq münbit mühit yaratmalıyıq. Biznesin inkişafı üçün futbola pul qoyuluşu iş adamına lazımlı olmalıdır. Belədə iki yol var: ya ölkdə futbolun gəlirli sahəyə çevrilməsiyçün külli işlər görmək və nəticələrini illərlə gözləmək. Bu da hazırkı durumda mümkün görünmür, çünki bununçün də kifayət qədər maddi sərfiyyat lazımdır. Digər əsas istiqamət isə dövlətin bu problemin aradan qaldırılmasına müdaxiləsidir. Bu da iş adamlarına klub sponsoru olacağı təqdirdə vergi və s. güzəştlərin edilməsi kimi imkanların tanınmasıdır. Əks halda Azərbaycanda nəinki futbol klubları, digər idman növlərindəki təsisatlar da ya dağılacaq, ya da zəifləyəcək”.

Vüqar bəy məsələnin iqtisadi cəhətdən müdaxilələr edilərək həll edilməsi yollarını təklif etdi. Bir də məsələnin ənənəvi yollarla həlli yönləri var.

- Yerli İcra Hakimiyyətlərinə klubların maliyyələşdirilməsi üçün tapşırıq
- Ölkə futbolunda orta maddi ehtiyacın aşağı endirilməsi


Birinci variantda, xüsusən, futbol ənənəsi olan rayonların icra hakimlərinə klubun saxlanması üçün proqramın tətbiq edilməsi tapşırılmalıdır. Rayonlarda abadlıq işləriyçün ayrılan xərclərin əhəmiyyətli hissəsini bu istiqamətə yönəltmək mümkündür. Həmçinin klubların az da olsa, gəlir gətirən orqana çevrilməsinin təmin edilməsi vacib şərt kimi qoyulmalıdır. Belədə bu sahəni naşılardan qorumaq mümkün olar.

İkinci variantda isə təklif ondan ibarətdir ki, məsələn, illik 250 min büdcə formalaşdıra bilən, tutalım, “Turan Tovuz”  Premyer Liqaya buraxılsın. SOCAR maliyyəsindən asılı komandaların da büdcəsi azaldılsın. Bununla da, bərabər imkana malik klubların sayı çempionatın yarısından çoxunu təşkil edəcək ki, yaranacaq vəziyyət arzulanmaz güc/imkan disbalansının aradan qalxmasına səbəb olacaq. Yalnız “Qarabağ”, “Qəbələ” və “Neftçi”ni çıxmaqla digərləri imkanları baxımdan təxminən bir-birinə yaxın olacaq. Bu klublar arasında imkanlı klublara oyunçu satmaqçün rəqabət yaranar. Tədricən neft pullarından asılılıq da tamamən itər və illər keçdikcə təbii ələnmə prosesi nəticəsində ölkə futbolu bu sahədən gəlir götürməkçün özündə güc-güvən hiss edənlərin ixtiyarına keçəcək. 

 
Dövlətin müdaxiləsi bütün hallarda qaçılmazdır


İstənilən halda, bütün variantlarda dövlətin prosesə müdaxiləsi vacibdir. Çünki gəlirsiz sahədə gəlir götürmək məqsədiylə atılacaq rüşeymlərin stimullaşdırılması üçün əvvəlcə qarşılıqsız maddi dəstək lazımdır. Buna uyğun modeli isə Gürcüstan tətbiq edir. Hökumət hovuz sistemiylə bölüşüdürüləcək müəyyən məbləğ ayırıb və klubların öz layihələrini rallaşdırması üçün bölüşdürülür. Müəyyən müddətdən sonra isə layihələrin icrasının səviyyəsinə uyğun  bölüşdürmə gedəcək və təxminlərə görə çox da uzaq olmayan gələcəkdə Gürcüstanda yenidən xaricə futbolçu satışıyla büdcəsini formalaşdıracaq bir neçə klub formalaşacaq. 10-15 il əvvəl olduğu kimi...

Azərbaycanda 10-15 il əvvələdək futbol maddi problemlər içində çabalayırdı, ondan sonra – bu günə qədər isə maddi imkanların məhv edilməsi  poliqonuna çevrilmişdi. Nəhayət, ciddi islahatlar qaçılmazdır. Əksi qarşısıalınmaz pis proseslərə sürükləyə bilər.

Elçin Cəlilov

Məqalə AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb



oxunma sayı: 524 | Paylaş:



hələlik şərh yazılmayıb...

0 şərh

Şərh yazın